Bizim Mehman...
Ölçü:

Elxan SALAHOV

Bu ilin martında Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri çərçivəsində yol tikintisi zamanı Yenikənd kəndində aşkarlanmış üç nəfərə məxsus meyit qalıqlarının kimə məxsus olması müəyyənləşdirilib. Bu şəxslər Birinci Qarabağ müharibəsində itkin düşmüş Əzizov Yusif İsmayıl oğlu, Musayev Mehman Camal oğlu və Qarayev Qafar Qəmbər oğludur.

Otuz ildən sonra qalıqları tapılan həmin şəxslər kimlərdir? Onlar nə vaxt, harada və hansı şəraitdə itkin düşmüşdü?

Hər üç şəxs 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşmüşdü. İndiyədək onlar şəhid statusu daşısalar da, cəsədləri tapılmadığından itkin hesab olunurdular. Doğmaları onların hansı şəraitdə itkin düşdüklərindən xəbərdar idilər. Hər üç şəxsin qalıqları 1993-cü il mart ayının son günlərində Kəlbəcər rayonunun Taxtabaşı kənd inzibati ərazi dairəsinə aid Yenikənd kəndi yaxınlığında erməni silahlı qüvvələrinin hücumu zamanı şəhid olduqları ərazidə  aşkarlanıb.   

Əslində hər üç şəxsin – Mehmangilin şəhid olduğu barədə hələ ilk günlərdən doğmalarına məlumat verilmişdi. Lakin elə həmin günlərdə Kəlbəcər rayonu tamamilə Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçdiyindən şahidlərin söylədikləri rəsmi təsdiqini tapmamışdı. Heç onların doğmaları da hadisəni gözləri ilə görmüş şahidlərin “Şəhid oldu!” sözlərinə inanmaq istəmirdilər...

 Günlər bir-birini əvəz etdikcə həmin hadisə hekayətlərə, həqiqət yükü az olan rəvayətlərə çevrilirdi...

Kəlbəcər artıq yox idi, meyiti döyüş meydanında qalan şəhidlərin doğmaları məcburi köçkün düşmüş, şahidlərin hərəsi bir tərəfə səpələnmişdi. Kəlbəcər və Kəlbəcərdə qalan hər şey elə Kəlbəcərin özü boyda nağıl olmuşdu...

Dəqiq xatırlayıram: martın 27-də ermənilərin Ağdərə istiqamətindən qəfil hücumunun qarşısını almağa çalışan döyüşçülərimiz itki verərək geri çəkilməyə məcbur olmuşdu. Kəlbəcərin işğal altına düşəcəyinə hələ heç kəs inanmırdı. Amma cəbhəyanə ərazilərdə qızğın döyüşlər gedirdi. Çərəkdar istiqamətindəki hücum zamanı Azərbaycan ordusunun əsgərləri şəhid olmuş döyüşçü yoldaşlarının meyitlərini döyüş zonasından çıxarmağa macal tapmamışdılar...

Martın 27-dən Laçın istiqamətindəki qoşunlarımızın geri çəkilməsinə, 1991-ci ilə qədər Başlıbel sovetliyinə daxil olan Taxtabaşına yaxın ərazilərdə hücumların kəskinləşməsinə baxmayaraq, mülki əhali evlərini tərk etməyə tələsmirdi. Halbuki işğalın ilkin əlamətləri ortada idi, cəbhəyanı kəndlərin demək olar ki, hamısı boşaldılmışdı. “Tuneli dərəsi” boyu ərazilərdəki kəndlərdə isə heç kəs ev-eşiyini tərk etmək barədə düşünmürdü. Hamı bir il əvvəl Laçının işğalı günlərində olduğu kimi, dəyanət və dözüm nümayiş etdirir, hələ tam formalaşmamış ordudan və ölkə rəhbərliyindən kömək gözləyirdi.

Həmin günlərdə taxtabaşılı Camal əminin oğlu Mehmanın şəhid olması xəbəri sürətlə Başlıbelə və ətraf kəndlərə yayıldı. Kəlbəcərdə “Xalq cəbhəsi batalyonu” adlanan özünümüdafiə taborunun tərkibində döyüşən başlıbelli könüllülərin bir qrupu martın 27-də axşam saatlarında kəndə qayıdaraq ermənilərin Ağdabanı və Çərəkdarı tutması xəbərini gətirmişdilər. Düşmənin Taxtabaşı kəndi yaxınlığındakı strateji yüksəklikləri ələ keçirdiyi də söylənilirdi. Hətta burada itki verən Azərbaycan ordusunun şəhid olan döyüşçüləri arasında Mehmandan başqa da tanışlar vardı.

Mehman Camal oğlu Musayevin şəhid olması xəbəri başlıbelliləri çox sarsıtmışdı. Başlıbel kənd orta məktəbinin məzunu olduğu üçün onu hamı tanıyrdı. Bizim kənddə oxuduğu illərdə əmimgildə qalırdı. Əmimin qızı Sevda ilə bir sinifdə oxuyurdu...

Camal əmi Mehmanın şəhid olmasına inana bilmirdi. İlk vaxtlar doğru-yalan, o qədər söz-söhbətlər eşitmişdi ki, şahidlərin dediyinə də şübhə ilə yanaşırdı. Sanki hansısa bir sirr bilirmiş kimi, Mehmandan xəbər gözləyirdi. Onun ürəyincə olan xəbər...

Mehman Musayevin doğmaları onu əsirlikdə axtarırdı. Camal əmi oğlunu axtarmaq, onun başına gələnləri öyrənmək üçün haralara üz tutmadı?! Azərbaycanın aidiyyəti dövlət qurumlarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə yazdığı məkubların özündə saxladığı nüsxələrin, bu müraciətlərə verilən cavabların, üst-üstə yığılan sorğu və teleqramların sayını-hesabını itirsə də, Mehmanın, heç olmasa, meyitinin qalıqlarının tapılacağına olan ümidləri zərrə qədər də azalmadı.

Qırx dörd günlük müharibədən bir neçə il əvvəl Ermənistanda saxlanılan hərbi əsirlərlə bağlı sosial şəbəkələrdə yayılmış videoda gördüyü əsirlərdən birini oğluna oxşatmışdı. Özünə yer tapa bilmirdi, dərhal Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bərdədəki ofisinə üz tutaraq həmin videodakı əsirlərin şəxsiyyəti və onların taleyi barədə məlumat istəmişdi. Komitənin nümayəndələri onunla birlikdə videoya baxmışdılar. Axırda həmin şəxslərin hamısının azad edilərək Azərbaycana gətirildiyini və ailələrinə qovuşduqlarını söyləmişdilər. Ancaq Camal əminin Mehmana oxşatdığı hərbi əsirin şəxsiyyəti və onun yaşadığı ünvan barədə açıqlama verməkdən imtina etmişdilər – Beynəlxalq Qırmızı Xaç Komitəsinin nizamnaməsi belə tələb edir.

Camal əmi isə yenə də özünü onda qoymur, hər vasitə ilə Mehmana oxşatdığı şəxsin kimliyini öyrənməyə çalışırdı...

BQXK-nin Bakı ofisinin də cavabı onu qane etməmişdi. Qohum-əqrəbadan, dostdan-tanışdan – gümanı gələn hər kəsdən xahiş edirdi ki, “Youtube”da yayılan videoda Mehmanın oxşarı olan keçmiş hərbi əsirinin yaşadığı ünvanı öyrənib onu həmin adamla görüşdürsün. Kimsə tapdı həmin adamı, Camal əmi onunla şəxsən görüşdü və yalnız bundan sonra videoda gördüyü adamın Mehman olmadığına inanmışdı.

Mehmanın oxşarını görəndən sonra ümidləri qırıldı. Amma sarsılmadı, oğlunun cəsədinin tapılacağına inamını itirmədi. Əksinə, Mehmanın cənazəsini təhvil alacağı gün qurban kəsəcəyini söylədi. Həm də ilahi bir inamla!

Elə o vaxtdan hər gün əllərini Haqqın dərgahına açıb itkin düşmüş döyüşçü balasının sümüklərinin tapılması üçün dualar etməyə başladı. Belə bir günün olacağına inanırdı. “Mehmandan doğru xəbər çıxmayınca Əzrayıla can vermərəm” deyirdi. Məhz bu inam ona səbr və dözüm, yaşamaq eşqi verdi!

Kəlbəcərin işğaldan azad olunması ilə yaşamaq həvəsi bir az da artdı...

Camal əminin inamla, səbrlə, ümidlə gözlədiyi həmin gün gəlib çatdı. Otuz il beş ay əvvəl oğlu Mehmanla yanaşı onunla eyni vaxtda şəhid olan Yusifin və Qafarın da meyitinin qalıqları tapılıb. Elə həmin yerdən! 1993-cü il martın 27-də ermənilərin pusqusuna düşərkən namərd gülləsinə tuş gəldiyi ərazidə - Yenikənd (Taxtabaşı kənd inzibati ərazi dairəsi) kəndi yaxınlığında.

Yaşı doxsanı haqlamış Camal əmi oğlunun nəşinin tapıldığından xəbərsizdir. Ailə üzvləri yaşını və səhhətini nəzərə alaraq bunu ona demək istəmirlər. Həm də Respublika Prokurorluğunda davam edən araşdırmalar hələ başa çatdırılmayıb. İstintaq hərəkətləri yekunlaşdıqdan sonra hər üç şəhidin qalıqları aidiyyəti üzrə ailə üzvlərinə təhvil veriləcək.

Camal əmi isə hələ də oğlu Mehmanın yolunu gözləyir...
06.09.2023 11:51:00
Oxuma sayı: 5457