Qüdrət Həsənquliyev: "Hökumətin ciddi islahatlara gedəcəyini gözləmirəm"
Ölçü:


"Konstitusiyaya görə, Nazirlər Kabineti istefa verməlidir, bundan sonra hökumət yenidən formalaşdırılmalıdır. Sözün açığı, ciddi dəyişikliyin olacağını gözləmirəm. Bir-iki dəyişiklik ola bilər, amma hökumət üzvlərinin mütləq əksəriyyətinin yenidən təsdiqlənəcəyi düşüncəsindəyəm".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi sədrinin müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev "Teleqraf.com"a müsahibəsində deyib. O, bildirib ki, Azərbaycan  xalqı həqiqətən də müəyyən islahatların aparılmasını istəyir: "Xalq çox ümidlidir ki, bu islahatlar aparılacaq. Xalqın gözlədiyi budur ki, dövlət idarəetməsi ona yaxınlaşdırılsın və hesabatlılığı artırılsın, eləcə də zərurət yaranacağı halda onları dəyişmək imkanı olsun. Xalq bu islahatları gözləyir, amma bunu etmək üçün Konstitusiya dəyişməlidir. Konstitusiyanın müvafiq maddəsini dəyişmədən bu islahatları həyata keçirmək mümkün deyil. Konstitusiya dəyişikliyi olmadan ciddi struktur islahatları və ya köklü dəyişiklər gözləmirəm".
 
Deputat onu da bildirib ki, kadrlar dəyişdirilə bilər, amma idarəetmənin fəlsəfəsi dəyişməyənə, hakimiyyət imtiyazlardan imtina etməyənə qədər ciddi bir dəyişiklik olmayacaq: "Bu imtiyazlardan məhrumedilmə də qanunvericlikdə təsbit edilməlidir. Yəni qanunla elə vəziyyət yaratmalıyıq ki, hakimiyyəti həyata keçirən şəxslərin böyük imtiyazları olmasın. Məsələn, indi böyük özəlləşdirməyə gedilmir, məmurlar çalışırlar ki, müəssisələr onların nəzarətində qalsın. Onlar da bu müəssisələr nə öz mülkiyyətləri kimi qoruyub inkişaf etdirirlər, öz mülkiyyətləri olsaydı, fərqli gözlə baxardılar, həm də çalışırlar ki, bu müəssisələrdən faydalansınlar. Üstəgəl, xərclər şişirdilir, müəssisənin hesabında pul qalmır ki, texnologiya yenilənsin, genişlənsin, rəqabətədavamlı məhsullar istehsal olunsun və sair. Bütün bunlar sonda gəlib köklü islahatlara bağlanır. İnsanlar istəyirlər ki, iş yerləri açılsın. İş yerlərini də elə-belə açmaq olmur. Bunun üçün gərək emal müəssisəsi tikəsən, sənayeni inkişaf etdirəsən, fabrik-zavodlar inşa olunsun, bunlara da pul qoyulmalıdır. Əgər bir narahatlıq varsa, heç kim buna pul qoymayacaq ki, sabah tutub pulunu əlindən almasınlar. Ümumiyyətlə, hüquqlar və mülkiyyətin toxunulmazlığına təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Hesab edirəm, bu məqsədlə ölkədə ciddi qanunvericilik qaydasında islahatlar aparmaq olar ki, insanların məhkəmələrə inamı bərpa olunsun, hakimlər ömürlük təyin edilsin".

Qüdrət Həsənquliyev Azərbaycanda bürokratik aparatın həddindən artıq şişdiyi qənaətindədir. Onun sözlərinə görə, bürokratik aparatı minimum, üçdə bir qədər azaltmaq lazımdır. Nazirlər Kabinetinin tərkibini iki dəfəyədək azaltmaq olar. Bir çox nazirliklər, komitələr və xidmətləri birləşdirmək lazımdır: "Həddindən çox publik hüquqi şəxslər yaranıb və onların çoxu özlərini dolandıra bilmir. Onlar yaşamaları üçün gərək vətəndaşlara göstərdikləri xidmətlərə görə pul alalar. Baxmayaraq ki, publik hüquqi şəxslər dövlətin nəzarətindədir, amma onlar da əlavə dəyər yaratmırlar, yəni məhsul istehsal və ya emal eləmirlər, bununla belə publik hüquqi şəxslər göstərdikləri xidmətlərə görə ya vətəndaşlar, ya da büdcədən pul alalar. Yenə də onların yükü xalqın, vergi ödəyicilərinin çiyinlərindədir. Buna görə də, publik hüquqi şəxslərin sayı azaldılmalıdır".

13.02.2024 12:19:00
Oxuma sayı: 273