Amerikada 901 azərbaycanlı tələbə təhsil alır
Ölçü:

2022/2023-cü tədris ili ərzində 901 azərbaycanlı ABŞ-də təhsil alır. Bu, əvvəlki tədris ili ilə müqayisədə 23,8 faiz çoxdur.

Koordinat.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfirliyin müvəqqəti işlər vəkili Huqo Gevara qeyd edib ki, bu, “innovasiya, əməkdaşlıq və birlikdə uğur qazanmaq imkanlarının əhəmiyyətli dərəcədə artması” deməkdir: "Səfirlik həmçinin qürur hissi ilə elan edir ki, Birləşmiş Ştatlar beynəlxalq təhsil üçün qlobal miqyasda ən çox üstünlük verilən istiqamət olaraq qalır və bir milyondan (1 057 188) artıq beynəlxalq tələbəyə ev sahibliyi edir. Beynəlxalq tələbə mobilliyi diplomatiya, innovasiya, iqtisadi rifah və milli təhlükəsizlik üçün önəmlidir. Katib Blinkenin dediyi kimi, “Beynəlxalq mübadilələr bizə kritik məsələlərdə əməkdaşlıq etməyə kömək edən yeni əlaqələr yaradır... buna görə də beynəlxalq təhsil diplomatiyamızın və milli təhlükəsizliyimizin vacib hissəsidir”.

Ətraflı məlumat Beynəlxalq Təhsil İnstitutu (IIE) tərəfindən nəşr olunan beynəlxalq və ABŞ tələbə mobilliyi üzrə yekun sorğu olan Beynəlxalq Təhsil Mübadiləsi üzrə İllik Açıq Qapılar Hesabatından əldə oluna bilər: (//opendoorsdata.org). Hesabat ABŞ Dövlət Departamenti və ABŞ Təhsil Departamentinin birgə təşəbbüsü ilə beynəlxalq təhsilin və mübadilə proqramlarının faydalarını bütün dünyada təşviq etmək məqsədi daşıyan Beynəlxalq Təhsil Həftəsi (13-17 noyabr 2023-cü il) çərçivəsində dərc edilmişdir.

ABŞ-də təqaüd proqramları da daxil olmaqla təhsil imkanlarını araşdırmaq istəyən tələbələr və valideynlərə //www.facebook.com/EducationUSAAzerbaijan/ və ya //azerbaijan.americancouncils.org/edusa-en ünvanları vasitəsilə səfirliyin EducationUSA məsləhətçisi ilə əlaqə saxlamaları tövsiyə olunur. EducationUSA ABŞ Dövlət Departamentinin 430-dan çox beynəlxalq tələbə məsləhət mərkəzinin şəbəkəsidir və ödənişsiz fəaliyyət göstərir. Şəbəkə ABŞ-də akkreditə olunmuş ali təhsil müəssisələrində təhsil almaq imkanları haqqında dəqiq, hərtərəfli və cari məlumat təqdim etməklə bütün dünyada tələbələrə ABŞ ali təhsilini təbliğ edir.
13.11.2023 11:50:00
Oxuma sayı: 3896