"The Best Choice"  Zəngilanda bitki yağları istehsal edəcək
Ölçü:


Azərbaycanda lavanda yağının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkət sayılan "The Best Choice" MMC Zəngilanda öz müəssisəsini yaratmağa hazırlaşır.

Koordinat.az
xəbər verir ki, bu barədə MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədov bildirib. Onun sözlərinə görə, yaxın illərdə Zəngilan mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcək ki, bu da həmin ərazinin turizm əhəmiyyətini artıracaq: “Zəngilanda 10-50 hektar ərazidə lavanda əkini sahəsi salaq və bu sahəyə investisiya yatıraq. İlkin olaraq, 10 hektar ərazidə lavanda əkini sahəsi salmağı planlaşdırırıq. Bununla bağlı layihəmizi artıq müvafiq qurumlara təqdim etmişik”.

Elbrus Əhmədov bildirib ki, bu innovativ layihə Zəngilan şəhərinin hazırkı turizm potensialının daha da artmasına və ümumən regionda lavanda (tibbi və aromatik bitkilər) turizminin yaranmasına öz töhfəsini verəcək. Direktorun sözlərinə görə, gələcəkdə zavodda yalnız lavanda deyil, dağlarda yetişən digər bitkilərin də yağı istehsal olunacaq: “Yağın əldə edilməsi üçün bitkinin toplandığı ərazi ilə istehsal müəssisəsi arasındakı məsafə böyük olmalı deyil, bu halda bitki öz faydasını itirir. Buna görə də istehsal müəssisəsinin elə Zəngilanda qurulması nəzərdə tutulur. Zavod ən azı 2 ildən sonra yaradılacaq. Çünki lavanda əkilən birinci ildə o qədər də məhsul vermir. İkinci ildə 30-40 faiz məhsul verməyə başlayır, 3-cü ildə isə tam məhsuldarlıq olur. Ona görə də zavodun ikinci ildə tikilməsi daha məqsədəuyğun olar”.

Xatırladaq ki, hazırda şirkətin Qəbələdə bir zavodu fəaliyyət göstərir. Bu zavodun gün ərzində 300 kq-dan çox lavandadan yağ hazırlamaq gücü var.

11.01.2024 16:51:00
Oxuma sayı: 3870