Başlıbeldə erməni vandalizminin daha bir nümunəsi - FOTOLAR
Koordinat.az xəbər verir ki, işğal dövründə Qarabağın müxtəlif ərazilərində maddi mədəniyyət abidələri üzərində xaç şəkli çəkməklə onları saxtalaşdırmağa çalışan ermənilər bu çirkin niyyətlərini təbiətə qarşı da tətbiq ediblər. İşğal zonasında az qala, qarşıya çıxan hər daşa-qayaya xaç işarəsi çəkən qəsbkarlar Kəlbəcər rayonunun Başlıbel kəndində həyətyanı sahələrdəki meyvə ağaclarının gövdəsini yonmaqdan belə, çəkinməyib. Bu faktı bir neçə gün əvvəl doğma yurdlarını ziyarətə gedən Başlıbel kənd sakinləri aşkarlayıblar. Kənd sakinləri doğmalarının dağılmış evlərini ziyarət edərkən İnqilab Məhəmmədəli oğlu Məmmədova məxsus həyətyanı sahədə iki ağacın gövdəsində motorlu mişar vasitəsilə xaç işarəsi qoyulduğunu görüblər. Onlar ermənilərin bu axmaq və rəzil hərəkətlərini hiddətlə qarşılayıblar.
Fotolardan da göründüyü kimi, motorlu mişarın gövdənin dərinliyinə qədər kəsdiyi hissənin yan-yörəsinin sonradan yeni qabıqla əhatələnib. Bu, həm də ermənilərin ağaclar üzərindəki vəşhi xaç sevgisinin işğalın ilk illərinə təsadüf etdiyini deməyə əsas verir.
Xatırladaq ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zaman Başlıbel kəndində 62 nəfər qadın, uşaq və qoca evlərini vaxtında tərk edə bilmədiyindən kahalara – təbii mağaralara sığınmağa məcbur olmuşdur. İşğaldan 18 gün sonra erməni silahlı qüvvələri onların yerini müəyyənləşdirərək sığınacaqlara hücum etmiş və kütləvi qətliam törətmişdir. Nəticədə 14 dinc sakin girov götürülmüş, 18 nəfər qətlə yetirilmiş, 5 nəfər yaralanmış, 1 nəfər itkin düşmüşdür. Sağ qalan 29 nəfər isə 113 gündən sonra gizli dağ yolları ilə mühasirədən çıxa bilmişlər.
Turizm potensialı, gəzməli-görməli yerləri, maddi mədəniyyət abidələri ilə zəngin olan Kəlbəcər rayonu 27 ildən artıq Ermənistan silahlı qüvvələrinin işğalı altında qalıb. Bu müddət ərzində erməni quldurları rayonun yeraltı və yerüstü sərvətlərini talamaqla yanaşı, xalqımızın əsrlər boyu qoruyub saxladığı qədim tarixə malik mədəni irsimizə qarşı misli görünməmiş vandalizm aktları törədib.
Başlıbel kəndində meyvə ağacları üzərində xaç işarəsinin “həkk edilməsi” mənfur qonşumuzun həm də təbiətə qarşı qəsdinin bariz nümunəsidir.
03.07.2023 17:06:00
Oxuma sayı: 10486