Rusiya sülhməramlıları: necə gəlmişdi, necə gedir...
Ölçü:

Elxan SALAHOV
Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlı kontingentinin rotasiyası başa çatır. Son günlər bununla bağlı əhali arasında, sosial şəbəkələrdə dolaşan xəbərlər dünən günün ikinci yarısında rəsmən təsdiqləndi. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilib.

Son günlər sosial şəbəkələrdə Rusiya sülhməramlılarına məxsus texnikaların Qarabağdan çıxarılması barədə videogörüntülər yayılıb.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya liderləri birgə bəyanat imzalayıb və bununla da 44 gün davam İkinci Qarabağ müharibəsi başa çatıb. Atəşkəsin bərpa barədə üçtərəfli bəyanatda  Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi də öz əksini tapıb. Elə sənədin imzalandığı gecə Rusiya sülhməramlıları Qarabağa getmək üçün yola düşüb. Hərbi əməliyyatların dayandırılması ilə parealel Qarabağa göndərilən Rusiya sülhməramlılarının tərkibi 1960 hərbçi və 470 ədəd texnikadan ibarət olub. Onlar 1960 atıcı, 90 zirehli personal daşıyıcı, 380 maşın və digər texnikadan ibarətdir. Rusiya Qarabağda tərəflərin təmas xətti boyunca və Laçın dəhlizi boyunca razılaşmalara əməl olunmasına nəzarət etmək üçün 16 müşahidə postu yerləşdirib.

Rusiya prezidenti Vladimir Putin 2020-ci il noyabrın 11-də imzaladığı fərmanda Qarabağda yerləşdirilən sülhməramlı kontingentin maliyyə dəstəyi ilə bağlı hökumətə müvafiq tapşırıq verib. Tapşırığa əsasən, sülhməramlı kontingentin öz fəaliyyətini gerçəkləşdirməsi ilə əlaqədar bu kontingentdən olan hərbi qulluqçuların maddi təminatı Rusiyanın Müdafiə Nazirliyi tərəfindən təşkil olunur. Onların ailə üzvlərinə əlavə zəmanətlər təqdim edilməklə müəyyən olunmuş qaydada maliyyə xərcləri təmin edilir.

Qərara əsasən, rusiyalı sülhməramlı kontingenti ildə ən azı 2 dəfə dəyişdirilir. Hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirilir.

Bəli, məhz "DƏYİŞDİRİLİR" yazılıb!

İndi isə sülhməramlı hərbi kontingent öz texnikalarını Qarabağdan çıxarır. Rusiya Müdafiə Nazirliyi bununla bağlı yaydığı rəsmi məlumatda yazır ki, hərbi texnika planlı təmir üçün Qarabağdan Rusiyaya göndərilib.

Rəsmi məlumatda hərbi texnikaların geri göndərilməsinə səbəb kimi "PLANLI TƏMİR ÜÇÜN" yazılıb!

Əslində isə Rusiya sülhməramlılarına məxsus texnikaların Qarabağdan çıxarılması barədə görüntülər bir neçə gün əvvəl yayılıb. İlk belə videogörüntülərdən biri oktyabrın 28-də "Telegram" kanallarında paylaşılmışdı.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyənatın 3-cü bəndinə əsasən, Rusiya sülhməramlı kontingentin Qarabağda qalma müddəti 5 il nəzərdə tutulurdu. Müddətin bitməsinə 6 ay qalmış tərəflərdən heç biri əks mövqedə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Azərbaycan ordusunun Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir sutka davam edən lokal xarakterli antiterror tədbirləri (19-20 sentyabr 2023) nəticəsində həmin ərazilərdə dövlətimizin suverenliyi tam bərpa olundu. Məhz antiterror tədbirlərindən sonra Rusiya sülhməramlı kontingentin Qarabağda sülhyaratma missiyasını davam etdirməsinə ehtiyac qalmadı. Çünki minaqişə tərəflərindən biri - terrorçuluqla məşğul olan və qanunsuz fəaliyyət göstərən erməni hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoydu və təslim oldu. Terrorçu dəstənin rəhbərlərindən bir neçəsi Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən həbs olunaraq Bakıya gətirildi, digərləri isə Qarabağda yaşamaq istəməyən mülki erməni əhalisinə qoşularaq Ermənistana qaçdı...

Artıq erməni terrorçularının kökü tamamilə kəsilib, barıt qoxulu Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd - külli Qarabağ sülh və dirçəliş mərhələsinə qədəm qoyub. Dövlət müstəqilliyinin bərpasından bəri ilk dəfə olaraq özünün suveren ərazilərinə tam sahiblik edən Azərbaycan dövləti 30 ildən çox işğal altında qalan torpaqlarımızda bərpa-quruculuq işlərinə başlayıb, Qarabağa qayıdış mərhələli şəkildə davam edir...

Bütün bunların fonunda Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk edəcəyi gözlənilən idi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da antiterror tədbirlərindən cəmi iki həftə sonra, oktyabrın 4-də keçirdiyi brifinqdə də dolayısı ilə təsdiqləmişdi: “Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Bakı ilə təmasda yerdəki vəziyyətdən asılı olaraq müəyyən ediləcək”.

Zaxarovanın həmin açıqlamasından sonra Rusiya sülhməramlıları Qarabağda 8 daimi postunu və 16 müvəqqəti müşahidə məntəqəsini bağlayıb. Əvəzində Qarabağda nəqliyyatın hərəkətinin təhlükəsizliyini təmin etmək üçün yollarda 6 yeni müşahidə məntəqəsi yaradılıb. Həmin məntəqələrdən 2-si Azərbaycan tərəfi ilə birgə quraşdırılıb.

Rusiya sülhməramlıları post və müşahidə məntəqələrinin ləğvinə başladığı günlərdə prezident Vladimir Putin “Valday” çıxışında Qarabağdakı hərbi kontingentin sülhməramlıların gələcək fəaliyyətindən də söz açmışdı. O, Rusiyanın mövcud reallığı qəbul etdiyi söyləyərək Qarabağda sülhməramlılara ehtiyac qalmadığına işarə etmişdi.

Bu da reallıq! terrorçu və separatçı dəstələr, qanunsuz erməni hərbi birləşmələri Azərbaycan ərazilərindən çıxarılıb və artıq bölgədə hər hansı sülhməramlı missiyaya ehtiyac yoxdur!

Azərbaycan ordusunun yaratdığı bu reallığı Ali Baş Komandan siyasi iradəsi ilə bir az da möhkəmləndirərək məntiqi sonluğa çatdırır!

"Dəmir yumruq" da öz yerindədir! Xankəndi şəhərində!
 
01.11.2023 12:00:00
Oxuma sayı: 3505