İmposter sindromu zamanı özünəinam hissi çox aşağı olur
Ölçü:


İmposter sindromu ilk dəfə 1970-ci ildə aşkarlanıb və elmdə çatışmazlıq kimi izah edilir. Həmin sindromdan əziyyət çəkənlərin böyük əksəriyyəti təhsil və iş həyatında uğur əldə etsələr də, özlərini kifayət qədər bacarıqlı hesab etmirlər. Onlar qazandıqları uğurlara layiq olmadıqlarını, sahib olduqları mövqeni zəka ilə deyil, bəxt və talenin gətirməsi sayəsində əldə etdiklərini düşünürlər. Ona görə də öz bacarıqlarını nümayiş etdirməkdən çəkinirlər. Eyni zamanda əldə etdikləri uğurlarını təsadüf olduğu güman edilər. Buna görə də daim qorxu və stres içində yaşayırlar. Bu hal onların iş həyatına da öz təsirini göstərir. Özləri kiminləsə ünsiyyətə girməkdən, yüksək vəzifəyə sahib olanlarla ünsiyyət qurmaqdan çəkinirlər. Həmin sindromdan əziyyət çəkənlər özlərini sosial mühitdən təcrid edir, qarşılarına çıxan fürsətləri geri çevirir, çünki öz bacarıq və istedadlarına inanmırlar.

Psixoloqlar qeyd edirlər ki, imposter sindromunun yaranmasına əsas səbəb özünü olduğu yerə, tutduğu mövqeyə layiq hiss etməməkdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova Koordinat.az-a bildirib ki, problemə vaxtında müdaxilə edilmədikdə daha kəskin hal almağa başlayır: “İmposter sindromu yaşayanların özlərinə inam hissi azalır, əhval-ruhiyyələri aşağı düşür, həyəcan pozuntusu yaradır, toplum qarşısında, tünlük olan yerlərdə həyəcan hissi onları üstələyir. Bu, əsasən əsəb sistemində yaranan psixi problem kimi üzə çıxır. Onlar hansısa hədəflərə çatanda onu öz qabiliyyət və bacarıqlarının məhsulu kimi yox, ətrafdakıların köməyi ilə baş verdiyini və yaxud bəxti gətirmək kimi qəbul edirlər. Onlar əksər hallarda həyatdan məmnun olmurlar”.
Həmsöhbətimzi onu da qeyd edib  ki, bu hal özünü valideynləri tərəfindən psixoloji şiddətə məruz qalanlarda daha qabarıq şəkildə büruzə verir: “Adətən valideynlər övladlarına, xüsusilə yeniyetməlik dövründə onlara çox müdaxilə edəndə, hər dəfə onların gördükləri işə irad tutanda və yaxud övladları üçün yüksək hədəflər müəyyənləşdirəndə, kimisə onlarla müqayisə edib yüksək bacarıq sahibi olduqlarını nümunə göstərəndə belə hallar yaranır. Hər kəsin müəyyən potensialı var və hansısa sahədə üstün, hansısa sahədə zəif ola bilər. Lakin valideynlər bunu nəzərə almayıb imkanlardan yüksək hədəflərə can atmağı tələb edəndə onlarda müəyyən çatışmazlıq yarana bilər”.

Problemdən xilas olmaq istəyənlər öz bacarıqlarına şübhə ilə yanaşmamalı, ətrafdakılarla mütəmadi olaraq ünsiyyət qurmalıdırlar. Duyğu və düşüncələrlə deyil, məntiqlə hərəkət etməlidirlər. Uğur qazanmaq üçün başlıca şərt özünə olan inamdır.
24.11.2023 14:42:45
Oxuma sayı: 8635