Etibarnamə ilə avtomobil alarkən nəyə daha çox diqqət yetirilməli?
Ölçü:


Etibarnamə dedikdə, elə bir yazılı səlahiyyət başa düşülür ki, bu səlahiyyət təmsil olunan adından üçüncü şəxslər qarşısında təmsil olunmaq üçün nümayəndəyə verilir. Ümumiyyətlə, etibarnamə nə üçün verilir?

Etibarnamənin əsas təyinatı yuxarıda da qeyd olunduğu kimi, üçüncü şəxs qarşısında nümayəndənin (etibar edilənin) səlahiyyətini təsdiq etməkdən ibarətdir. Etibarnamə əsasında üçüncü şəxs müəyyənləşdirir ki, nümayəndənin təmsil olunan adından və onun mənafeyi üçün əqd bağlamağa səlahiyyəti var. Yəni etibarnamə verən şəxs sizə öz əmlakını və ya hüquqlarını satmır, etibar edir.

Son zamanlar vətəndaşlar tərəfindən avtomobilin universal (“generalnı doverennost”) və ya baş etibarnamə adlanan etibarnamə ilə alınmasından yaranan problemlərlə qarşılaşırıq. Bu qaydada avtomobil alarkən alğı-satqı faktiki olaraq baş tutmuş olsa da, hüquqi cəhətdən baş tutmuş sayılmır. Yəni mülkiyyət hüququ yenə də avtomobilin hüquqi sahibində qalır. Bu isə gələcəkdə maşını almaq üçün pul ödəyən faktiki alıcıya problemlər yarada bilir. Hətta bununla bağlı uzun sürən məhkəmə çəkişmələri də təcrübədə az deyil.

Vətəndaşlar alğı-satqı müqaviləsi bağlamaqdan çəkinərək işlərini daha asan olan etibarnaməyə etibar edirlər. Lakin sizə verilən və ya sizin verdiyiniz etibarnamə o qədər də etibarlı sənəd deyil: Birincisi, bu sənəd alğı- satqını təsdiqləmir və siz avtomobilin mülkiyyətçisi olmursunuz, ikincisi, etibarnamənin qüvvədən düşmə təhlükəsi hər an var. Nəqliyyat vasitəsinə dair sərəncamvermə hüququnu nəzərdə tutan etibarnamə 1 ildən artıq müddətə verilə bilməz. Bu müddət bitdikdən sonra etibarnaməyə xitam verilir və müvafiq olaraq avtomobili almış şəxsin hüquqları da itirilir. Belə olan halda yenidən avtomobilin mülkiyyətçisini tapmaq və yeni etibarnamə almaq lazım olur.

Bundan başqa, qanunvericiliyə əsasən, etibarnaməni verən şəxs istənilən vaxt heç bir səbəb gətirmədən etibarnaməni ləğv edə bilər. Bu zaman etibarnamə ilə avtomobil almış şəxsin hüquqlarına xitam verilir. Təcrübədə bu cür hallar mövcuddur. Avtomobilin mülkiyyətçisi öz hüquqlarından sui-istifadə edərək etibarnaməni ləğv etdirir və daha sonra isə avtomobilin qaytarılmasını tələb edir.

Habelə, etibarnamə onu verən şəxs vəfat etdikdə də qüvvədən düşmüş sayılır. Yəni avtomobili etibarnamə ilə satmış şəxs vəfat etdikdə, onun verdiyi etibarnamə öz qüvvəsini artıq itirir. Yenə də avtomobili almış şəxs çıxılmaz vəziyyətə düşmüş olur. Belə olan halda avtomobili almış şəxs məcburdur ki, avtomobilin vərəsələrdən birinin adına rəsmiləşdirilməsini gözləsin və yalnız bundan sonra həmin vərəsə tərəfindən ona etibarnamə verilməsinə nail olsun. Təbii ki, vərəsə etibarnamə verməkdən imtina da edə bilər.

Etibarnamə ilə avtomobil alan şəxs boşanma hallarının da əlavə qurbanlarından birinə çevrilə bilər. Belə ki, nikah dövründə ər öz adına olan və nikah dövründə alınmış avtomobili etibarnamə ilə digər şəxsə satır. Təbii ki, avtomobil etibarnamə ilə satıldığından mülkiyyətçi elə əvvəlki şəxs qalır. Bir müddət sonra ər-arvad boşanırlar. Boşanma prosesində əmlak bölgüsünə dair mübahisə açılır və avtomobili satmış şəxsin həyat yoldaşı avtomobilin birgə nikah dövründə alındığını iddia edərək onun bölünməsini tələb edir. Belə olan halda həmin avtomobil, təbii ki, onu etibarnamə ilə almış şəxsdən geri alınmalıdır.

O cümlədən, etibarnamə olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə şəxs qırx manat məbləğində cərimə edilir. Bəs nəqliyyat vasitəsinin mülkiyyətçisi kimdir, sahibi kimdir?

Nəqliyyat vasitəsinin mülkiyyətçisi adına qeydiyyat şəhadətnaməsi (çoxumuz bu sənədi hələ də “texpasport” kimi tanıyırıq) olan şəxsdir. O, həm fiziki şəxs, həm də hüquqi şəxs (idarə, müəssisə, təşkilat) ola bilər. Mülkiyyətçi nəqliyyat vasitəsi barəsində sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirir.

Sahibliyin nəyi ehtiva etməsi ilə bağlı Mülki Məcəlləyə nəzər yetirək. Məcəllənin 152.2-ci maddəsi: Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Daha sonra bu Məcəllənin 159-cu maddəsi: Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 163.1-ci maddəsi: Sahiblik əşyanın özünün verilməsi ilə verilir.

Mülki Məcəllənin bu normalarını birlikdə təhlil etdikdə aydın olur ki, nəqliyyat vasitəsini yalnız idarəetmə səlahiyyəti ilə əldə etmiş şəxs onun həm faktiki, həm də hüquqi sahibidir. Yəni nəqliyyat vasitəsinin sahibi qismində həm mülkiyyətçi, həm də etibar edilən şəxs çıxış edir.

Sözsüz ki, bütün oxuyucular üçün maraq kəsb edən əsas nüans bu kimi vəziyyətdə nə etməli olduğumuzdur. Avtomobili necə adınıza keçirdə bilərsiniz?

Əgər siz alqı-satqı müqaviləsi ilə deyil, etibarnamə ilə avtomobili əldə etmisinizsə, dərhal başqa bir şəxsə baş (generalnıy) etibarnamə verməlisiniz və aranızda bağışlama və ya alqı-satqı sənədi imzalanmalıdır. Yalnız bundan sonra avtomobili adınıza qeydiyyatdan keçirdə bilərsiniz. (e-hüquq.az)
23.08.2023 12:48:00
Oxuma sayı: 5202