Vətənə sədaqətli xidmətin Qurban Sadıqov nümunəsi
Burada dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır. Ümumiyyətlə, dövlət qulluğu təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilməklə yanaşı, dövlətinə və xalqına son dərəcə sədaqətli olmaq, dövlətlə xalq arasında əlaqələndirici vasitə kimi xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Ona görə də bütün dünyada dövlət qulluğu xüsusi nüfuza malikdir. Dövlət qulluqçusu heç vaxt unutmamalıdır ki, o, idarəetmə və digər funksiyalarını icra edərkən ilk növbədə dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir.
Bütün bu yuxarıda sadalanan keyfiyyətlərə, hətta daha artığına malik ziyalımız, şüurlu həyatını dövlət qulluğuna həsr etmiş, uzun illər Nazirlər Kabinetinin Aparatında məsul şöbələrdən birinin – Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsinin ağırlığını çiyinlərində daşımış 2-ci dərəcə Dövlət müşaviri Qurban Rza oğlu Sadıqov 1962-ci il iyulun 15-də Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olub.
M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Bakı Dövlət Universitetini bitirib. Rus dili və ədəbiyyatı müəllimi və Hüquqşünas ixtisaslarına yiyələnib.
Əmək fəaliyyətinə 1984-cü ildə Kəlbəcər rayonu, Sarıdaş kənd orta məktəbində müəllim kimi başlayan Qurban Sadıqov, 1991-ci ildə Kəlbəcər rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə təlimatçı dəvət olunub. İctimai işlərdə fəallığına görə az sonra Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsinə irəli çəkilib. İşi ilə əlaqədar o, Kəlbəcərin bütün ərazisini, yaşayış qəsəbələrini, yaylaqları, dağları qarış-qarış gəzib, hər kənddə insanlarla yaxından ünsiyyətdə olub.
Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli dostu Qurban Sadıqovun 60 illik yubileyinə həsr etdiyi oçerkində onun uşaqlıq və gənclik dövrü haqqında yazır: “Vərdiş etdiyi yüksək məsuliyyət hissi onun xarakterində hələ gənclik çağlarından formalaşıb. Yaşadığı Nadirxanlı kəndində məktəb 8 illik olsa da, təhsili yarımçıq buraxmadan 9-10-cu sinifləri qonşu Qılınclı kənd məktəbində davam etdirib. Hər gün piyada qonşu kəndə dərsə gedib və orta məktəbi əla qiymətlərlə bitirib. Sonradan ali təhsilli pedaqoq kimi Kəlbəcərin Sarıdaş kənd məktəbinə təyinat alanda da yaşadığı kəndlə işlədiyi Sarıdaş arasında 4-5 kilometr məsafəni hər gün piyada gedib-gəlib. Qışda qar dizə çıxanda belə Qurban müəllim şagirdlərinin gözünü yolda qoymayıb, bir gün də dərsdən qalmayıb… Dağları qədər vüqarlı insanların yaşadığı Kəlbəcərin füsunkar təbiəti, bol sulu çayları, sıx meşələri, saf havası da gənc kadrın namuslu, yurdsevər bir vətəndaş kimi formalaşmasında iştirak edib. El-obanın səmimiliyi, saflığı, qonaqpərvərliyi onun da canına-qanına hopub. Ancaq milyonlarla Azərbaycan vətəndaşı kimi, gənc Qurbanın da həyatının nizamlı axarı mənfur erməni tayfasının vəhşiliyi ucbatından pozulub. 1993-cü il aprelin 2-də hərbi təcavüzə məruz qalan səfalı Kəlbəcər oda-alova bürünüb. Yerindən-yurdundan qalxıb Murovun sərt aşırımlarına üz tutan qocaman elin əzablı günlərində Qurbangilin ailəsi də isti ocağını tərk etməli olub. O vaxt hələ Kəlbəcəri geri qaytaracaq “Dəmir Yumruğun” Zəfərinə qədər qarşıda 27 il vardı… Hər günü bir əsrə bərabər ötən 27 il ərzində dövlətə sədaqətlə xidmət edən, el oğlu kimi didərgin soydaşların dərdinə yanan, onların güzəranının yaxşılaşdırılması üçün var qüvvəsi ilə çalışan Qurban Sadıqovun gözlərindən kədər, qəlbindən nisgil, ürəyindən ağrı əskik olmadı. Daim qayğısız uşaqlıq, gənclik illərinin keçdiyi doğma Nadirxanlı kəndini xatırladı, isti dədə-baba ocağının həsrəti ilə yaşadı. Gördüyü qanlı-qadalı hadisələri, erməni vəhşilərinin vandallığını, xalqımıza qarşı etdikləri namussuzluğu bir an belə unutmadı. Qisasın qiyamətə qalmayacağına, mütləq cəza gününün gələcəyinə inandı. Çünki dəfələrlə “Biz o yerlərə mütləq qayıdacağıq” deyən Vətənin xilaskarı ulu öndər Heydər Əliyevə inanırdı. Dahi şəxsiyyətin layiqli varisi Prezident İlham Əliyevə inanırdı. Bu iqtidarın Qarabağda, möcüzələr diyarı Kəlbəcərdə də möcüzə yaradaraq torpağı azad edəcəyinə, həyatı dirçəldəcəyinə inanırdı… Bütün bu ağrı-acılar hər bir vicdanlı azərbaycanlı kimi, onun da taleyindən keçib qan yaddaşına hopan, gənc ikən daxilən “qocaldıb” müdrikləşdirən acı həyat reallıqları idi… Və Birinci Qarabağ müharibəsindən Zəfər Gününə qədər olan müddətdə qaçqın-köçkün probleminin həllində, onların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində Dövlət siyasətinin, Hökumətin Qərar və Sərəncamlarının icrası prosesində iştirak etmək – onun taleyinə yazılmışdı. O, bu taleyi şərəflə yaşadı…” Kəlbəcərin işğalından dərhal sonra Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunmuş, soydaşlarımızın müvəqqəti məskunlaşma yerlərində yerləşdirilməsi və onların sosial məsələlərinin tənzimlənməsində xüsusi əhəmiyyətə malik fəaliyyəti olmuşdur.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvü olan, ötən müddətdə Ali hakimiyyət orqanları, nazirlik, komitə, şirkət, səhmdar cəmiyyət və digər mərkəzi təşkilatlar, şəhər və rayon icra hakimiyyətləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri və beynəlxalq təşkilatları, həmçinin vətəndaşlarla iş sahəsində böyük təcrübə toplamış Qurban Sadıqov artıq 30 ildən çoxdur ki, dövlət qulluğu sahəsində vicdanla çalışır.
Səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə 2-ci dərəcə Dövlət müşaviri rütbəsinə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Qurban müəllim ən gərgin dövrlərdə günlərlə köçkün soydaşlarımızın məskunlaşdığı rayonlarda ezamiyyətdə olur, səlahiyyəti daxilində xarici qonaqları çadır düşərgələrinə müşayiət edəndə rus və ingilis dillərində onlara Qarabağ həqiqətləri, erməni təcavüzünün ağır nəticələri barədə məlumat verir, hazır foto-bukletlər təqdim edir, qonaqların problemə dair dolğun informasiya alması üçün əlindən gələni əsirgəmirdi.
Həmkarları tərəfindən Qurban Sadıqov belə xarakterizə olunur: O, ictimai şüurda yer alan bəlli “məmur” tipindən fərqli bir dövlət qulluqçusu kimi davranıb. Heç vaxt özünü məsul vəzifə sahibi olaraq əlahiddə imtiyazlara malik, təmənnalı şəxs kimi göstərməyib. Əksinə, özünü ünsiyyətdə olduğu qəlbi yaralı soydaşlarından fərqlənməyən sadə bir insan kimi aparıb. İstər çadır düşərgəsində görüşdüyü köçkünlər üçün, istərsə də NK-nın qəbul şöbəsinə gələn çoxsaylı vətəndaşlar üçün onunla ünsiyyət problemi olmayıb. Vicdanı təmiz, alnıaçıq məmur imicini qoruyub saxlaya bilib. Hətta kiminsə probleminin həllinə kömək edəndə özü mənəvi zövq alıb. 30 il ərzində topladığı zəngin idarəçilik təcrübəsi, savadı, biliyi, mənəvi keyfiyyətləri, yüksək dövlətçilik əxlaqı Qurban Sadıqovu bundan sonra da yeni uğur zirvələrinə doğru aparacaq potensialdan xəbər verir.
Qurban Sadıqov KİV-ə verdiyi müsahibələrdə xatırlayır ki, doğma Kəlbəcər işğal altına düşəndə onun 31 yaşı var idi: “Düz 27 il idi ki, doğma Kəlbəcərin həsrəti ilə yaşayırdım. Bu 27 ildə anadan olduğum Nadirxanlı, müəllim işlədiyim Sarıdaş kəndi, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində, Rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışdığım Kəlbəcər şəhəri ilə bağlı xatirələrimi ürəyimdə gəzdirmişəm. Tale elə gətirib ki, 1993-2018-ci illər ərzində Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların və məcburi köçkünlərin problemləri üzrə şöbədə müxtəlif vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışmışam. Bunları deməkdə məqsədim odur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş insanların taleyi mənə çox yaxın və doğma olub. Özümü çox xoşbəxt hiss edirəm ki, məhz bu sahədə ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin, Nazirlər Kabinetinin bütün göstəriş və tapşırıqları əsasında üzərimə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmışam. Bir komanda olaraq çalışmışıq ki, yurd-yuvasından didərgin salınmış soydaşlarımızın mənzil-məişət, sosial problemləri yüksək səviyyədə həll edilsin. Həmçinin onların problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində də əməli fəaliyyət göstərmişik. Yurd həsrətini, nisgilini həmin insanlarla bir yerdə yaşamış, bir yerdə kədərlənmiş, bir yerdə sevinmişik. Artıq nisgilimiz, həsrətimiz, ağrı-acılarımız arxada qalıb. Biz sentyabrın 27-dən başlayaraq demək olar ki, hər gün qələbə sevinci yaşamışıq. Müzəffər Ali Baş Komandanımızın qələbə müjdələri hər bir azərbaycanlıya, hər bir məcburi köçkünə yerə-göyə sığmayan sevinc, dədə-baba torpaqlarına böyük qayıdışın çox yaxında olduğu günlərin unudulmaz duyğularını yaşadıb. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində tariximizə Böyük Qələbə zəfərini yazıb. Bu şanlı Zəfərin, bu Böyük Qələbənin təməli məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti illərində qoyulub… Yaxşı yadımdadır, Ulu Öndər 2002-ci il sentyabrın 13-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlərlə görüşdə demişdi: “Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm”. Şəhərləri, qəsəbələri, kəndləri işğaldan azad olunan bütün soydaşlarımız kimi mən də doğma Kəlbəcərimin azadlığa qovuşması gününü səbirsizliklə gözləyirdim”.
İnşallah, bu, Qurban müəllimə də, də, bütün soydaşlarıma da nəsib olacaq!
Qurban Sadıqovun 2021-ci ilin sentyabrında Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyevlə Kəlbəcərə səfər etməkdə məqsədi uzun ayrılıqdan sonra dogma yurda baş çəkmək, Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi ilə üzbəüz yerdə bütün şəhidlərimizin xatirəsini yad etməklə bərabər,Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin də Xatirə lövhəsini həmin yerdə quraşdırmaqdan ibarət olmuşdu.Qeyd etmək lazımdır ki,Qurban Sadıqovun təşəbbüsü ilə həmin yerdə və digər ərzailərdə olan erməni vandalları tərəfindən qoyulmuş abidə kompleksləri vətənpərvər və qeyrətli həmyerlilərimiz tərəfindən ləğv edilmiş, Sonra bu ideya Birinci Qarabag müharibəsi veteranı,ictimai fəal İlqar Quliyevin və “Yol Körpü Tikinti”MMC-nin rəhbəri Şəmsəddin Məmmədovun təşkilatçılığı və vəsaitləri hesabına bütün Kəlbəcər şəhidlərinin Xatirə lövhəsi quraşdırılmışdır.
Tural Kəlbəcərli,
102info.az
102info.az
03.04.2023 10:45:00
Oxuma sayı: 13287