Dövlətyarlıda “Ağıllı kənd”in qurulmasına başlanır
Ölçü:

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ““Füzuli rayonu, Dövlətyarlı kəndi ərazisində “Ağıllı kənd” layihəsinin 1-ci mərhələsi üzrə qalıq torpaq həcmlərinin şaquli planlaşdırma” işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Koordinat.az xəbər verir ki, tender komissiyasının qərarına əsasən “RF İnşaat” MMC qalib elan olunub. Tenderin şərtlərinə uyğun olaraq həmin şirkətlə 936 min 86 manat məbləğində müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, “RF İnşaat” MMC-yə ayrılan vəsait Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsi icrası çərçivəsində Baş Plan-Şaquli Planlaşdırma işlərini həyata keçirilməsinə, tikinti-quraşdırma işləri zamanı istifadə üçün müvəqqəti binaların və qurğuların inşasına, qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi sərf olunacaq.

Xatırladaq ki, Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməli prezident İlham Əliyevin iştirakı ilə 2021-ci ilin oktyabrında qoyulub. Burada üç, dörd və beşotaqlı olmaqla, ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulur. Həmçinin, məktəb, uşaq bağçası tikiləcək. Bazar istifadəyə veriləcək. Kəndin yerləşmə coğrafiyasına uyğun olaraq bir sıra sahələr üzrə müəssisələr yaradılacaq. 

"Ağıllı kənd" konsepsiyasına uyğun yenidən qurulan Dövlətyarlı kəndində kartofçuluq üzrə müəssisələrin yaradılması planlaşdırılır. Sözügedən müəssisədə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq. Köndələnçay su anbarının əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da kənd sakinlərinin işlə təmin olunmasına kömək edəcək. Kənddə həm də quşçuluq təsərrüfatı yaradılacaq, bu da ki, ilkin mərhələdə 85 daimi iş yerinin açılmasına imkan verəcək.

Dövlətyarlı kəndində xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq, burada 20 daimi işçi çalışacaq. "Ağıllı" turizm həllərinin vasitəsilə kənd turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması da nəzərdə tutulur.

02.02.2024 13:09:00
Oxuma sayı: 2814