İran şirkətləri Ermənistanda dəhliz tikintisinə başladı
Ölçü:


İran ətrafında dairə sıxlaşarsa və Tehran seçim qarşısında qalarsa, böyük ehtimalla kiçik maraqlarını, yəni Ermənistanla sərhədləri qurban versə belə, Türkiyə və Azərbaycanla münasibətlərini tənzimləməyə üstünlük verəcək.

Koordinat.az xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib. O, bildirib ki, belə bir hadisə istisna olunmur və bu, baş verə bilər: "Qərb buradakı yollara nəzarət edərsə və ya Ermənistan qərbyönümlü bir ölkəyə çevrilərsə, əlbəttə ki, İran bu ərazilərin Qərbin deyil, Rusiyanın nəzarətində olmasını istəyər. Düşünürəm ki, bir neçə səbəbə görə Ukrayna ssenarisi ilə Ermənistanda baş verənləri müqayisə etməyin mənası yoxdur. Birincisi, bizdə Ukraynanın resursları yoxdur, ikincisi, eyni yolla getməyin məntiqi yoxdur, üçüncüsü, Ukrayna Avropadadır, bizi Türkiyə, Rusiya, İran əhatə edir. Qərbin bizim regiona birbaşa çıxışı yoxdur və əgər varsa, çətin ki, bizə mərc etmək istəsin. Lakin bu, belə olsa, Ermənistan geosiyasi oyunlarda Qərbin yeminə çevriləcək. Biz belə olmasını istəmərik”.

Xatırladaq ki, İran hökuməti Ermənistanla işbirliyini intensivləşdirməklə Şimal-Cənub dəhlizinin Qacaran-Agarak hissəsinin tikintisinə başlanılıb. Bu isə Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb.

Söhbət Ermənistanın İranla sərhədində layihələndirilmiş " Tranş-4" çərçivəsində yolun 32 kilometrlik hissəsinin tikintisindən gedir. Tikinti işlərini İranın iki şirkəti - “Abad Rahan Pars International Group” və “Tunnel Sadd Ariana” həyata keçirəcək. Hazırda layihənin icrası üçün hazırlıq işləri aparılır, tikinti bazası qurulur, Ermənistanla sərhədə avadanlıqlar gətirilir.

Xatırladaq ki, “Şimal-Cənub” Ermənistanla İranın uzun illərdir həyata keçirməyə çalışdığı bir layihədir. Bu yol qismən yeni, qismən də mövcud yolların genişləndirilməsini nəzərdə tutur. Dəhlizin tikintisi reallaşarsa, İrandan Gürcüstan sərhədinə qədər olan məsafə 550 kilometrdən 490 kilometrədək azalacaq. Bu isə  Ermənistan ərazisindən gediş-gəlişi sürətləndirəcək və ölkə üçün yeni tranzit imkanları yaradacaq və İrandan Qara dənizə yüklərin çatdırılmasını asanlaşdıracaq.
08.02.2024 12:05:19
Oxuma sayı: 4043