Xankəndiyə göndərdiyimiz yardımı qəbul etməsələr... - MÜSAHİBƏ
Ölçü:


Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Bakıdan Xankəndiyə humanitar yardım göndərib. Belə ki, ilkin mərhələ üçün Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün 40 ton un məmulatı yola salınıb. Humanitar yardım marşrutu kimi Ağdam-Xankəndi yolu seçilib.

Koordinat.az
xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslan "Moden.az"a müsahibəsində Qarabağa göndərilən humanitar yardımla bağlı bəzi məqamlara aydınlıq gətirib.

- Qarabağda yaşayan erməniəsilli şəxslər üçün ilk dəfədir Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən belə bir addım atılır. Bu barədə qərara necə gəlindi?
 - Avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalamışıq. Bəyanatımızın fəlsəfəsi irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya göndərmişik və hazırda humanitar yardımımız yoldadır. İlkin mərhələdə 40 ton un məmulatları yola salınıb. Bu yardımların göndərilməsi üçün Cəmiyyətin rəhbər işçiləri və könüllüləri səfərbər olunublar. Bizim əsas məqsədimiz humanitar yardımları Ağdam-Xankəndi yolu ilə Qarabağın erməniəsilli sakinlərinə çatdırmaqdır.
 
- Siz qeyd etdiniz ki, ilkin mərhələ üçün yalnız un məmulatları göndərilir. O zaman bu yardımlar davamlı olacaqmı?
- Bizim karvanımız artıq yoldadır. İlkin olaraq biz addımımızı atmışıq, onların necə qərar verəcəyi hələ bizə məlum deyil. İrqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmağa çalışırıq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu proseslərdən kənar qalmaq niyyətində deyil. Biz bunu nümayiş etdirməyə çalışırıq ki, cəmiyyət hər bir Azərbaycan vətəndaşına yardım etmək iqtidarındadır.
İlkin qiymətləndirmə edəcəyik. Vəziyyət necədir, nələrə ehtiyac var və s. Hələ sual altındadır ki, bizim Xankəndiyə girişimizi təmin edəcəklər, yoxsa yox... Onlar qəbul etməsələr, bu, artıq ikinci məsələdir. Ehtiyac olduğu təqdirdə daha sonra da yardımlar göndərilə bilər.
 
- Beynəlxalq ekspertlərdən humanitar karvanı müşayiət edənlər varmı?
 - Humanitar karvanı yalnız bizim işçilər və könüllülər müşayiət edir.
 
- Humanitar yardımla bağlı Qarabağdakı Rusiya sülhməramlıları ilə hər hansı danışıqlar aparılıb?
 - Bildirim ki, bizim karvan hələ yoldadır. Bunlar artıq detallardır, hər şey orada bilinəcək və açıqlanacaq. Biz hələ sülhməramlılarla danışıqlara girməmişik. Bir daha bildiririk ki, biz heç bir siyasi prosesə qoşulmamışıq, qoşulmuruq və bundan sonra da qoşulmayacağıq. Ümid edirəm ki, bu hərəkatımız bütün sferalarda müsbət qarşılanacaq.


29.08.2023 13:35:00
Oxuma sayı: 10513