İndiyədək Füzuli şəhərinə 336 şagird köçürülüb
Ölçü:


“Böyük qayıdış” proqramı çərçivəsində Füzuli şəhərinə köçürülmüş keçmiş məcburi köçkünlərdən 336-sı məktəb yaşlı uşaqlardır. Fevralın 1-dən şagirdlərin sayı bir qədər də artacaq. Tədris prosesinə 35 nəfər pedaqoji, 10 nəfər texniki heyət olmaqla 45 işçi cəlb edilib.

Koordinat.az xəbər verir ki, bunu Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib. O, deyib ki, birinci yarımilin son gününə olan məlumata görə, məktəbdə elektron sistemdə qeydiyyatdan keçən 336 şagird təhsil alır. Məktəbəhazırlıq qrupu da nəzərə alınmaqla 12 sinifdə tədris təşkil edilib: "Lakin məktəbimizin artıq 400-dək şagirdi var. Sy.edu.az portalında şagird yerdəyişməsi yanvarın 10-dan ölkə üzrə dayanıb, amma Füzuliyə həmin tarixdən sonra da köç olub və məktəbimizə şagirdlər gəlib, Onların məktəbə rəsmi qeydiyyatı portal açılan kimi həyata keçiriləcək".

Direktor deyib ki, əhalinin doğma yurda qayıdışı ilə əlaqədar məktəbdə şagirdlərin sayı da gündən-günə çoxalır. Bunu əzərə alaraq şagird sıxlığının qarşısını almaq üçün sinif sayları artırılıb: “Fevralın 1-dən ikinci yarım il başlayır. Bu yarımildə 400-ə yaxın şagirdə 1 məktəbəhazırlıq qrupu olmaqla, 20 sinifdə tədris təşkil ediləcək. İkinci yarımildən şagirdlərin sayının artması fənn müəllimlərinə tələbatı artırıb. Məktəbimizə yeni müəllimlər də qəbul olunacaq. “Böyük qayıdış” proqramı çərçivəsində əhalinin rayona köçü davam edir. Odur ki, biz də artan tələbi Füzuliyə qayıdan müəllimlərlə ödəyəcəyik. Onların arasında savadlı, peşəkar müəllimlər çoxdur. Sevinirik ki, məktəbimizin müəllim və şagird kontingenti genişlənir”.

Həcər Mahmudova işğaldan azad olunan Füzuli rayonunun ilk məktəbu kimi fəaliyyətə başlayan bu tədris ocağı Respublika Fənn Olimpiadasında qalib olmağa da iddialıdır. Onun sözlərinə görə,  məktəbin 3 şagirdu olimpiadada iştirak edərək ilk mərhələdə yüksək nəticə göstərib və növbəti mərhələyə vəsiqə qazanıblar: "İnformatika fənni üzrə yarışan şagirdlərimizdən biri Qarabağ regionu üzrə ən yüksək nəticə göstərib. O, nəinki məktəbimizin, bütövlükdə regionun lideridir. Şagirdlərimizin növbəti mərhələdə də uğur qazanmaları üçün müəllimlərimiz onlarla xüsusi məşğul olur”.

Xatırladaq ki, Füzuli Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb işğaldan azad edilmiş bu rayonda fəaliyyətə başlayan yeganə təhsil müəssisəsidir. Ötən il əsası qoyulan daha iki məktəbin - Qoçəhmədli kəndində 264 və Cuvarlıda  312 şagird yerlik məktəbin tikintisi davam edir.
30.01.2024 15:30:00
Oxuma sayı: 3472