Dünyanın super gücləri Ukraynada Rusiyaya qarşı birləşir
Ölçü:


Rusiya Ukraynanın şərqindəki mövqelərinə yeni qüvvələr kontingenti atsa da, irəliləyə bilməyib.

Koordinat.az xəbər verir ki, bu barədə Ukrayna ordusu fevralın 1-də məlumat yayıb. Ordunun Baş Qərargahının fevralın 1-də yaydığı məlumatda deyilir ki, “düşmən şərqi Donetsk vilayətindəki Lıman və Baxmut istiqamətində hücumlara fasilə verməyib”, Avdiyevka Novopavlovkada “uğursuz hücumlar” gerçəkləşdirib, “böyük itkilər verib”.

Bu informasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb. Rusiyanın qızğın döyüşlər gedən Baxmut şəhərindən 150 km cənub-şərqdə yerləşən Vuhledar şəhərinə hücumları intensivləşdirdiyi bildirilir.

Ukrayna yanvarın 31-də bildirib ki, Qərb müttəfiqlərindən 140-dək müasir tank gözləyir. Berlin artıq digər ölkələrə də icazə verib ki, Ukraynaya Almaniya istehsalı olan Leopard 2 tankları göndərsin.

ABŞ Ukraynaya 2 milyard dollardan artıq hərbi yardım paketi hazırlayır və paketə ilk dəfə olaraq uzunmənzilli raketlər, eləcə də digər silah və sursat salına bilər. Bu haqda “Reuters” məsələdən agah ABŞ rəsmilərinə istinadla xəbər yayıb.

Yardımın bu həftə elan olunacağı gözlənir. Rəsmilərin dediyinə görə, paketə “Patriot” havadan müdafiə sistemləri üçün dəstək avadanlığı, dəqiqliklə idarə olunan döyüş sursatı, Javelin antitank silahları salınacaq.

Ağ ev məlumatı şərh etməyib. Prezident onu imzalayanadək yardım paketlərinin tərkibi və miqyası dəyişə bilər.

Rusiya ötən ilin fevralında Ukraynanı işğal etməyə başlayandan ABŞ Kiyevə 27.2 milyard dollarlıq təhlükəsizlik yardımı göndərib. Rusiya işğalı “xüsusi əməliyyat” adlandırır.

01.02.2023 17:13:00
Oxuma sayı: 1079