Tələbə olduğunu Laçında eşidən qız: “İnanırdım ki...”
Koordinat.az xəbər verir ki, təəssüratlarını “Report”a bölüşən N.Əhmədzadə deyir ki, ixtisas seçimlərini Laçına köçdükləri gün təsdiqləyib. O, seçdiyi ixtisasları Bakıda olarkən qərarlaşdırsa da, ancaq təsdiq etmədiyini söyləyib: “Düşündüm ki, seçimlərimi Laçında təsdiqləməliyəm. İnanırdım ki, Laçın mənə uğur gətirəcək. Biz Laçına ilk köçən 20 ailədən biriyik. Laçına gəldiyimiz ilk gün seçimlərimi təsdiqlədim. Həqiqətən də düşündüyüm kimi oldu və Laçın mənə uğur gətirdi. Universitetə qəbul olmağımla bağlı xəbəri Laçında aldım. 582,9 balla ADA Universitetinin riyaziyyat ixtisasına qəbul oldum. Tələbə adını qazanmağımı Laçında öyrəndiyim üçün çox xoşbəxtəm”.
N.Əhmədzadə bildirir ki, Laçın haqqında əvvəllər çox eşitsə də bu torpaqları gördükdən sonra heyranlığı birə-beş artıb. O, atasının doğma yurdu olan Laçına elə atasının söhbətləri ilə də xəyali səfər etdiyini bildirib.
Atasının Birinci Qarabağ müharibəsi veteranı olduğunu söyləyən N.Əhmədzadə qeyd edib ki, o, torpaqların işğaldan azad olunmasını və buraya köçməyi həsrətlə gözləyib: “Atamın ürəyi həmişə Laçınla döyünüb. Hər zaman öz yurdundan sevə-sevə danışıb. Onun danışdıqlarına əsasən təxmin edirdim ki, Laçın çox gözəldir. Buraya gələndə isə gördüm ki, Laçın deyilənlərdən və düşündüklərimdən qat-qat möhtəşəmdir. Laçında günlərimiz çox gözəl keçir və burada yaşamaq çox xoşdur. Burada hər yan dağlıq və meşəlikdir. Atam bu torpaqlarda çox olsa da, anam, mən və bacım üçün bura yenidir. Hava şəraiti burada tez-tez dəyişir. Buna baxmayaraq, hava yağışlı və küləkli olsa da gəzir, Laçınla tanış oluruq. Atam da böyüyüb, boya-başa çatdığı bu torpaqlar haqqında bizə məlumat verir”.
O, təhsili ilə bağlı doğma Laçından ayrılacağı üçün kədərləndiyini deyir: “Bu gün universitetə qəbul olmağın sevincini yaşayıram. Amma təhsilimlə bağlı buradan ayrılacağam. Kaş ki, burada yaşamağa davam etmək əlimdə olaydı. Laçından doymaq mümkün deyil. Ona görə ki, burada çox xoşbəxtəm. Universiteti bitirdikdən sonra isə məmnuniyyətlə gəlib Laçında çalışaram”.
Qeyd edək ki, Nigar Əjdər qızı Əhmədzadə 2006-cı il fevralın 7-də Bakı şəhərində anadan olub. Paytaxtın 95 nömrəli tam orta məktəbini bitirib.
31.08.2023 17:19:00
Oxuma sayı: 7550