Kəlbəcərin tarixində ilkə imza atmış alim: Aqil Əsədovu elmi yüksəlişə aparan yollar
Ölçü:

Zaman: 18 may 2022-ci il
Məkan: Bakı şəhəri


Bir yaz axşamı günəş batar-batmaz mobil telefonuma zəng gəldi. Ədalətin sevinci, həyəcanı səsindən duyulurdu: “Muştuluğumu ver, Aqil doktorluq işinin müdafiəsini başa vurdu! Elə indicə yekunlaşdı, hələ İqtisad Universitetindəyik, İçərişəhərdə...”

Çoxdan gözlədiyimiz bu xəbərin sevincini yaşamaq özü bir xoşbəxtlikdir. Ani, ötəri hisslər olsa belə!

Telefonda hər ikimizin sevinci bir-birinə qarışmışdı. Hətta ilk cümlədən sonra nə deməsinin elə bir əhəmiyyəti qalmamışdı. Qulağıma çatan sonuncu sözlərini heç düz-əməlli eşidə bilmədim. Bircə onu onladım ki, ən yaxın dostlar, doğma və əziz adamlar iqtisad elmləri doktoru adını almış Aqil Əsədovu təbrik etmək üçün harasa toplaşırlar.

“Gələ bilirsənsə, gəl, səni gözləyirik” – deyə Ədalət görüş yerinin ünvanını söylədi.

Evdən tələsik çıxdım. Masazırdan “Nizami” metrostansiyasının yanına getməliydim. Taksiyə oturan kimi heç özüm də bilmədən xəyallar məni keçmişə, Kəlbəcərli illərə, doğulub boya-başa çatdığım Başlıbel kəndinə qaytardı...

Adi yazı taxtası idi, eynilə məktəbimizdəkindən. Bircə fərq vardı ki, bu yazı taxtası məktəbdə gördüyüm lövhələrdən çox balaca idi, bəlkə də yarısı boyda. Təbaşiri və “silgi” dediyimiz əl boyda tərtəmiz yastığı da yanında. Hətta qonur rəngli lövhədə ağ təbaşirlə alt-alta yazılmış riyazi tənliklər də silinməmişdi...

Mamamgildə, qonaq otağının giriş qapısının sağında divardan asılmış lövhəni görəndə təəccüblənmişdim: evdə də yazı taxtası olar?

Evlərimiz yaxın, ailələrimiz çox mehriban olsa da, mamamgilə ancaq buyruq dalınca, hansısa bir iş olanda gedirdim. O qədər utancaq idim ki, çox vaxt evə də keçmirdim, buyruğu yerinə yetirib qapıdan geri qayıdırdım. Bu dəfə nəyə gəlmişdimsə, içəri keçməli oldum, mamam adəti üzrə bəzəkli kağızları olan konfetlərdən bir neçəsini cibimə basa-basa məni yanında oturtdu. Utana-utana gözucu divardakı yazı taxtasına baxdığımı görəndə marağımı anladı: “Bizim uşaqlar müəllimlərinin evə verdiyi tapşırıqları məktəbdə olduğu kimi hazırlayır. Yazı taxtasını Məhiyəddin qağan (Sürəyya mamamın yeganə oğlu Məhiyəddin müəllim atamdan cəmi 7 yaş kiçik idi, biz əmiuşaqları onu özümüzə böyük sayır, buna görə hörmət əlaməti olaraq ona “Məhiyəddin qağa” deyə müraciət edirdik) rayondan gətirib. Bax, oradakı misalları da Aqil yazıb, indi mal-qoyuna ot-ələf verməyə gedib, gələndən sonra davam edəcək...”

Mamamın izahatından sonra yalnız məktəbimizdəki sinif otaqlarında gördüyüm yazı taxtasının evə nə üçün gətirildiyini anlamışdım. Ali kateqoriyalı riyaziyyat müəllimi olan Məhiyəddin Əsədov övladlarının daha yaxşı təhsil alması üçün evdə “dərs otağı” hazırlamışdı. Belə də adlandırırdılar - “Dərs otağı”.

Əsədovlar ailəsində üç oğul, iki qız böyüyürdü. Nədənsə, mamam oğul nəvələrinin ən kiçiyi olan Aqili daha çox istəyirdi. Mənə elə gəlirdi ki, onun körpəlikdən dilavər və hazırcavab olması, qoçaqlığı və zəhmətə alışqanlığı burda mühüm faktor idi. Axı, mamamgilin heyvan təsərrüfatı da böyük idi, işin ən ağırı Aqilin üzərinə düşürdü. O, hələ aşağı siniflərdə oxuyandan səhər tezdən yuxudan qalxar, mal-qoyunun ot-ələfini verib sonra məktəbə yollanardı. Məktəbdən qayıdandan sonra da günorta və axşam vaxtının ən azı bir saatını tövlədə mal-qaraya qulluğa sərf edirdi. Bu, heyvandarlığın geniş yayıldığı Kəlbəcərdə, illah da ucqar Başlıbel kəndində yaşayan hər kəsin həyat tərzi idi – birində az, digərində çox. Baxmayaraq ki, qışı sərt və uzun keçən Başlıbeldə çoxlu mal-qoyun saxlamaq müəllim ailələri üçün xarakterik deyildi, amma mamamgildə fərqli idi, xüsusilə Aqilin zəhmətsevərliyi, təsərrüfat işlərinə şövqlə yanaşması hesabına. Onun təsərrüfata münasibətdə səliqəli davranışları nə ailənin digər üzvlərinə, nə də qonum-qonşudakı həmyaşıdlarına  bənzəmirdi...

Təsərrüfat və ev qayğıları nə qədər çox olsa da, dərs və iş bölgüsünü eyni həvəslə, həm də planlaşdırılmış rejimdə yerinə yetirirdi. Heç şübhəsiz, evdəki yazı taxtası da bu işdə onun köməyinə çatırdı...

Aqilin öz tay-tuşları arasında riyaziyyatı hamıdan yaxşı oxuduğunu kənddə çoxları bilirdi. Hətta bir sinif yuxarının məsələ və misallarını sərbəst şəkildə həll etməyi bacarırdı. Bəzən çətin tənliklərin, triqonometrik funksiyalar üzrə misalların düzgün cavabını tapmaqda çətinlik çəkən riyaziyyatçı-şagirdlər bu bəstəboy oğlanın köməyindən istifadə etməli olurdular...

Dərs zamanı yuxarı sinif şagirdlərinin həll edə bilmədiyi məsələ və misalların düzgün cavabını yazmaq üçün Aqilin ayrı-ayrı sinif otaqlarına aparıldığını da görmüşdüm. Bu, həm də Başlıbel məktəbinin keçmişdən gələn ənənəsi, müəllimlərimizin tədris və tərbiyə üsullarından biri idi. Dərslərini yaxşı oxuyan, xüsusi bilik və bacarığa malik şagirdləri nümunə göstərməklə başqalarını da təhsilə həvəsləndirir, onları motivasiya edirdilər...

Mən hərbi xidmətə yollananda Aqilin orta məktəbi bitirməsinə hələ iki il vardı. Onda Qarabağda müharibə başlasa da, döyüşlər Kəlbəcərdən çox-çox uzaqlarda gedirdi...

Qanlı-qadalı müharibənin illəri külək kimi ömrümüzdən sovurduğu dövr idi. Xoşbəxt gələcəyə köklənmiş arzuların donduğu, kənddən-kəsəkdən, eldən-obadan xəbərsiz keçirdiyim müharibə dövrü...

Yaxşı ki, Aqil hələ əsgərlik yaşına çatmamışdı, yoxsa müharibə bu ağıllı və müdrik oğlanın da yolunda maneəyə çevriləcəkdi. Şükür Tanrının qismət payına!

Onun xoş sədası Kəlbəcərin işğalından bir neçə ay sonra gəldi - 1993-cü ilin payızında. Məcburi köçkünlüyün ən ağır, dözülməz həddə olduğu vaxtlarda. Onda biz Bərdədə, mamamgilin ailəsi isə Bakıda məskunlaşmışdılar. Aqilin Mingəçevir Politexnik İnstitutuna daxil olması sorağı Kəlbəcərin işğalından sonra eşitdiyim ən xoş xəbər idi. Amma bütün qohum-əqrəba bir-birindən uzaq düşmüşdü, sevincimizi bölüşə bilmədik. O zaman indiki kimi mobil telefon da yox idi...

Aqil Əsədov birinci kursu bitirdikdən sonra təhsilini Bakıda – Azərbaycan Texniki Universitetinin “Mühəndis biznesi və menecment” fakültəsində davam etdirdi. 1997-ci ildə bakalavr təhsilini başa vuraraq həmin universitetin magistraturasına daxil olanda mənim də müharibədən əvvəl yarımçıq qalan arzum gerçəyə çevrildi. Uşaq vaxtı hər dəfə ciblərimi gah rəngbərəng konfetlərlə, gah da alma-armudla dolduran mamam yad və qarmaqarışıq Bakı şəhərində məni tək buraxmadı, özlərinin məcburi köçkün kimi məskunlaşdıqları yataqxana otağında bu ailənin üzvü oldum...

Beləcə, bir neçə illik ayrılıqdan sonra həyatın yeni mərhələsini Aqillə birlikdə addımladıq. Bu dəfə lap yaxın, bir ailənin üzvü kimi. Gənc mütəxəssislər üçün nəzərdə tutulmuş yataqxanadakı ev darısqal olduğundan onunla birlikdə dərslərimizi qonşu ilə müştərək istifadə etdiyimiz mətbəx otağında hazırlayır, gecələr burada yatırdıq. Qonşumuz hər dəfə mətbəx-otağa girəndə utandığımdan özümə yer tapa bilmirdim. Aqil isə deyəsən, bu çətinliklərə də öyrəşmişdi...

Asan olmadı...

Bilik və bacarığın kifayət etmədiyi dönəmlərdə ağır zəhmətə qatlaşaraq, əzmkarlıq, bəzi hallarda isə hətta dirəniş göstərərək məqsədə doğru irəlilədi. Məqsədini, hədəfini isə hələ magistraturaya qəbul olunanda qətiləşdirmişdi: elmin ən ali pilləsinədək yüksəlmək.

Elmi fəaliyyətə Azərbaycan Texniki Universitetində aspirantura təhsili almaqla başladı. Aspirant olduğu 2000-2004-cü illərdə “Avtomobil nəqliyyatının infrastruktur sahələrinin iqtisadi inkişafının təkmilləşdirilməsi istiqamətləri” mövzusu üzrə dissertasiya işi üzərində çalışdı. 2005-ci ildə elmi işini uğurla müdafiə edərək “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 2011-ci ildə dosent elmi adı aldı.

Əsas hədəfə isə 46 yaşında nail oldu. 18 may 2022-ci ildə “Azərbaycanda yeni nəqliyyat sisteminin formalaşması və davamlı inkişafının təmin olunması problemləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdi. Düz 6 aydan sonra – noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona iqtisad elmləri doktoru elmi dərəcəsi verildi. Bu xoşbəxt gün, həm də onun doğulduğu aya təsadüf etdi.

Aqil Əsədova qədər Başlıbeldə doğulub boya-başa çatmış, orta məktəbi bu kənddə oxumuş 8 elmlər namizədi, 1 professor, 1 elmlər doktoru vardı. O, 2022-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülməklə həm də Kəlbəcər rayonu üzrə mühüm bir ilkə imza atmış oldu. Aqil Əsədov Kəlbəcər rayonunda nəqliyyat sektoru üzrə ilk və yeganə iqtisad elmləri doktorudur. Bütövlükdə isə ondan əvvəl Kəlbəcər rayonunda iqtisad elmləri doktoru elmi dərəcəsi olan cəmi bir nəfər olub – İstibulaq kəndindən Balaca Əbdürrəhmanov. İndi haqq dünyasında olan Balaca müəllim bu elmi nailiyyyəti sövet dövründə, düz 51 il əvvəl əldə etmişdi. Aqil Əsədov 1976-cı ildən sonra Azərbaycan Respublikasında nəqliyyatın iqtisadiyyatı üzrə ilk elmlər doktoru olmaqla, həm də iqtisad elmləri doktoru alimlik dərəcəsi almış yeganə kəlbəcərlidir.

Heç şübhəsiz, iqtisad elmləri doktoru Aqil Əsədovun elmi naililiyyəti, dissertasiya mövzusundakı səmərələşdirici təklifləri müstəqil dövlətimizin iqtisadi inkişafına təkan verəcək, yeni güc qatacaq qədər mühüm əhəmiyyət daşıyır. Onun elm sahəsindəki yüksəlişi düşmən tapdağından azad edilmiş doğma Kəlbəcərimizi, keçmişi ilə qürurlandığımız Başlıbelimizi, elmi və mərifəti ilə öyündüyümüz el-obamızı bir az da şərafətləndirdi!

Əhsən sənə, Aqil Əsədov! Həm də Azərbaycan cəmiyyətinə saysız-hesabsız ziyalılar – örnək alimlər, MƏKTƏB quran müəllimlər, peşəkar həkimlər, bacarıqlı mühəndislər, savadlı hüquqşünaslar, vətənpərvər jurnalistlər, səriştəli iqtisadçılar bəxş etmiş Başlıbel kəndinin dəyərini artırdığına görə!

Yolun açıq olsun, elimizin alim oğlu!

Elxan SALAHOV,
Araşdırmaçı-jurnalist,
"Qanlı kaha" və "Tanrı yoxuşu" kitablarının müəllifi

30.01.2023 14:49:00
Oxuma sayı: 9017