Laçın, Füzuli və Zəngilana gedəcək ailələrin müayinələri aparıldı
Ölçü:


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.

Koordinat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilir ki, müayinələr "Böyük Qayıdış" layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunub. Ümumilikdə, 186 ailə (705 nəfər) müayinələrə cəlb olunub. Biokimyəvi laborator analizlər, döş qəfəsinin rentgenoskopiyası (flüoroqrafiya), elektrokardioqrafiya (EKQ), tam abdominal USM müayinələri həyata keçirilib.

Müayinələr TƏBİB-in tabeliyindəki Bərdə, Göyçay, Qax, Tərtər, Xaçmaz, Yevlax, Şirvan, Mingəçevir, Sumqayıt, Abşeron, Lökbatan, Binəqədi, Sabunçu, Suraxanı, Nizami, Xətai üzrə müvafiq tibb müəssisələrində, eləcə də Yeni Klinikada təşkil edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan bu müayinələrin əsas məqsədi işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.
09.08.2023 13:29:00
Oxuma sayı: 5366