Həkim xəstədən 500 manatdan artıq nağd pul ala bilməz – Qanun dəyişir
Ölçü:


Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də tibbi yardıma görə nağdsız ödəniş qəbul edəcəklər.

Koordinat.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

“Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib.

Bununla da, hüquqi şəxs yaradıb- yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub.

Özəl tibbi praktika – ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət deməkdir.

19.05.2023 13:59:00
Oxuma sayı: 5853