Ermənistan-Azərbaycan sərhədində 20 dirək quraşdırılıb
Ölçü:


Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir.

Koordinat.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatında bildirilib.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.
 

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

26.04.2024 13:48:00
Oxuma sayı: 5252