Buzovnada Zəfər günü: “Şəhidlərə borcumuz ödənilə bilməyəcək qədər sonsuzdur"
Ölçü:


Bakının Buzovna qəsəbəsində  Zəfər günü münasibətilə şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Koordinat.az
xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Birinci Qarabağ və Vətən müharibəsi veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ümumilikdə 400-dən çox iştirakçının qatıldığı tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Məclisin deputatı Adil Əliyev çıxışında şəhid analarına müraciət edərək bildirib ki, məhz onların övladları Qarabağ müharibəsində şücaət və qəhrəmanlıq göstərərək torpaqlarımızı yağı düşməndən azad edib: "Sizin övladlarınız torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək igidlik göstərib. Onların şücaəti hesabına xalqımızın uzun illərdən bəri davam edən yurd həsrətinə son qoyuldu. Məhz həmin günlərdə xalqımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək möhtəşəm həmrəylik nümunəsi göstərdi. 2020-ci ilin məhz bu günlərində qazanılan tarixi qələbənin, indi qeyd edilən Zəfər bayramının əsas səbəbkarı da şəhidlərdir. Nə qədər ki, bu xalq, bu torpaq, bu Vətən var, sizin övladlarınızın unudulmaz xatirəsi hamımız üçün əziz olacaq və yaşayacaq”.

Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Süleymanov Zəfər günü münasibətilə keçirilən tədbirin təşkilatçılarına minnətdarlıq edib. O, məhz belə bir gündə şəhid ailələrinin iştirakı ilə anım mərasimlərinin keçirilməsini şəhid qəhrəmanlarımızın tanıdılması, onların xatirəsinin əziz tutulması və gənclərin vətənpərvər ruhda tərbiyəsi baxımından çox mühüm əhəmiyyət daşıdığını deyib. Xalqımızın Zəfər gününün 3-cü ildönümünü böyük qürurla qeyd etdiyini bildirən icra başçısı qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə sürətli quruculuq və bərpa işlərinə başlandığını, Qarabağa böyük qayıdışın uğurla həyata keçirildiyini və artıq 3000-dən çox məcburi köçkünün doğma yurd-yuvasına qayıtdığını da xatırladıb.

Anım tədbirinin təşkilatçısı, xeyriyyəçi Fazil Məşədiyev
çıxışında şəhidlərimizin şərəfli ömür və döyüş yolundan, torpaqlarımızın bötüvlüyü uğrunda göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin hərbi və siyasi əhəmiyyətindən danışıb. O, mərasimdə 70-ə yaxın şəhid ailəsi üzvünün iştirak etdiyini bildirib və qeyd edib ki, canını vətən yolunda fəda etmiş qəhrəman oğulların valideynləri, onların övladları hər cür diqqət və qayğıya layiqdir: "Çünki xalqımızın başını uca edən şəhidlərdir, onlar vətən qarşısında borclarını layiyincə yerinə yetirdilər. Biz isə şəhidlərimizə ehtiram olaraq hansı işləri görsək də, onların ailə üzvlərinə münasibətdə nə qədər xeyriyyəçilik etsək də, yenə də azdır. Şəhid anaları, ataları, xanımları çox ləyaqətli və nümunəvi insanlardır, əslində onların hansısa yardıma ehtiyacı yoxdur. Bu ailələrin yalnız mənəvi dəstəyə, diqqətə və qayğıya ehtiyacı var. Ona görə də biz şəhid ailələrinin yanında olmalıyıq, onların sevincini-kədərini, qayğısını-uğurunu özümümzünkü bilməliyik. Yəni, bu ailələrə nə qədər çox diqqət və qayğı göstərsək belə, şəhidlərin borcundan çıxa bilmərik, onlara olan borcumuz ödənilə bilməyəcək qədər sonsuzdur".

Xəzər rayon Qazilər Şurasının sədri Hacı Soltan Əlizadə, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev və digərləri torpaqlarımızın azadlığı yolunda canını fəda etmiş oğulları xalqımızın baş tacı, onları vətənə yararlı övlad kimi böyüdən ata-anaları isə nümunəvi valideynlər kimi dəyərləndiriblər.

Tədbirdə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinə aid ayrı-ayrı döyüş epizodlarını özündə əks etdirən viodeçarx nümayiş olunub, xalqımızın qəhrəmanlıq tarixinin şərəfli bir parçasına çevrilən həmin günlər yenidən xatırlanıb.

Şəhid ailələrinin üzvləri isə göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulmasına görə tədbirin təşkilatçılarına minnətdarlıq ediblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin əldə olunan tarixi qələbədə böyük paya sahib olduğunu, onun şəhid ailələrinə daim hörmət və ehtiram göstərdiyini xüsusi qeyd ediblər.

Mərasimin rəsmi hissəsinin sonunda tədbirin təşkilatçısı Fazil Məşədiyev Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin döş nişanı ilə təltif olunub. Döş nişanını ona Cəmiyyətin sədri Müşfiq Əliyev və Milli Məclisin deputatı Adil Əliyev təqdim ediblər.

Daha sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin xatirəsinə dular oxunub,  ehsan süfrəsi açılıb.
07.11.2023 14:51:00
Oxuma sayı: 4384