Doyumsuz ziyarət
Ölçü:

2021-ci ilin elə bu günləri idi. Kəlbəcərin azad olunmasının birinci ilinin tamam olmasına çox az qalırdı. Hamı doğma yurdumuzu görmək, həsrətində olduğu yerləri ziyarət etmək arzusu ilə qovrulurdu. Buna qədər “Qanlı kaha”nın izi ilə Başlıbelə bir neçə dəfə gedib-gəlmişdim. Başlıbel faciəsinin dəlil və sübutlarını toplamaq üçün planlaşdırdığım səfərlərdən biri oktyabrın elə bu günlərinə təsadüf etmişdi...

Bu, işğaldan azad olunmuş Kəlbəcərə çoxsaylı səfərimizin ən çətinlərindən biri idi. Qorxulu və həyəcanlı anlar yaşadım həmin gün...

Səfər yoldaşlarımın hamısı 28 il davam edən işğaldan sonra Kəlbəcərə ilk dəfə gedirdilər. Öz vəsaitimiz hesabına bir günlük icarəyə götürdüyümüz və içərisində 17 nəfərin olduğu mikroavtobus Toğanalıdan Murova qalxarkən dolaylarda ilişib qalmışdı. İki minik maşınında olanlar isə qabaqda gedirdi, özüm də daxil.

 Toğanalı-Kəlbəcər yolunun ən yüksək nöqtəsində - Ömər aşırımında dayandıq. Qarşı tərəfdə bir-birinə arxa olan dağların arasından Kəlbəcər və Laçına, solda Ağdərənin başı üzərindən Qarabağa, arxada isə məcburi köçkünlüyün ən ağır günlərində bizlərə qucaq açan Gəncəbasar bölgəsinə boylanıb xəyallara dalmışdıq. Dərdimizi ağlayırdıq, kimisi aşkar, kimisi gizli...

Ahıl yaşlı Aydın dayı ilə dərdini içində çəkən Nəsib müəllimin təzyiqi düşmüşdü. Vətən ağrısı və Murovun zirvəsində qəfildən oynayan təzyiq...

Bərk qorxmuşdum, "Dağın başında, dərmansız-həkimsiz yerdə bu ahıl adamların başına bir iş gəlsə, nə cavab verəcəyəm?!" nidası içimi didirdi...

Onları öz maşınları ilə Kəlbəcər istiqamətində yola saldıq, təzyiqin normallaşa biləcəyi yerə qədər irəlilləyib qarşıda bizi gözləməli idilər...

Heç 15 dəqiqə keçməmiş qardaşım Xasayın da halı qarışdı. Təcili onları da yola saldım. Özüm isə Murovun zirvəsində tək qalıb geridə qalan mikroavtovusun yolunu gözlədim...

Təxminən iki saat keçdi, hələ də Toğanalı üzdəki köhnə "Yol evi"nin yaxınlığında ilişib qalan mikroavtobusdan xəbər yox idi. Məsafə çox uzaq idi, geri, mikroavtobusdakıların yanına qayıtmaq çətin olardı...

Kəlbəcərə gedən hərbi maşınlardan biri mikroavtobusu buksirlə Ömər aşırımına qədər gətirmək istəsə də, alınmamışdı...

Başlıbelə səfərimizin bu cür uğursuzluğa düçar olmasından üzülürdüm. Xeyirxahlıq amacı, hörmət, ehtiram, sevgi ilə təşkil etdiyim ziyarət səfəri arzuolunmaz hala çevrilmişdi. Saatlardı mikroavtobusda ac-susuz, yorğun və ümidsiz halda gözləyən həmkəndlilərmi belə çətin vəziyyətdə qoya bilməzdim, nəsə etmək lazım idi...

Bəxtimiz onda gətirmişdi ki, Murovun başında mobil rabitə şəbəkəsi tez-tez itsə də, telefonla danışmaq olurdu. Kəlbəcərdəki hərbçi dostlardan, komandirlərdən, vəzifəli şəxslərdən kömək istədim. Yardım əlini uzadanlar oldu, hətta Qazaxdakı hərbi hissədən avtobus göndərmək istədilər, razılaşmadım, sadəcə, məsafə və vaxt məsələsinə görə. Bizə təcili kömək lazım idi, maksimum dərəcədə tez...

Hərbçi dostlardan birinin təklifi ilə razılaşdıq, Gəncədən hər biri 9 nəfər tutumu olan iki ədəd "VİTA" çağırdıq. Yolda qalan mikroavtobusdakı adamları Başlıbelə aparıb axşam geri qaytarmaq üçün hərəsi, səhv etmirəmsə, 80 manat müqabilində.

Heç yarım saat çəkmədi, "VİTA"lar gəldi. Yolda qalan mikroavtobusun sürücüsünü də özümüzlə götürdük. Əslən göyçəli olan bu orta yaşlı sürücünün də Kəlbəcərdən doğma yurdunun havasını duymaq imkanı olsun deyə...

Hələ səhər tezdən Toğanalıdan yola düşməzdən saat 11 radələrində mənzil başına - Başlıbelə çatacağımızı düşündüyümüz halda, kəndə yetişəndə günortadan xeyli keçmişdi. İşğal dövründə Başlıbel çayı yatağını dəyişdiyindən maşınlar bir neçə yerdə gur axımlı sudan keçməli idilər. Kələ-kötür yollarda "VİTA"ların arxa hissəsi demək olar ki, yerlə sürünürdü, belə vəziyyətdə maşını çaya salmaq olmazdı. Odur ki, hamımız maşından düşüb çırmanaraq çaydan keçməli olduq. Səfər  yoldaşını belinə alıb çaydan keçirənlər də vardı...

Yol boyu üzləşdiyimiz çətinliklərə baxmayaraq, hamı çox mehriban və sevincli idi. İyirmi doqquz il Vətən həsrətilə ilə yaşayanların doğma yurda qovuşması, dağılmış olsa belə, evlərini, məhəllələrini görməsi başqa bir hissdir...

Halı pislədiyinə görə Murovun zirvəsində gözlətməyib yola saldığım səfər yoldaşlarımızdan bir neçəsini, xüsusilə Aydın dayı ilə Nəsib müəllimi kəndin mərkəzində görəndə rahatlandım. Qızıl payızın həmdəm rəngini almış çəmənlikdə süfrə açıb çörək yeyirdilər. Ac, yorğun və dilxor olduğumuzu bilirdilər, bizi də süfrəyə dəvət etdilər, amma o halda deyildik. Ziyarət etməli olduğumuz yerlər çox, vaxt isə az idi, havanın qaralmasına cəmi iki-üç saat qalmışdı. Odur ki, hamıya sərbəstlik verildi, kim haranı ziyarət etmək istəyirsə, buyursun. Amma hava qaralan vaxt hər kəs elə burada - kəndin mərkəzində, maşınların yanında olmalıdır…

Başlıbeldən çıxanda hava çoxdan qaralmışdı. Üstəlik, yolumuz uzun və enişli-yoxuşlu, maşınlarınız da narahat. Hər yan zülmət qaranlıqdır. Kələ-kötür yollarla geri qayıdan maşınlar atılıb-düşərək, kol-kosa sürtünüə-sürtünə irəliləyir. İçəridə isə qəribə bir sükunət hökm sürür, səhər ala-toranlıqdan yurd eşqi ilə yola çıxan səfər yoldaşlarım, sanki narazıdırlar. Hamı dərin kədər içərisində xəyala dalıb, elə bil, hər kəs öz-özünə soruşur: “Bu əziyyətə dəyərdimi?”

Cəmi bir-iki saatlıq ziyarətdən sonrakı kədərli və qayğılı ab-hava özümə də sirayət etdi. Vaxt az olduğundan səfər yoldaşlarımızın bəziləri doğulub boya-başa çatdığı evin xarabalıqlarını görə bilməmişdi. Başlıbel faciəsi qurbanlarının uyuduğu kütləvi məzarlığı ziyarət edə bilməyənlər də vardı. Şəhid oğlu Rövşənin də atasının qəbrini ziyarət edə bilməməsini eşidəndə isə özümü müqəssir saydım…

Zülfüqarlı kəndindəki komandant postuna çatanda artıq qərarımı vermişdim: “Atasının qəbrini ziyarət etmədən Rövşəni geri qaytara bilmərəm!”

Başlıbeldən fərqli olaraq, Zülfüqarlıda telefon tuturdu, buradan Bakıya - səfərin təşkili məsələlərində dəstəyi olan məsul şəxslərə zəng edərək yaranmış vəziyyət barədə onları məlumatlandırdım. Sonda isə doğmasının məzarını ziyarət edə bilməyənlər üçün icazə müddətinin bir gün artırılmasını xahiş etdim. Gecədən xeyli keçməsinə baxmayaraq, bu məsələni də razılaşdırmaq mümkün oldu…

Adamlarla dolu “VİTA”ları və minik maşınlarından birini Murov-Toğanalı istiqamətində yola saldıq. Şəhid övladı Rövşən və özüm də daxil digər minik maşınında olanlar isə gecəni Zülfüqarlı kəndindəki arıçıların yanında keçirdik…

Səhər tezdən yenidən Başlıbelə qayıtdıq. “Portda”dakı tənha məzarlıqda uyuyan Hüseyn əminin məzarını ziyarət etdikdən sonra indiyədək aşkarlanmamış şəhid məzarlarının axtarışına başladıq. Təəssüf, tapa bilmədik. Otuz il əvvəki təsəvvürlər əsasında nişan verilən yerləri yabanı otlar, növbənöv kol-kos sirrli bir məkana çevirib. Ərazilər relyef dəyişkənliyinə məruz qalıb, hər qarışında ayaq izlərimiz olan yerlər, iməkləyə-iməkləyə rəngini dərimizə hopdurduğumuz, iyini canımıza çəkdiyimiz torpağımız, məhəlləmiz, kəndimiz tanınmaz halda idi.…

Buna qədər və bundan sonra Başlıbelə çox gedib-gəldim. Bu yaxınlarda hesabladım, Kəlbəcər işğaldan azad olunandan bəri dogma yurdumuza 18 dəfə getmişəm. Amma heç biri bu qədər çətin və ağrılı olmayıb…
Nələr çəkdik, hansı əziyyətlərə, məhrumiyyətlərə qatlaşmadıq ki?!

Torpaq həsrəti, yurd niskili bizləri çox əzablara öyrətdi!

Təki Vətən yaşasın!

Təki həsrətlilər yurduna qovuşsun!

Bu şərəfi bizlərə yaşadan şəhidlərimizə rəhmət, dövlətimizə güc-qüvvət!
25.10.2023 18:14:00
Oxuma sayı: 3765