Ekspert hökumətin turizmlə bağlı planlarını yaxşı sağlığa bənzətdi
Ölçü:


2022-ci ildə Gürcüstana 5,4 milyon xarici vətəndaş səfər edib. Bu ölkənin turizm gəlirləri isə 3,5 milyard dollara yaxın olub.

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycana 1,6 milyon xarici ölkə vətəndaşları səfər edib və ölkənin turizm gəlirləri, ən yaxşı halda 1,5 milyard dollar olacaq.

Ekspert deyib ki, Gürcüstana dünyanın 40-a yaxın avişirkəti uçur, quru sərhədləri də açıqdır. Azərbaycanda hava yolu ilə sərnişin daşımanın 90%-i AZAL və BUTA-nın payına düşür, quru sərhədlər də bağlıdır: “Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 mln. nəfərə, bu sahədən gələn gəlirləri isə 8 mlrd. dollara çatdırmağı düşünür. Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 mln. nəfərə, xarici turistlərdən gələn gəlir isə 3 mlrd. dolları keçəcək”.

Natiq Cəfərli hesab edir ki, Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi hədəfləyib. Məsələn, 2022-ci ildə ölkəyə 10 yeni avişirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb. Bundan başqa Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 mln. lariyə yaxın təşviq paketi ayıracağını elan etdi.

"Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları isə yaxşı sağlığa bənzəyir, çünki nə xroniki problemlərlə, nə inhisarçılıqla bağlı heç bir addım atmaq istəmir” - deyə, Natiq Cəfərli vurğulayıb.

19.01.2023 11:18:00
Oxuma sayı: 268