Başlıbel faciəsi-30: kütləvi qətliamın qurbanlarının məzarları ziyarət edilib - FOTOLAR
Ölçü:

Qarabağ müharibəsinin ən dəhşətli və ağrılı hadisələrindən olan Başlıbel faciəsinin 30 ili tamam olur. 

Koordinat.az xəbər verir ki, 1993-cü ilə Kəlbəcərin işğalı zamanı  rayonun ən böyük yaşayış məntəqəsi olan Dəlidağın ətəklərində yerləşən Başlıbel kəndinin 62 sakini, Laçından gəlib onlara qoşulan 9 əsgər və dörd nəfərdən ibarət bir ailə erməni quldur birləşmələrinin vəhşicəsinə yolları kəsməsi nəticəsində kəndi tərk edə bilməmiş, 113 gün kəndin ətrafındakı kahalara çəkilərək məhrumiyyətlərlə dolu həyat yaşamışlar. Sakinlər təxminən 5 kilometr aralıda dağ relyefli ərazidəki təbii mağaralara sığınaraq mühasirə həyatı yaşayıblar.

Aprelin 18-də kənddəki evləri yağmalamağa gələn ermənilər kahalardan gələn tüstünü, ətrafa sərilən pal-paltarları görüb həmin ərazidə məskunlaşma olduğundan şübhələniblər. Elə həmin axşam erməni hərbçiləri tank və digər texnika ilə kahaları mühasirəyə alıb, müxtəlif çaplı silahlardan onların gizləndiyi mağaraları atəşə tutublar. Həmin gecə 18 nəfər sığındıqları yerdə qətlə yetirilib, 14 nəfər girov götürülüb. Gecə yarısı başlayan dəhşətli şaxta və çovğuna dözə bilməyən erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edərək ərazidən uzaqlaşıblar.

Həmin hadisənin iştirakçıları iki gün əvvəl, aprelin 16-da kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birlikdə Başlıbel kəndini ziyarət ediblər. Ötənilki və inişilki ziyarətdən fərqli olaraq budəfəki səfərin əsas iştirakçıları hadisənin şahidi olan, dəhşətli faciə zamanı ailə üzvlərini, doğmalarını itirən qadınlar və uşaqlar olub. Doğma kəndə üz tutanlar arasında ermənilərin girov apardığı sakinlər də var idi və onlar ilk dəfə olaraq 30 ildən sonra həmin ərazini ziyarət ediblər.

Başlıbel faciəsinin şahidləri doğmalarının dəfn olunduğu kütləvi məzarlıqda uyuyan şəhidlərin qəbirlərini ziyarət edib, onların ruhuna dualar oxuyublar. Ziyarət iştirakçıları qətliamın baş verdiyi kahalara baş çəkib, erməni vandallarının törətdikləri dəhşətləri bir daha xatırlayıblar. Sonra hadisənin iştirakçısı olan kənd sakinləri ermənilərin viran qoyduqları doğma yurd yerlərinə, xarabalıqları qalan evlərinə baş çəkiblər

Ziyarətin koordinatoru, Birinci Qarabağ müharibəsinin iştirakçısı və Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahov AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Düşmən işğalından azad edilmiş hər cığırı, bulağı, çölü-çəməni doğma olan kəndi, hər evi, küçəsi, daşı-divarı əziz olan ata ocağını yenidən görmək, onun torpağına üz sürtmək, küçələrini dolaşmaq, qurumuş ağaclarını qucaqlamaq başqa bir hissdir. Bu hiss nə qədər xoş və sevincli olsa da, bu torpaq uğrunda canını fəda edən şəhidləri yada salmaq, onları xatırlamaq da o qədər ağır və kədərlidir. Biz Başlıbeldən qarışıq hisslərlə ayrıldıq. Amma hamının gözündə bir ümid işığı var idi. Faciənin şahidlərinin, kənd sakinlərinin, səfər iştirakçılarının sabaha, gələcəyə olan inamını sözlə ifadə etmək bəlkə də ən qüdrətli qələm sahibinə də müyəssər olan iş deyil. Bu sevinci, inamı və qüruru bizlərə yaşadan Milli Ordunun qəhrəman əsgər və zabitlərinə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, bu torpağın üzərinə qan tökərək xalqımıza böyük Zəfər yaşadan hər kəsə minnətdarlıq duyğusu ilə çox-çox təşəkkür edirik. Ümid edirik ki, sakinlər öz doğma yurdlarına, ata-baba ocaqlarına qayıtdıqca onların üzündəki işıq da gurlaşacaq, dağlar diyarında həyat yenidən canlanacaq, şəhidlərin ruhu isə rahatlıq tapacaq. Düşmən əsarətindən azad edilən torpaqların sakinlərini yaşadan, onları həyata bağlayan da bu hisslərdir”.


18.04.2023 10:28:00
Oxuma sayı: 12093