Xocalının müsibəti, Kəlbəcərin harayı
Ölçü:


Elxan SALAHOV


Şəhid olmuş anasının döşünü əmən 2 yaşlı körpə...

Bu, nağıl deyil, gerçəklikdir! Xocalıda yaşanan gerçək!

İndi 34 yaşına çatmış həmin o körpə soyqırımının 32-ci ildönümünün qəhrəmanı oldu, hamı ondan danışdı, bütün televiziya kanalları onu çəkdi, mətbuat ondan yazdı, şəkilləri sosial şəbəkələrin brendi oldu. Hər yerdə ondan danışdılar...

Otuz iki il əvvəl Xocalıda baş verən bu tükürpədici hadisə sanki indicə baş veribmiş kimi hər kəsi yandırıb-yaxdı...

Aradan cəmi iki gün keçib, hamı sakitləşib...

Bəlkə də təbii haldır. Təqvim dəyişir,  dünən olmuşlar bu gün uzaq keçmiş kimi görünür. Fikirlər, düşüncələr, qayğılar, arzu və istəklər fərqli istiqamətlərə yönəlir...

İki gündü fikrim-xəyalım Kübrada qalıb. Düşmən gülləsindən həyatını itirən ananın qoynuna sığınmış halda öldüyü zənn edilsə də, son anda xilas edilən, həyata qaytarılan Kübranı deyirəm.

Həyata qayıtdımı? Həyat yaşadımımı? Yaşadıqlarına həyat demək olarmı?

Kədərli baxışları, dəhşətli əzabların dərin iz saldığı siması gözümün önündən getmir, hıçqırıqları qulaqlarımda cingildəyir...

Danışa bilmədi. İki yaşında gördüklərindən nə anlamışdı ki, nə də danışsın?!
Xatırlamağa çalışdıqca gözləri dolur, dodaqları əsir, 32 illik ağrısını içində gəzdirdiyi səsinin titrəyişindən sezilirdi...

Xocalıda qətliam baş verən günün səhəri, çölün düzündə donmuş anasının döşünü əmən körəni xilas etmiş orta yaşlı kişinin kimliyi üzə çıxdı. Qarqar çayının sahilində, xocalıların qətlə yetirildiyi çöllükdə dizlərini yerə qoyaraq qollarını yana açıb çarəsiz vəziyyətdə ağlayan hərbçini şəklini görməyən çox az adam olar. Həmin şəkildəki hərbçinin kimliyi də 32 il sonra geniş ictimaiyyətə bəlli oldu. İndi təqaüd yaşına çıxmış keçmiş hərbçi Əsəd Fərəcov meyitləri təxliyə edərkən yaralı halda donmuş anasının qucağına sığınaraq ölmüş kimi bildiyi körpəni necə xilas etdiyini danışdı. Heç demə, Ağdam məscidində körpənin meyitini yuyarkən ayılıbmış...

Əsəd müəllimin özü də iki yaşlı Kübranın gerçək taleyindən xəbərsizmiş. Amma körpənin Ağdam məscidində ayıldığını bilirdi, məscidin axundu bu xəbəri ona verəndə sevinmişdi də. Sadəcə olaraq vertolyota qoyub gətirdiyi körpənin ayılandan sonra hara aparıldığından, kimə təhvil verildiyindən xəbərsiz imiş...

Onun Ağdam məcsidinə qədər gördüklərini, şahidi olduqlarını indiyə qədər mətbuata danışmaması, iki yaşlı körpənin sonrakı taleyinin öyrənilməməsi...

Təəccüblüdür! Xocalıların qətlə yetirildiyi çöllükdə dizlərini yerə qoyaraq qollarını yana açıb çarəsiz vəziyyətdə ağlayan hərbçini şəkli hər il Xocalı qətliamının ildönümü ərəfəsində mətbuatın, sosial şəbəkələrin gündəmi olduğu halda onun kimliyi, indi yaşayıb-yaşamadığı, sağdırsa nələr danışa biləcəyi niyə mətbuatın diqqətindən yayınıb?

Biganəlikmi? Unutqanlılıqmı?

Bunun cavabını mən də dəqiq bilmirəm.  Amma dəqiq bilirəm ki, keçmiş hərbçi Əsəd Fərəcovun Xocalıda gördükləri və Kübra xanımın hamımızı yandırıb-yaxan həyat hekayəti yeganə deyil! Ermənilərin Qarabağda və ətraf bölgələrdə törətdiyi vəhşiliklər içərisində buna oxşar və bundan betər “nümunələr” az deyil!

Oxşar hadisə Kəlbəcərin işğal günlərində də yaşanmışdı. Murovun dolaylarında yorulub əldən düşmüş gənc ana yolun kənarında oturub dincini alarkən əynindəki üst geyimini çıxarıb soyuqdan əsən körpəsinə bürümüş, özü isə donub ölmüşdü. Yoldan keçənlər onun körpəsini əmizdirmək üçün oturduğunu zənn edib yaxınlaşmamışdılar. Bir, beş, on beş, iyirmi beş...

Ardı-arası kəsilməyən insan seli kənardan körpəsini əmizdirən anaya boylana-boylana keçib gedirdilər. Saatlar yox, bəlkə də bir sutkadan sonra yoldan keçənlər qarın-buzun içində oturmuş ananın qucağında ağlayan körpənin çığırtısına ayaq saxlamış, diqqətlə baxdıqdıqda qadının hərəkətsiz olduğunu görmüş, yaxınlaşarkən dəhşətli mənzərə ilə qarşılaşmışdılar: bayaqdan buz heykələ dönmüş ananın qucağında ağlayan körpə başını qadının sinəsindən ayırıb onlara baxır. Uşağı ananın qucağından götürüb isti odeyala büksələr də, onu sakitləşdirmək mümkün deyildi. Soyuqdan donmuş ana isə həyatını çoxdan itirmişdi...


Kəlbəcərdən Murovun Toğanalı üzdəki aşırımına, Tusrşus bulağının üstünə gəlib çatana qədər doğmalarından ayrı düşməyən bircə ailə tapmaq mümkün deyildi. Hə kəs yolda qarşılaşdığı tanışlardan mütləq kimisə soraqlayırdı – atasını, anasını, qardaşını, bacısını, gəlinini, qızını, oğlunu, əmisini, dayısını...

Həmin gün nə oturduğu yerdə buz heykələ dönmüş gəlini, nə də onun zar-zar ağlayan körpəsini tanıyan olmamışdı. Heç hansı kənddən olduğunu da bilən yox idi...

O uşağı gətirib Gəncədə hansısa xəstəxanaya təhvil vermişdilər, amma həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmamışdı...

Murovda buz heykələ dönmüş ananın isə nə şəxsiyyəti bilindi, nə də təxliyə edilib-edilmədiyini görən oldu. Xocalının müsibəti Kəlbəcərdə yaşanmışdı, bir az fərqli, həm də daha qəddar formada...

Xocalıdan fərqli olaraq Kəlbəcərin harayına çatan olmamışdı...


28.02.2024 14:56:00
Oxuma sayı: 1671