Azərbaycan 2030: İqtisadi artıma nail olmaq qarşıya qoyulmuş əsas hədəfdir
Ölçü:

Azərbaycan Respublikasının Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyasının doktorantı

Son illər ölkəmizdə aparılan islahatlar nəticəsində Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da bildirilib. Sənəddə vurğulanır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhə-ləsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.
Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, əldə edilmiş makroiqtisadi sabitlik və yoxsulluğun aşağı olması həyat səviyyəsinə müsbət təsir göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında müntəzəm olaraq söylədiyi  kimi, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb, həmçinin yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə düşmüşdür.

Ölkədə müasir həyat üçün ən qabaqcıl infrastruktur və təminat mövcuddur. Azərbaycanın dünya iqtisadiyyatına sürətli inteqrasiyası ixracın genişlənməsini şərtləndirir, bu şəraitdə ticarət tərəfdaşlarının sayı isə ilbəil artır. Hazırda dünyanın 180-ə yaxın ölkəsi ilə ticari-iqtisadi əlaqələr həyata keçirilir. Həmçinin, Orta dəhlizin inkişafı regional əməkdaşlığa, ticarətə və siyasi dina-mikaya təsirləri ilə Cənubi Qafqaz və Mərkəzi Asiyanın geosiyasi və iqtisadi mənzərəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Eyni zamanda, gələcəkdə strateji və iqtisadi əhəmiyyəti olan Zəngəzur dəhlizinin açılması ölkəmizin nəqliyyat, kommunikasiya, infrastruktur layihələrini əhatə etməklə bütün Türk dünyası birliyini daha da möhkəmləndirəcəkdir.

Xarici bazarda rəqabətin kəskinləşməsinə baxmayaraq, ölkəmiz məhsul ixracında öz çəkisini qoruyur, artırmaq üçün davamlı addımlar atır  və buna görə Azərbaycan 2022-ci ilə əsasən 192 dövlət arasında ilk 70-likdə qərarlaşmışdır. Əlverişli biznes mühiti və iqtisadiyyatın rəqabət qabiliyyəti adambaşına gəlir səviyyəsinin artmasına nail olmaq üçün əsas şərt rolunu oynayır. “Doing Business”in göstəricisinə görə, ölkə 190 dövlət arasında 34-cü, Qlobal Rəqabətlilik İndeksinə görə isə 58-ci yerdə qərarlaşıb.
Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Son 10 il ərzində milli iqtisadiyyat 15% böyüyüb, qeyri-neft/qaz ÜDM-i isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə 2022-ci ildə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunub.

Hökumət əsas istiqamətlərdən biri kimi dövlət xərclərini azad edilmiş Qarabağ və Şərqi Zəngəzur istiqamətinə cəlb edərək, bu ərazilərdə iqtisadi inkişaf və infrastrukturun yenidən qurulmasına  və bərpasına yönəldib. 2024-cü ildə Azərbaycanın dövlət büdcəsindən bu məqsəd üçün 3825,0 milyon manat vəsait ayırıb ki, bu da dövlət büdcəsi xərclərinin təxminən 10,4 faizini təşkil edəcəkdir. Bu rəqəm 2023-cü il üçün təsdiq edilmiş göstəricidən  20,3 faiz azdır. 

Qeyd edək ki, bu xərclər iqtisadi fəaliyyət xərclərinin təxminən 49,1 faizini təşkil edir. 2023-cü ilin ilk doqquz ayında hökumət tərəfindən 3 milyard 741 milyon manat vəsait xərclənib ki, bu da 2023-cü il dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin 77,9 faizini təşkil edir. Növbəti illərdə də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm, nəqliyyat, kommunal infrastruktur, sənaye klasterləri,  istehsal sahələrinin və iş yerlərinin yaradılması kimi sosial infrastruktura diqqət yetirilməsi ümdə məqsədlərdir. Cənab Prezidentin də vurğuladığı kimi “Qarqabağ qısa zamanda cənnətə çevriləcək”, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafı Azərbaycanın ümumi rifahına və ÜDM-in artımına əhəmiyyətli töhfə verəcəkdir.

Cənab Prezident Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışında Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz ixracının həcmini iki dəfə artırmağı hədəflədiyini vurğulamışdır. Bu interkonnektorun işə salınması həm Serbiya, həm də Avropa İttifaqına fayda gətirən strateji əhəmiyyətə malik enerji əməkdaşlığının yeni mərhələsidir və boru kəməri təkcə Serbiyanın enerji müstəqilliyini möhkəmləndirməyə deyil, həm də Şərqi və Mərkəzi Avropa ölkələri üçün təchizat etibarlılığını artıracaqdır. Bütün bunlar ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu artıraraq, gələcək üçün uzunmüddətli dinamik tərəqqini təmin edir.

İqtisadi artıma nail olmaq üçün əsas prinsiplərdən biri davamlılıqdır. Bütövlükdə, Azərbay-can üçün 2030-cu ilədək iqtisadi artım hədəfinə nail olmaq iqtisadiyyatın diversifikasiyası, innovasiya, davamlılıq və əlverişli investisiya mühitinin yaradılmasını özündə birləşdirən kompleks yanaşma tələb edir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində növbəti illərdə də ölkəmizin iqtisadi və siyasi uğurları həm beynəlxalq səviyyədə, həm də ölkədaxili olmaqla davam edəcəkdir. Xalqımız növbədənkənar prezident seçkilərində də, düzgün seçim etməklə, müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verərək ölkəmizin etibarlı və işıqlı gələcəyinə töhfə verəcəkdir.
14.12.2023 14:10:00
Oxuma sayı: 1614