Sülhəddin Əkbər: “Qarabağda 48-72 saat olacaq əməliyyat ərəfəsindəyik" - MÜSAHİBƏ
Ölçü:


"Artıq 15-dən çox siyasi təşkilat özünü buraxdığını elan edib. Mənə elə gəlir ki, bu məsələ ayrıca tədqiqat obyekti olmalıdır. İstərdim ki, Azərbaycanın sosioloqları və politoloqları bu sahədə xüsusi bir araşdırma aparsınlar"

Koordinat.az xəbər verir ki, bunu Azad Demokratlar Partiyasının sədri (AzDP) Sülhəddin Əkbər “AzPolitika.info”ya müsahibəsində bildirib. O, Azərbaycan siyasətinin əsas gündəmi, Qarabağ ətrafında cərəyan edən proseslər, Vaşinqtonda davam edən Azərbaycan-Ermənistan sülh danışıqlarından gözləntilər barədə sualları cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik:
Bildiyiniz kimi, uzun müddətdir Azərbaycanda siyasi partiyaların fəaliyyəti maksimum dərəcədə məhdudlaşdırılıb. Nəticədə gənc nəsilin siyasətə marağı kəskin şəkildə aşağı düşüb. Nə siyasi meydan var, nə də normal siyasi fəaliyyət. Əgər Azərbaycanda partiyaların fəaliyyəti üçün normal bir şərait olsaydı, onların problemləri aradan qalxsaydı, siyasətlə məşğul olmaq çox perspektivli sahə olardı və gənc nəsil də buna ciddi maraq göstərərdi. Kim istəməz ki, parlament, bələdiyyə, prezident seçkilərində iştirak etsin? Bir gənc üçün şəxsi ya da iş həyatında irəli getməyin ən asan yolu siyasətdir. Təəssüf ki, hazırda biz bunun əksini görürük. Siyasi partiyaların maliyyə imkanları yox səviyyəsindədir. Partiyalar yalnız asılılıq şərti ilə maliyyə tapa bilirlər. Bu isə o deməkdir ki, siyasi partiya öz müstəqilliyini itirir və kənardan idarə olunur.

- Kənardan yəni, hardan?
- Hakimiyyət tərəfindən də, sözün hərfi mənasında kənardan da ola bilər. Biz bilirik ki, xaricdən maliyyələşdirilən partiyalarla, qeyri-hökumət təşkilatları və media ilə bağlı məhkəmə işləri olub. Bir sözlə, fundamental səbəb hökumətin siyasi meydanı daraltması, tam idarə olunan siyasi şəraitin yaradılması və bunun nəticəsində ölkədə siyasətə marağın ölməsidir.
Konkret səbəblərə gəlincə, bildiyiniz kimi, hazırda yeni dünya nizamıyla bağlı gedən geopolitik qarşıdurma həlledici mərhələdədir. Ukrayna mərkəzli geopolitik turbulensiya başlayıb və biz də onun təsirlərini hiss edirik. Görünür, hakimiyyət bu turbulensiyaya hazırlaşır və bu hazırlığın elementlərindən biri də siyasi dairəni daha da daraltmaq, tam nəzarət altına almaq, partiyaların sayını minimuma endirərək, daha idarə olunan şəklə salmaq və idarə olunan bu siyasi sistemlə də referenduma, ya da seçkilərə getməkdir.

- “Sisyasi partiyalar haqqında” yeni Qanunun tələblərini yerinə yetirə bilməyən partiyalar özlərini buraxır. Sizin rəhbərlik etdiyiniz təşkilatda vəziyyət necədir, AzDP-ni də təhlükə gözləyirmi?
- Yeni qanunun müzakirəsi başlayanda hakimiyyət müxalif partiyaların təkliflər verməsini istədi. Mən bundan imtina etdim. Çünki bilirdim ki, onsuz da bu təklifləri nəzərə almayacaqlar. Ona görə bu prosesdə iştirak etmədim. Qanun qəbul olunduqdan sonra mətbuata dedim ki, onu anti-demokratik hesab edirəm və xüsusi bir cəhd göstərmək fikrim də yoxdur. Maraqlıdır, partiyanın rəhbərliyində bu məsələ müzakirə olunanda demək olar ki, Siyasi Şuranın üzvlərinin hamısı bir nəfər kimi mənimlə əks fikirdə oldular. Yekun fikir bu oldu ki, biz qanunun tələblərinə cavab verməliyik və partiyamızı qoruyub, saxlamalıyıq. Hazırda partiyada intensiv iş gedir. Amma altı ay ərzində təşkilatlanmanı nə qədər intensiv aparsan da, partiya üzvlərinin sayını üç dəfə artırmaq çox çətin işdir. Ona görə də partiyamız belə bir çətinliklə qarşı-qarşıyadır. Amma biz çalışırıq. İndi nə alınacaq onu sonda görəcəyik.

- Sülhəddin bəy, Qarabağ ətrafında gedən proseslər haqda suallarımız olacaq. Azərbaycan aprelin 23-dən Laçın yolunun girişində dövlət sərhədinə nəzarəti təmin etdi. Bu, müharibədən sonra Azərbaycanın bölgədə suvereniyinin təmin olunması istiqamətində ən ciddi addımı hesab olunur. Siz prosesin gedişatını necə dəyərləndirirsiniz? Azərbayacanın qısa bir müddət ərzində buna nail olacağını gözləyirdinizmi?

- Xatırlayırsınızsa, 10 noyabr üçtərəfli bəyanat imzalanandan sonra ilkin qiymətləndirmələrim məhz “AzPolitika.info” saytında yayımlanıb və hazırki fikrlərimlə onun arasında ciddi fərq yoxdur. Dəyişən şərait və şərtlərdir. Həm qlobal, həm regional, həm də lokal şərait dəyişib. Mən həmin vaxt məsələnin həlli ilə bağlı “küp strategiyası”sını təklif etmişdim. Hazırda Qarabağda bizim nəzarətimizdə olmayan ərazinin xəritədəki təsvirinə baxsaz görərsiniz ki, həmin ərazi sanki küpə bənəzyir. Küpün ağzı beş kilometrlik Ermənistan-Azərbaycan sərhədi idi. Laçın dəhlizi isə həmin küpün boğazı idi. Qarabağın erməni və rus birləşmələrinin nəzarətində olan hissəsi də küpün gövdəsi idi. Təklif edirdim ki, ilk növbədə küpün ağzı yəni, beş kilometrlik sərhəd bağlanmalıdır. Bundan sonra da bütün perimetr üzrə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin postları qurulmalıdır. Və orada iki qardaş dövlətin bayrağı dalğalanmalıdır. Bu, həm Rusiya, həm Ermənistan, həm də Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrə təzyiq təşkil etmək üçün çox vacib amil idi. Yəni, bir anlığa təsəvvür edin ki, daxildə 25 rus sülhməramlı məntəqəsi qurulub. Biz də bu məntəqələrin ətrafında bütün perimetr üzrə məntəqələr və mümkün olan yerlərdə post - patrul xidmətləri qururuq. Beləcə ən kritik məsələni həll edirik- küpün ağzını bağlayırıq.

- Azərbaycan Ordusu həmin ərazilərdə, eləcədə Ermənistanla sərhəddə strateji yüksəklikləri nəzarətə götürüb...
- Sevindirici haldır ki, Azərbaycan konkret bir xətt üzrə olmasa da, hakim yüksəklikləri götürməklə nəzarətimizdə olmayan əraziyə operativ nəzarəti təmin edir. Bununla əslində, Azərbaycan hökuməti bir növ “küp strategiyası”nı həyata keçirir. Perimetr üzrə postlar qurmasa da, hakim yüksəklikləri götürür və nəhayət 23 apreldə Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini qoymaqla küpün ağzını bağlayır. Hesab edirəm ki, bu, Şuşanın alınmasından sonra ən mühüm hərbi - strateji uğur idi. Bu yolun ağzını bağlamaqla, biz artıq Azərbaycanın suveren ərazisində olan Rusiya “sülhməramlılarını”, Ermənistanın qeyri-qanuni hərbi birləşmələrini və separatçıları tam operativ nəzarətə götürdük.

- Bölgədə bundan sonra əsas iş nə olacaq?
- Artıq hakim yüksəkliklərdən yavaş- yavaş aşağı enmək prosesi başlayacaq. Azərbaycan 48-72 saatlıq bir hərbi əməliyyata hazır olmalıdır. Bunun üçün Ukrayna-Rusiya cəbhəsində Ukraynanın başladacağı əks-hücum əməliyyatları bizə fürsət verəcək. Biz 48 -72 saat olacağı gözlənilən əməliyyatın ərəfəsindəyik. Bu, xarakter etibarilə xüsusi əməliyyat, yaxud siyasi, diplomatik, iqtisadi, sosial tədbirlərin hərbi və xüsusi əməliyyatla kombinasiyası da ola bilər. Yəni, bir kompleks tədbirlər planı həyata keçirilə bilər. Düşünürəm ki, sırf klassik təkxətli bir hərəkat olmamalıdır. Çünki biz müasir dövrdə mübarizənin, müdaxilənin, böhranın, böhranlı vəziyyətin, münaqişənin, o cümlədən də müharibələrin strateji xarakter aldığını anlamalıyıq. Burada həm yumşaq gücün, həm də sərt gücün bütün komponentlərindən istifadə olunmalıdır. Daha yaxşı olar ki, bu, kompleks halda tətbiq olunsun. Ola bilər, biz elə bir xüsusi tədbirlər paketi həyata keçirərik ki, heç bir hərbi gücdən istifadəyə ehtiyac qalmaz. Çünki hərbi gücdən istifadə dərəcəsi artdıqca, biz daha çox beynəlxalq reaksiya ilə üzləşə bilərik.
Onu da deyim ki, bizim çox vaxtımız yoxdur. Zelenski aprelin 30-də açıqlama verdi ki, əks-hücum əməliyyatı tezliklə başlayacaq. Açıqlamalar da onu göstərir ki, hazırlıqlar demək olar ki, başa çatıb. Təxminən 5-21 may tarixləri arasında əks-hücum əməliyyatlarına start veriləcəyi gözlənilir. Hesab edirəm ki, çox uğurlu əməliyyat olacaq. Ukraynanın uğurlu hücumunun pikində Azərbaycan qeyd etdiyim 48 -72 saatlıq əməliyyatı həyata keçirməlidir. Məqsəd bu günə qədər bizim yurisdiksiyamızdan kənarda olan ərazidə suverenliyimizin bərpası olmalıdır.

- Həmin ərazidə Rusiya tərəfindən birmənalı şəkildə himayə olunan qondarma, separatçı rejim var. Aprelin 23-dən sonra onların arasında proseslərin qızışdığı, Rusiyadan narazılığın artdığı görünür. Məlumdur ki, Rusiya sülhməramlılarının komandanı dəyişdi və daha yüksək rütbəli hərbçi təyin olundu. Maraqlıdır, Rusiya-Azərbaycan münasibətləri bu kontekstdə qarşıdurma yoxsa, əməkdaşlıq şəraitində davam edəcək?
- Hesab edirəm ki, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin açılması gələcək proseslər üçün də bir model rolunu oynaya bilər. Rusiya 23 apreldə bizim atdığımız addıma elə də kəskin reaksiya vermədi. Bu, o deməkdir ki, artıq Rusiyanın da silahlı qüvvələri, hərbi yükləri və yaxud da “mülki məqsədlər” adı altında daşıdığı yüklər Azərbaycanın sərhəd və gömrük nəzarətindən keçəcək. Yəni, Rusiya “sülhməramlıları” da artıq bizim nəzarətimizdən keçəcəklər. Rusiya prinsipcə buna razıdır.

- Nəyin müqabilində razıdır? Rusiya Azərbaycanla hesablaşırmı?
- Hesablaşır. Ona görə ki, hesablaşmağa məcburdur. Rusiya Qafqazda Türkiyə-Azərbaycan İttifaqına qarşı ikinci bir cəbhə açmaq iqtidarında deyil. Rusiya yaxın perspektivdə Ukraynanın başladacağı hücuma hazırlaşır. Hamı bilir ki, bu hücum uğurlu olacaq. Sadəcə, mübahisə predmeti odur ki, bu hücum hansı dərəcədə uğurlu olacaq. Belə bir vəziyyətdə Rusiya hazırda asılı olduğu Türkiyə - Azərbaycan ittifaqına qarşı ikinci cəbhə aça bilməz.

- Burada zəif bənd Ermənsitandır, təzyiqlər ona yönələcək...
- Bəli. Ona görə də Rusiya daha çox Ermənistana təzyiq göstərir. Moskva sanksiyalar səbəbindən Türkiyə, Azərbaycan, İsrail və Qazaxıstana böyük ehtiyac duyur. Amma bütün bunlar təxribatların olmayacağı, Rusiyanın təslim olacağı anlamına da gəlməməlidir. Rusiya çalışacaq ki, İran, Fransa, Hindistan və Ermənistan ordusundakı “beşinci kolon” üzərindən hadisələrə müdaxilə etsin.
Biz burada Böyük Britaniya, İsrail və xüsusən də Türkiyə ilə birlikdə hərəkət etməli, Rusiya ilə aktiv siyasi, diplomatik fəaliyyət aparmalıyıq. Sabah Azərbaycan xüsusi təyinatlıları Rusiyanın “sülhməramlılarıyla” birgə Xankəndinə enərsə, biz buna təəccüblənməməliyik. Bir məsələni də qeyd etmək istərdim ki, yeni təyin olunan komandan Rusiyanın Müdafiə naziri ilə birbaşa əlaqəsi olan, ona yaxın adamdır. Bilirsiniz ki, Sergey Şoyqunun da Azərbaycanda xüsusi əlaqələri var. Onunla necə dil tapmaq lazım olduğunu Azərbaycan hakimiyyəti çox yaxşı bilir...

- Maraqlıdır, Ermənistan BMT Baş Assambleyasında keçirilən səsvermədə Rusiyanın təcavüzkar olmasını dəstəkləyib. Yəni, Paşinyan hökuməti Rusiyaya qarşı mövqeyini sərtləşdirir. Moskva bu ölkədə revanş edə bilərmi?
- Dediyiniz qətnamədə BMT-nin Avropa Şurasıyla əməkdaşlığından söhbət gedir. Amma bəli, sənəddə Rusiyanın təcavüzkar dövlət olduğu qeyd olunurdu. Təkcə Ermənistan yox, Çin, Hindistan, Braziliya, Qazaxıstan və Türkiyə kimi ölkələr də Rusiyanın əleyhinə səs verib. Ermənistanda isə revanşa cəhd ola bilər. Necə ki, əvvəllər də olub. Bu cəhdlərin təcrübəsi onu göstərir ki, Rusiyanın imkanları məhduddur və getdikcə də məhdudlaşır. Ermənistanda revanş əvəzinə, Nikol Paşinyana qarşı sui-qəsd ehtimalının daha yüksək olduğunu düşünürəm. Çünki hakimiyyət dəyişikliyi çətinləşdiyinə görə, sui-qəsd ehtimalı artır. Mənə elə gəlir ki, ABŞ-ın Ermənistanda olan təxminən 1200 nəfərlik dəniz piyadası xüsusi olaraq bu işə diqqət edir.

- Hazırda Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar gedir. Burda iki maraqlı məqam var: Birincisi, bu səfərin qeyri-müəyyən müddətdə olmasıdır. Belə bir atmosfer formalaşıb ki, razılıq əldə olunana qədər Vaşinqtonda danışıqlar davam edəcək. İkincisi, verilən açıqlamada bildirilir ki, problemlərin həlli üçün tərəflər “yol xəritəsi” formalaşdıracaqlar. Bundan sonra Avropada liderlərin görüşü gözlənilə bilər. Xatıraladım ki, sərhəddəki toqquşmalar zamanı Rusiya tərəfi də belə bir görüş təklif etmişdi və razılıq da var idi. İndi nə dəyişdi ki, dövlət rəsmiləri Vaşinqtona üz tutdular və “sülh masası” orada quruldu?

- Real vəziyyəti anlamaq baxımından bu sualın cavabı olduqca maraqlıdır. Suala keçmədən öncə bir faktı qeyd etmək istərdim: Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəmiz 23 apreldə qurulub. Aprelin 25-də isə Paşinyanla Putin arasında telefon danışığı olub. Bu telefon danışığından sonra Ermənistanda hakimiyyət dairələrinin Rusiyaya qarşı ritorikası daha da sərtləşib. Ermənistan Rusiyaya açıq şəkildə dedi ki, müdaxilə edin və bu post ləğv olunsun.

Paşinyanın bəyanatı vardı ki, Laçın yolunda sərbəst fəaliyyətin təmin edilməsi Rusiyanın öhdəliyidir...

- Əgər bu gün Azərbaycan həmin yerdə əlavə addımlar atırsa, sərhəd xidmətinin yanında gömrük xidməti də qurulursa, polis qüvvələri əraziyə cəlb olunursa, bu məsələni prinsipcə bitmiş hesab etmək olar. Yuxarıda qeyd elədim ki, bu, bir model ola bilər. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivinin simulyasiyası və modelləşdirilməsi kimi. Bu prosesi yaxından və sona qədər izləmək lazımdır.
ABŞ və kollektiv Qərbin məqsədi nədir? Məqsəd Rusiyanın və İranın Cənubi Qafqazdan çıxarılmasıdır. Bu iki destruktiv qüvvənin Cənubi Qafqazdan çıxarılması üçün bu dəhlizi təmizləmək lazımdır. Bunun üçün də onları bura gətirən səbəbləri - süni yaradılmış regional münaqişələri həll etmək lazımdır. Kollektiv Qərb və Avropa Birliyi məhz bu işlə məşğul olur. Bu, Azərbaycanın siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi məsələsinin həllidir. Burada Azərbaycanın milli maraqları ilə ABŞ-ın və kollektiv Qərbin geopolitik maraqları üst-üstə düşür. Biz burada təbii müttəfiqlər əldə edirik.
Mən hər zaman çıxışlarımda qeyd edirdim ki, biz London və Təl-Əviv üzərindən ABŞ-la dil tapmağa çalışmalıyıq. Ona görə ki, bundan sonra danışıqlar masasının başında ABŞ oturacaq. Necə ki, artıq ABŞ bu masanın başında əyləşib.

- Rusiyanın müqaviməti olacaqmı, bu barədə gözləntiləriniz nələrdir?
- Rusiya Türkiyə-Azərbaycan İttifaqı və onun ətrafında olan geniş koalisiya qarşısında geri çəkilməyə məcbur olacaq. Rusiyanın Cənubi Qafqazdakı mövqeləri getdikcə zəifləyəcək, hansı ki, biz bunu artıq müşahidə edirik. Elə postun qurulması da bu mövqeyin zəifləməsənin bariz nümunəsidir. Bu boşluğu regional oyunçu kimi İran doldurmağa çalışacaq. Amma İran tam olaraq Rusiyanın yerini tuta bilməz. Bu yeri Amerika Birləşmiş Ştatları tutacaq.

- Vaşinqtondakı görüşdən gözləntilələriniz nələrdir?
- ABŞ-da konkret bir nəticə əldə olunmaması mümkündür. Amma biz artıq təşəbbüsün ABŞ və kollektiv Qərbə keçdiyini müşahidə edirik. Ukraynanın hücumlarının effektivlik səviyyəsi bu keçidin də nə dərəcədə qalıcı olacağını müəyyən edəcək.

- Azərbaycan və Ermənistan arasında kompromislər nədən ibarət ola bilər?
- Burada ən zəif tərəf hər mənada Ermənistandır. Əvvəla, qalib tərəf Azərbaycandır. Onlar xristian təəssübkeşliyinə baxmayaraq, praqmatik siyasət aparan dövlətlərdir. Ermənistana mümkün təzyiqlər olacaq. Azərbaycan və Ermənistanın strateji çəkiləri müqayisə olunmazdır. Azərbaycan kollektiv Qərbin enerji təhlükəsizliyində xüsusi rol oynayır. Nəqliyyat, ticarət yolları Azərbaycandan keçir. Üstəlik, orta dəhlizin bir hissəsi Azərbaycandan keçir ki, burda Çinin də maraqları bizimlə üst-üstə düşür. Azərbaycan burada Çinin də səssiz dəstəyini alır. Bu baxımdan, Azərbaycanın strateji mövqeyi, çəkisi və enerji təhlükəsizliyində artan rolu, ticarət və iqtisadi əlaqələri böyük önəm kəsb edir. Həmçinin, Azərbaycanın Böyük Britaniya və İsrail kimi müttəfiqlərinin olduğunu, Avropa Birliyi ilə enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan sənədlə Avropanın enerji təminatında artan rolunu, ABŞ-nin münaqişənin həllində maraqlı olduğunu nəzərə alsaq, əsas təzyiqlər Azərbaycana deyil, Ermənistana olacaq. Ermənistan rəhbərliyi də prinsipcə buna hazırdır. ABŞ Dövlət Departamentinin rəsmisi açıqlamasında “bu həftə” ifadəsini işlədir. Bu, o deməkdir ki, qarşıdakı sayılı günlərdə Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin ilkin variantı hazırlanacaq və ya ilkin variantın çərçivəsi müəyyən olunacaq. Amma bu, o demək deyil ki, yaxın zamanda biz sülhə nail olacağıq. Sülhün əldə olunması üçün ilk növbədə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması və Ermənistana təsirini tam ortadan qaldırmaq mümkün olmasa belə, minimuma endirilməsi lazmdır.

- Bəs Qərbin qurduğu masada Qarabağ erməniləri hansı rola malikdirlər? Yəni, bizdən nəsə qopara bilərlər?
- Məncə, burada əsas məsələ Türkiyə faktorudur. Türkiyənin mövcud rəhbərliyi ilə ABŞ arasında siyasi problemlər yaşanır. Bu, bizim ziyanımıza işləyir. Amma xeyrimizə işləyən tərəf də var. Azərbaycan London, Təl-Əviz üzərindən ABŞ-da güclü lobbiçilik fəaliyyəti aparmaq imkanına sahibdir. Biz bilirik ki, Rusiyanı kənara qoysaq, Fransa və ABŞ-da güclü erməni lobbisi var. Ona görə də burada daha çox lobbilərin təsirini müqayisə etməliyik. Bir tərədə Fransa və ABŞ-da olan erməni lobbisi, digər tərəfdə isə anqlosakson və yəhudi lobbisi. Mənə elə gəlir ki, üstünlük bizim tərəfimizdə olacaq. Hər halda təcrübədən də hansı lobbinin güclü olduğunu bilirik.
Separatçılara gəlincə, onlar artıq özlərinin müdafiəsinin daha çox Rusiyanın əlinə oynadığını anlayıblar. Separatçıların müdafiəsi Rusiyanın bölgədə qalması deməkdir. Siz əgər Rusiyanın oradan çıxmasını istəyirsinizsə, deməli, bu dəstəkdən imtina etməlisiniz. ABŞ da artıq seçimini etməlidir. Mənə elə gəlir ki, bütün bu arqumentlər məsələnin həllinin daha çox bizim marağımıza uyğun istiqamətə dönəcəyindən xəbər verir.
03.05.2023 16:10:00
Oxuma sayı: 7990