Vergilərin 80 faizdən çoxu özəl sektorun payına düşür
Ölçü:

Azərbaycanda yığılan vergilərin 80 %-dən çoxu özəl sektorun payına düşür.

Koordinat.az
xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda nazirliyin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransa video-müraciətində bildirib.

"Dayanıqlı inkişaf edən Azərbaycanda özəl sektorun güclənməsi sosial-iqtisadi inkişaf strategiyasının daim mərkəzindədir və bu sahədə sistemli işlər həyata keçirilir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 82 % artıb və 15,5 milyard manat təşkil edib. Bu mütəqilliyimiz dövründə mütləq rekord məbləğdir. Hökumətin müəyyən etdiyi bir sıra fiskal imtiyazlar və güzəştlər fonunda belə nəticələrin əldə edilməsi müsbət haldır. Bu, bizim doğru yolda olduğumuzu, biznes ictimaiyyəti ilə qarşılıqlı etimad və inamın formalaşdığını, iqtisadi sferada qazanılmış uğurların miqyasını və əhatəsini əyani şəkildə göstərir", - deyə o qeyd edib.

"Azərbaycan iqtisadiyyatının inkişafında müsbət meyllər getdikcə artır. 2022-ci ildə ölkənin ümumi daxili məhsulun (ÜDM) dəyəri 4,6 % artaraq 133,8 milyard manat, o cümlədən qeyri-neft-qaz sektorunda 9,1 % artaraq 69,8 milyard manat təşkil edib. ÜDM-in tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb. 2022-ci il ərzində xarici ticarət dövriyyəmizin dəyəri 55 %-dən çox artıb və 52,6 milyard ABŞ dolları, o cümlədən ixracımızın dəyəri 71,8 % artaraq 38 milyard. ABŞ dollarından çox olub. İqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracının dəyəri 12,3 % artaraq 3 milyard ABŞ dollarından çox olub.

Lakin bu gün mürəkkəb və volatil mühitdə yaşayırıq. Buna baxmayaraq, ortamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə təmin edilməsini hədəfləyirik. Davamlı artım drayverlərinin fəallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin ölkə iqtisadiyyatına sürətlə reinteqrasiyası rəqabətqabiliyyətli iqtisadi artımı şərtləndirəcək. Bu prosesdə rəqəmsal ekosistemin, sahibkarlıq mühitinin, insan kapitalının inkişafı kimi məsələlər də diqqət mərkəzində olmalıdır. O cümlədən, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi, yeni alətlərin tətbiqi sahibkarlığın inkişafına yeni töhfələr verəcək. Sənaye zonalarının rezidentlərinin sayının artması, biznesin güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni fiskal güzəştlər, ixrac və investisiyaların təşviqi üçün imtiyazlar və digər məsələlər bu baxımdan xüsusilə qeyd edilməlidir", - deyə nazir əlavə edib.
25.04.2023 10:45:00
Oxuma sayı: 7795