“Yaşıl” avtomobil parkının formalaşdırılması əsas prioritetlərdən biri kimi...
Ölçü:

Fuad Mirzəyev,
Milli Aviasiya Akademiyası,
iqtisad üzrə fəlsəfə doktoru, dosent

Dövlət başçısı, cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi günümüzün aktual reallıqlarından irəli gələn təşəbbüs-dür. Belə ki, müasir reallığımızın olduqca kəskin probleminə çevrilmiş ətraf mühitin çirklənməsi və bunun nəticəsi olaraq ekosistemdə baş verən mənfi tendensiyaların aradan qaldırılmasının yeganə yolu dünya ölkələrinin həmrəy və birgə səylərini bu istiqamətə yönəltmələrindən keçir. Bu baxımdan Prezident İlham Əliyevin bu təşəbbüsü ölkəmizin də “yaşıl dünya naminə” qlobal çağırışlara cavab verməsinin bariz sübutudur.

Qeyd etmək lazımdır ki, ətraf mühitin çirklənməsində nəqliyyat sektorunun payı digər təsərrüfat sahələri ilə müqayisədə daha böyükdür. Bunun əsas səbəbi kimi istər ölkə daxili, istərsə də dünya səviyyəsində hələ də benzin və dizel yanacaq növləri ilə hərəkətə gələn, daxili yanma mühərrikinə sahib olan avtomobillərin sayının mütləq çoxluq təşkil etməsidir. Bununla belə son illərdə elektrik və hibrid mühərrikli avtomobillərin istehsalında kəskin artım və avtomobil həvəskarlarının bu növ avtomobillərə olan marağının davamlı artımı problemin həllinə böyük töhfədir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2023-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycana 2 min 425 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik avtomobillərinin idxalında say ifadəsində 6,6 dəfə artım baş vermişdir. Eyni zamanda 2023-cü ilin ilk yeddi ayında ölkəyə 8 400 ədəd hibrid mühərrikli avtomobil idxal olunub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19,2% daha çoxdur. Ümumiyyətlə son 5 ildə ölkəmizə idxal edilən elektrik və hibrid mühərrikli avtomobillərin sayında müşahidə edilən artım dinamikası aşağıdakı diaqramlarda öz əksinin tapmışdır.

Diaqramlardan da göründüyü kimi, ölkəmizdə elektrik və hibrid mühərrikli avtomobillərə maraq ildən ilə artmaqda davam edir. Bununla belə “Yaşıl dünya naminə həmrəylik ili”-ndə bu tendensiyanı daha da sürətləndirmək məqsədilə bir sıra addımların atılması da labüd görünür.

Bu addımlardan ilki elektromobillərdən istifadənin daha geniş yayılması üçün müasir infrastrukturun yaradılmasdır. Bunun üçün ilk növbədə elektrik və hibrid mühərrikli avtomobillərin şarjını təmin etmək üçün iri ticarət mərkəzləri, parklar və ya avtomobil dayanacaqlarının ərazilərində sürətli şarj məntəqələrinin qurulması vacib şərtdir. Qeyd etmək lazımdır ki, hazırda ölkə ərazisində 50-dən çox belə şarj məntəqəsi mövcuddur.  Onların böyük əksəriyyəti Bakı şəhərində yerləşir. Eyni zamanda, bölgələrdən Gəncə, Quba və Kürdəmirdə də elektrik şarj məntəqələri fəaliyyət göstərir. Xüsusi qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş Şuşa, Füzuli, Xocavənd və Hadrut şəhərlərində də elektromobillər üçün enerji məntəqələri quraşdırılmışdır. Lakin bununla belə şarj məntəqələrinin sayı dəfələrlə artan tələbi ödəməyə bilər və bu səbəbdən əlavə yeni, daha müasir və surətli şarj stansiyalarının qurulması prosesi davamlı xarakter daşımalıdır.

Növbəti addım kimi, ölkəmizdə Çinin qabaqcıl avtomobil istehsalçıları ilə müştərək elektromobil istehsalı müəssisələrinin qurulması nəzərdən keçirilə bilər. Bu cür istehsal müəssisələrinin formalaşdırılması bir tərəfdən ölkə sənayenin inkişafına töhfə vermiş olacaq, digər tərəfdən isə daxili istehlakçıya daha əlverişli şərtlərlə elektromobil və hibrid mühərrikli avtomobillər əldə etmək imkanı yaratmış olacaq. Bu sahədə xüsusilə Türkiyə nümunəsini nəzərdən keçirmək mümkündür. Belə ki, yaxın keçmişdə qardaş ölkədə yeni nəsil elektromobil istehsalına start verilmişdir.

Digər vacib məsələ geniş istifadəçi kütləsi arasında aparılacaq təşviqat hesabına elektromobil və hibrid mühərrikli avtomobillərə marağın stimullaşdırılması tədbirlərinin həyata keçirilməsidir. Bu tədbirlər sırasında həmin avtomobillərin alınmasına sərf olunan məbləğin bir hissəsinin dövlət tərəfindən qarşılanması, bu məqsədlə daha əlverişli və güzəştli kredit və lizinq şərtlərinin təqdim edilməsi, ödənişsiz və ya qismən ödənişli parklanma xidmətinin təqdim edilməsi, şarj məntəqələrində elektrik enerjisinin qiymətinə güzəştli tariflərin tətbiq edilməsi, sığorta xərclərində güzəştlərin tətbiqi, bu növ avtomobillərin istifadəsinin verdiyi üstünlüklərin kütləvi informasiya vasitələrilə daha intensiv və ətraflı təbliğ edilməsi kimi tədbirləri qeyd etmək olar.

Qeyd etmək yerinə düşər ki, gələcəkdə ölkəmizin ictimai nəqliyyat sektorunda, xüsusilə şəhərdaxili avtobuslarla sərnişin daşınması sahəsində də elektrik mühərrikli avtobusların tətbiqi olduqca aktual məsələdir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmi saytında verilən məlumata əsasən 2023-cü ilin sentyabr ayından Bakı şəhərində marşrut xəttinə Çinin “BYD” şirkəti tərəfindən istehsal edilmiş ilk elektrik mühərrikli avtobus buraxılmışdır.
Əlavə olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış və artıq icrası başlanılan Bakı şəhərinin “mobillik” proqramı çərçivəsində paytaxta sınaq məqsədilə daha bir neçə istehsalçının istismarda olmuş elektrik mühərrikli avtobusu gətirilərək şəhərdaxili marşrut xətlərində istifadəyə verilmişdir.

Bu sahədə ardıcıl həyata keçirilən tədbirlərin məqsədi elektrik mühərrikli avtobusların məhz bir müddət istismar olunduqdan sonra onların necə çalışacağını və mövcud şəraitə necə uyğunlaşacağını müəyyənləşdirməkdir.

Son illərdə istər dünya, istərsə də ölkə səviyyəsində elektrik və hibrid mühərrikli avtomobillərə marağın artması, eyni zamanda yuxarıda adları çəkilən mərkəzi icra hakimiyyəti strukturlarının strategiya və hədəfləri bir daha onu göstərir ki, bu növ avtomobillərin ölkəmizdə istismarı gələcəkdə də aktual olacaqdır.

Bu günlərdə təsdiq edilən “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nda da elektrik nəqliyyatına geniş yer verilməsi yuxarıda qeyd olunanları bir daha təsdiq edir. Belə bir dövrdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elən edilməsi müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “nəyi, nə zaman və necə etməyin” dəqiqliklə dəyərləndirildiyinin bariz nümunəsidir.

08.01.2024 12:18:00
Oxuma sayı: 1065