Suqovuşanda 190 mənzildən ibarət ilk yaşayış kompleksi tikilir
Ölçü:


Ötən ilin martında təməlqoyma mərasimi keçirilən Suqovuşan qəsəbəsində ilk yaşayış kompleksinin tikintisi davam edir. Ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.

Koordinat.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “X” platformasında paylaşım edib. Qeyd olunur ki, kompleksdə futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları salınacaq. Hazırda tikilinin inşası prosesi davam etməkdədir.

Emin Hüseynov Ağdam Muğam Mərkəzində görülən işlər barədə də məlumat paylaşıb. O, qeyd edib ki, Ağdam Muğam Mərkəzi bir zirzəmi və iki mərtəbədən ibarətdir. Burada sinif otaqları, rəqs təlim otaqları, iclas və böyük konsertlərin təşkili üçün zallar və açıq havada amfiteatrın inşa olunması planlaşdırılıb. Eyni zamanda, yerüstü dayanacağın da inşa olunması planda öz əksini tapıb. 

Ağdam Muğam Mərkəzinin tikinti işlərinin 2024-cü ilin sonunda yekunlaşması nəzərdə tutulub.
01.02.2024 11:37:00
Oxuma sayı: 508