“Yaşıl dünya həmrəyliyi”nə gedən yol
Ölçü:


"Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı günümüzün reallığından irəli gələn bir zərurətdir". 

Koordinat.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib. O, qeyd edib ki, Azərbaycanın dünyaya yaşıl enerji satışını hədəflədiyi, işğaldan azad edilmiş ərazilərin Yaşıl Enerji Zonası elan edildiyi, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığı bir zamanda ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi vaxtında verilmiş mühüm qərardır: "Təkcə bir qlobal enerji şirkətinin Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etmək istiqamətində addımlar atdığı bir zamanda “Yaşıl dünya naminə həmrəyliyi” ümumdövlət işinə, ümumxalq hərəkatına çevirməyin əsl zamanıdır. Dövlət başçısı bu qərarı ilə “Nəyi, nə zaman və necə etməyin” dəqiqliklə dəyərləndirildiyini bir daha sübut etdi".

Aqil Əsədov deyib ki, qarşıda dayanan əsas vəzifə hər bir vətəndaşın çalışdığı sahədə öz üzərinə düşəni layiqincə yerinə yetirərək “Yaşıl dünya həmrəyliyi”nə dəstək verməsidir: "Bu mənada nəqliyyat sektorunda araşdırmalar aparan tədqiqatçı kimi bildirmək istərdim ki, davamlı inkişaf edən yaşıl nəqliyyat sisteminin formalaşdırılması Azərbaycan iqtisadiyyatının prioritetlərindən biri olmaqla, həm də “Yaşıl dünya həmrəyliyi”ndən irəli gələn bir zərurətdir. Aydındır ki, nəqliyyat ətraf mühiti çirkləndirən əsas mənbələrdən biridir, ümumi çirklən­dirmədə 60-70% paya malikdir. Araşdırmalar göstərir ki, dünyada istehsal edilən illik neftin 2,0 milyard tondan çoxu nəqliyyat vasitələri üçün yanacağa sərf edilir, 1 litr yanacağın normal və təmiz yanmasına 15 kq-a yaxın O2 lazımdır.  Eyni zamanda, dünyada istismar edilən nəqliyyat vasitələri tərəfindən il ərzində atmosferə 1milyard tondan çox zərərli qaz buraxılır ki, bunun nəticəsində də təbiətin özünü bərpaetmə qabiliyyəti zəifləyir, balans pozulur".

Tədqiqatçı alim hesab edir ki, benzin və ya dizel yanacağı ilə işləyən bir avtomobil mühə­rikinin illik ümumi ekoloji zərərlərini 1040 kq, gündəlik 2,8 kq qəbul etsək, maşınların ən çox hərəkət etdiyi küçə və prospektlər üzrə ekoloji mənzərə aydın olar. Hansı ki, bu mənzərənin davamlı inkişaf məqsədlərinə, “Yaşıl dünya həmrəyliyi”nə uyğunlaşdırılması zəruridir: "Avropa Komissiyası iri şəhərlərdə nəqliyyatın mobil və ekoloji təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xüsusi plan hazırlayıb. Plana əsasən, hibrid avtomobillərdən, biodizel yanacağından, sıxılmış təbii qazdan, elektromobillərdən, hidrogen yanacaqlı nəqliyyat vasitələ-rindən daha geniş istifadə tövsiyə edilir ki, bu istiqamətdə ölkəmizdə də müəyyən adımlar atılmaqdadır. Eyni zamanda, ictimai nəqliyyatın inkişaf etdirilməsi, sürətli avtobus nəqliyyatının formalaşdırılması, vahid biletlə müxtəlif növ nəqliyyat vasitələrindən istifadə imkanlarının yaradılması, daşıma xidmətlərinin təşkilində marketinq araşdırmalarından genişmiqyaslı istifadə, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin davamlı olaraq təkmilləşdirilməsi, pik saatlarında fərqli tariflərin tətbiqi, parklanmanın səmərəli şəkildə tənzimlənməsi, bir sıra mərkəzi küçələrə girişin müəyyən zaman kəsiyində məhdudlaşdırılması, mümkün yollarda sürət məhdudiyyətinin yumşaldıl­ması və s. kimi məsələlər də planda prioritetlik kəsb edir".

Aqil Əsədov bildirir ki, avtomobil nəqliyyatı insanların və sənayenin normal fəaliyyətinin təşkili, davamlı inkişafının təmini üçün nə qədər zəruridirsə, canlı aləm, ətraf mühit üçün də o qədər zərərlidir. "Ona görə də, nəqliyyat, ətraf mühit və insanların sağlamlığı məsələlərinə kompleks şəkildə yanaşılması daha məqsədəuyğundur və davamlı inkişaf tələbləri ilə, “Yaşıl dünya həmrəyliyi” ilə yaxından uzlaşır. Başqa sözlə desək, davamlı inkişaf edən ölkəmizdə yaşıl nəqliyyat sisteminin formalaşdırılması və davamlı inkişafının ən qısa yolu nəqliyyat, ətraf mühit və sağlamlıq məsələlərinin kompleks şəkildə nəzərə alınmasından keçir".
27.12.2023 17:07:00
Oxuma sayı: 4090