Ağdərədən olan deputat ermənilərlə görüşmək üçün Xocalıya göndərildi... davamlı olacaq

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Koordinat.az xəbər verir ki, bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək. Növbəti müzakirələrin Bakı, Gəncə və ya Ağdamda keçirilə biləcəyi deyilir.
Xatırladaq ki, rəsmi Bakının Qarabağdakı ermənilərlə danışıqlara məsul şəxs kimi təyin etdiyi Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilib. 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olan Ramin Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib.
Xocalıda Azərbaycan nümayəndələri ilə görüşdə iştirak edən Qarabağ
ermənilərinin təmsilçilərindən biri Samvel Şahramanyan olub. O, hazırda
qondama rejimdə Təhlükəsizlik Şurasının "katibi" vəzifəsində çalışır.
01.03.2023 18:54:00
Oxuma sayı: 2633