Şuşadakı məktəb tədris ilinin ikinci yarısından fəaliyyətə başlayacaq
Ölçü:

Bu ilin sonunadək 80-ə qədər ümumtəhsil məktəbi təhvil veriləcək. Bu il 19 məktəb Heydər Əliyev Fondu tərəfindən, 30-dan artıq məktəb isə Elm və Təhsil Nazirliyinin investisiya proqramı çərçivəsində istifadəyə verilib.

Koordinat.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, dekabr ayının sonunadək 10-dan artıq modul tipli məktəbin tamamlama işləri bitəcək və istifadəyə veriləcək.

“Yeni tədris ilində Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Laçın şəhərində 2 nömrəli məktəb, Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayır. Həmçinin Zəngilanın Ağalı kənd tam orta məktəbi və Tərtər rayonunun Talış kənd tam orta məktəbində ikinci ildir tədris başlayır. Şuşa 1 nömrəli məktəbi də fəaliyyətə tam hazırdır. Əhali oraya köçdükdən sonra tədris ilinin ikinci yarısından məktəbin fəaliyyətə başlaması planlaşdırılır.

Yeni tədris ili yeni başlanğıcdır. Təhsil sahəsində hər gün az da olsa irəli getsək, böyük yol qət etdiyimizi görəcəyik”, - deyə nazir qeyd edib.

15.09.2023 12:47:00
Oxuma sayı: 254