Talış kəndinə ilk köç başlayıb
Ölçü:

 
Talış kəndinə böyük qayıdış gününə həsr olunmuş tədbirin icrasına başlanıb.

Koordinat.az
xəbər verir ki, Tərtər rayonundakı Bayraq meydanında təşkil olunan tədbirdə köç etməyə hazırlaşan ailələr, Talış-Suqovuşan istiqamətində aparılan hərbi əməliyyatlarda qazı olmuş hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak edir.

Bayram əhval-ruhiyyəsi ilə başlanan tədbirdə əlamətdar günü vətənpərvərlik ruhunda ifa olunan musiqi nömrələri müşayət edir.

Qeyd edək böyük qayıdış zamanı 90 nəfərdən ibarət 20 ailə Talış kəndinə yola düşəcək. Köç iki mərhələdə həyata keçiriləcək. Hər mərhələdə on ailə öz doğma yurduna dönəcək.

Qeyd edək ki, köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və s. çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. mövcuddur. Köç prosesinin növbəti aylarda da davam etməsi planlaşdırılır.

Xatırladaq ki, dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü ararılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.

Talış kəndinə köçürülən 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Onlar yeni evlərinə bu gün, martın 16-da köçürülür.
16.03.2023 10:51:00
Oxuma sayı: 1094