"Böyük qayıdış" proqramında vəsaitlərin əsas hissəsi infrastruktur layihələrinə xərclənir
Ölçü:


Açıqlanan büdcə sənədlərinə görə, 5 il ərzində (2022-2026) işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin köçürülməsi üçün 30,5 milyard manat tələb olunur. 2023-cü ili də nəzərə alsaq, artıq bu vəsaitin təxminən 11,9 milyard manatı xərclənib. Yəni, işğaldan azad olunmuş ərazilərin bərpası layihələrinə qarşıdakı 3 ildə əlavə təxminən 18,6 milyard manat da xərclənməlidir. 

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O, büdcə sənədlərinə əsaslanaraq qeyd edib ki, "Böyük qayıdış"ın birinci mərhələsinin sonuna (2026-cı il) həmin proqramın icrası üçün dövlət büdcəsindən tələb olunandan 8,2 milyard manat az, yəni ümumilikdə 22,4 milyard manat xərclənəcək: "Yerdə qalan 8,1 milyard manatın hansı mənbədən cəlb olunacağı sualı açıq qalır".

Ekspert bildirib ki, açıqlanan büdcə sənədlərində diqqəti çəkən bir məqam da qayıdış üçün bərpa xərclərinin gözləntilərin çox üzərində olmasıdır. Onun sözlərinə görə, müharibənin yenicə bitdiyi dövrdə ekspert müzakirələrində tam bərpanın 20-25 milyard dollara (cari məzənnə ilə 35-40 milyard manat) başa gəlməəsinin mümkünlüyü səsləndirilirdi: "İlk mərhələdə əsas xərc aparan infrastruktur layihələrinin əhəmiyyətli hissəsinin icra olunacağı gözlənilir. Amma nəzərə alaq ki, 2026-cı ilin sonuna qədər köçürüləcək potensial əhalinin cəmi 20 faizinin qaytarılacağı, bərpa olunacaq yayayış məntəqələrinin isə təxminən dörddə birinin qurulacağı planlanır. Yəni, "Böyük qayıdış" proqramının ikinci mərhələsi üçün daha böyük həcmdə sərmayə tələb olunacaq. Neft-qaz gəlirləri yüksək olduqca, ölkə bu yükün ağırlığını hiss etməyəcək".
31.10.2023 11:45:44
Oxuma sayı: 4809