Qarabağda kəndlərin elektrik enerjisi ilə təmin olunmasına başlanır
Ölçü:

“Azərişıq” ASC işğaldan azad edilmiş Qarabağ iqtisadi zonasında dağıdılmış kəndlərin elektrik enerjisi ilə təmin olunmasına dair açıq tender elan edir.

Koordinat.az
xəbər verir ki, elanda Füzuli rayonu Pirəhmədli (Mandıllı və Musabəyli kəndləri ilə birlikdə) və Dədəli (İşıqlı kəndi ilə birlikdə) kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri nəzərdə tutulub. Müsabiqədə iştirak haqqı 1000 manat təşkil edir.

İşğaldan azad edilmiş Qarabağın kəndlərin elektrik enerjisi ilə təmin olunması üzrə layihələrdə iştirak etmək istəyən sahibkarlar layihə təkliflərini və müvafiq sənədlərini sənədlərini mayın 23-dək Bakı şəhəri, Bakıxanov küçəsi-13 ünvanında yerləşən tender komissiyasına təqdim etməlidir.

Xatırladaq ki, işğaldan əvvəl Qarabağ regionunda 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olub. Həmin ərazilərdə uzunluğu 81 km olan 330 kV-luq, 690 km olan 110 kV-luq və 615 km olan 35 kV-luq 3 yüksək gərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 km olan 10 kV-luq və 8865 km olan 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245.7 MVA olan 2435 ədəd transformator qurulmuşdu. 

Eyni zamanda, 2000 kilometrlik qaz xətləri və 34 qazpaylayıcı qurğu istismara verilmişdi. Torpaqlarımız işğaldan azad edildikdən sonra dağıdılmış və talan edilmiş infrastrukturların bərpası ilə bağlı irimiqyaslı layihələrin icrası sürətlə davam edir.
19.04.2024 14:41:00
Oxuma sayı: 999