Neft-qaz sektoru üzrə gəlirlər azalacaq
Ölçü:


“2022-ci ildə və 2023-cü ilin 10 ayı ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında ümumilikdə 771 min ha ərazidə elektron kadastr uçotu və yerquruluşu işləri, 594 min ha ərazidə torpaq tədqiqatı işləri, 424 min ha ərazidə geobotaniki tədqiqat işləri yekunlaşmış, müvafiq məlumatlar Torpaqların Elektron Kadastr Uçotu Sisteminə inteqrasiya edilmişdir. Bu işlər həmin ərazilərdə torpaq ehtiyatlarının effektiv idarə edilməsi və istifadə olunması, kənd təsərrüfatının inkişaf potensialının səmərəli reallaşdırılması və məhsuldarlığın artırılması üçün mühüm əhəmiyyət kəsb edir”.

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib: "Proqnozlar 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyası ilə müəyyən olunmuş hədəfləri əsas götürməklə, habelə son qlobal meyillər nəzərə alınmaqla hazırlanıb. 2022-2026-cı illər üzrə qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində həyata keçirilməyə başlanmış bir çox islahatlar ölkə iqtisadiyyatında gələcək iqtisadi artım üçün yeni fundamentalların formalaşmasına yönəlib. Bu yeni təməl şərtlər cari strateji dövrün sonuna tam formalaşandan sonra növbəti strateji dövrlərdə daha yüksək iqtisadi artım templərini əldə etməyə imkan verəcəkdir. Keçid dövründə isə başlıca vəzifəmiz qeyri-neft-qaz sektorunda iqtisadi artım templəri üzrə dünya iqtisadiyyatının artım templərindən ən azı geri qalmamaqdır.

Düzdür, neft-qaz sektorunda gözlənilən və hələ ki, qaçılmaz görünən hasilat göstəriciləri iqtisadi artımın ümumi mənzərəsinə öz təsirini göstərəcəkdir. Lakin, onu da qeyd edim ki, regionda baş verən son proseslər, o cümlədən ölkəmizin beynəlxalq nəqliyyat-tranzit və kommunikasiya qovşağında yerləşməsinin yaratdığı yeni imkanlar iqtisadi artımın sürətlənməsi üçün real amildir. Bu amilin tam miqyasda reallaşması iqtisadi artımın dinamikasına əlavə güclü təkan verə bilər.

Məhz buna görə, bu imkanların reallaşdırılması istiqamətində cənab Prezidentin müəyyən etdiyi yeni vəzifələrə uyğun olaraq hökumət tərəfindən sosial-iqtisadi inkişaf strategiyası ilə yanaşı digər əlahiddə tədbirlər də həyata keçirilir.

Beləliklə, proqnozlar 3 ssenaridə - baza, optimist və pessimist ssenarilərdə hazırlanaraq büdcə tərtibi prosesində risklərin qiymətləndirilməsi üçün istifadə edilib.

Büdcə zərfində əksini tapan makroiqtisadi proqnozlar baza ssenarisini ehtiva edir və həmin proqnozlarda dövlət büdcəsində olduğu kimi, neft qiyməti konservativ – 60 ABŞ dolları səviyyəsində götürülüb.

Ortamüddətli dövrdə neft hasilatının 2022-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir ki, bu da neft hasilatında əsas xüsusi çəkiyə malik AÇG yatağı üzrə hasilatın azalma fazasına keçməsi ilə əlaqədardır. Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı və proqnozlaşdırılan dövrdə 36 mlrd. m3-dən yüksək olacağı gözlənilir. Qeyd olunan amillər nəzərə alınaraq, neft-qaz sektoru üzrə ÜDM-in növbəti ildə 1,7%, 2024-2027-ci illərdə isə orta illik hesabla 1,8% azalacağı proqnozlaşdırılır”, - nazir vurğulayıb.
13.11.2023 12:36:00
Oxuma sayı: 3879