Maliyyə Nazirliyi Mikayıl Cabbarovun yalanlarını üzə çıxardı
Ölçü:

2022-ci ildə neft-qaz sektorundan büdcəyə 7 milyard 459 milyon manat vergi ödənilib. Bu isə proqnozdan 85 faiz və ya 3 milyard 439 milyon manat çox ödəniş deməkdir.

Koordinat.az xəbər verir ki, təkcə bu fakt Azərbaycanda vergi yığımlarının 48 faizinin neft-qaz sektorunun payına düşdüyünü təsdiqləyir. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə dövlət büdcəsinə 15 milyard 541 milyon manat həcmində vergi yığımları daxil olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tez-tez Dövlət Vergi Xidmətinin proqnozdan çox vergi yığmasına dair açıqlama verir və bunu daha çox iqtisadiyyatın inkişafı, kölgə iqtisadiyyatının azaldılması kimi amillərə bağlayır. Amma Maliyyə Nazirliyinin 2022-ci il üzrə dövlət və icmal büdcəsinin icrasına dair hesabatı Mikayıl Cabbarovun yalanlarını üzə çıxarıb. Rəsmi göstəricilərdən aydın olur ki, Dövlət Vergi Xidmətinin proqnozdan artıq vergi yığmasının əsas səbəbi enerji qiymətlərinin gözləniləndən yüksək olmasıdır. Ötən ilin nəticələrinə görə, vergi orqanları proqnozdan 3 milyard 801 milyon manat çox vəsait toplayıb. Neft-qaz sektoru üzrə proqnozdan artıq yığılan verginin həcmi 3 milyard 439 milyon manatdır. Deməli, proqnozdan artıq yığılan vəsaitin 90 faizi məhz enerji gəlirlərinin artması ilə bağlıdır. Əslində yerdə qalan artım məbləği də elə qiymət artımlarının nəticəsidir, axı 2022-ci ildə ölkədə bir çox məhsullar bahalaşdığından həmin məhsullara görə ödənilən vergilərin də həcmi artıb.

Üstəlik, gömrük orqanlarının da büdcəyə ödənişləri proqnozu üstələyib. Ötən il dövlət büdcəsinə bu istiqamətdən 5 milyard 655 milyon manat daxil olub. Bu, gözlənilən gəlirlərdən 22.8 faiz yüksək göstəricidir. Nəzərə almaq lazımdır ki, qiymət artımları gömrük artımlarının da artmasına təsir edir. İdxal edilən məhsullar bahalaşdığından onlar üçün ödənilən gömrük rüsumlarının da həcmi artmış olur.
24.01.2023 12:16:00
Oxuma sayı: 130