Pandemiya zənginləri varlandırıb, kasıblar daha da yoxsullaşıb
Ölçü:


Britaniya xeyriyyə təşkilatı "Oxfam"ın yeni hesabatı qlobal miqyasda artan bərabərsizliyi vurğulayaraq, pandemiyanın əvvəlindən bəri yığılan yeni sərvətin, demək olar ki, üçdə ikisinin dünyadakı ən zəngin 1 faizə keçdiyini aşkar edib.

Koordinat.az xəbər verir ki, "Oxfam" Covid sonrası artan bərabərsizliklə mübarizə aparmaq üçün sərvətin yenidən bölüşdürülməsinə və ən zənginlərə yeni vergilərin tətbiqinə çağırış edib.

"Oxfam" bazar ertəsi günü İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun başlanmasından əvvəl “Ən zənginlərin sağ qalması” adlı hesabatını açıqlayıb. Məlum olub ki, həddindən artıq zənginliyin və həddindən artıq yoxsulluğun 25 ildə ilk dəfə eyni vaxtda artıb. "Oxfam"ın hesablamalarına görə, Covid-19-un iqtisadi təsirləri ilə mübarizə aparmaq üçün həyata keçirilən faiz dərəcələrinin aşağı salınması və pul siyasətinin yumşaldılması kimi alətlər varlıların əmlak və səhmlərinin dəyərini artırıb.

Hesabatda deyilir ki, son iki ildə ən aşağı səviyyədə yaşayan bir insanın qazandığı hər 1 dollarla müqayisədə hər milyarder təxminən 1,7 milyon dollar qazanıb.

2022-ci ildə kiçik azalmalara baxmayaraq, milyarderlərin ümumi sərvəti gündə 2,7 milyard dollar artıb. Artıq ardıcıl on ildir ki, milyarderlərin həm sayı, həm də sərvəti ikiqat artır və pandemiya dövrünün qazancı da buna əlavə olunub.

“Mövcud iqtisadi reallıq əsas insani dəyərlərə təhqirdir. Həddindən artıq yoxsulluq 25 ildə ilk dəfə artmaqdadır və bir milyarda yaxın insan aclıqdan ölür, lakin milyarderlər hər gün qalib gəlir”, – "Oxfam"ın baş icraçı direktoru Danny Sriskandarajah deyib.

Hökumətlərin azsaylı insanların maraqları üçün hərəkət etməyi dayandırmalı olduğunu vurğulayan Sriskandarajah, “Bir çox ölkədə ən yoxsulların super zənginlərdən daha yüksək vergi faizi ödədiyi sistemi necə qəbul edə bilərik?” deyərək əlavə edib ki, super varlılardan daha çox vergi tələb olunmalıdır.

Sərvətin yenidən bölüşdürülməsinə dair "Oxfam" hesabatında vurğulanır:
- Qida və enerji şirkətləri 2022-ci ildə mənfəətlərini iki dəfədən çox artıraraq 800 milyondan çox insanın aclıq çəkdiyi bir vaxtda varlı səhmdarlara 257 milyard dollar ödəyiblər.
-  Vergi gəlirlərinin yalnız 4 faizi sərvət vergilərindən gəlir və dünya milyarderlərinin yarısı vərəsəlik vergisi olmayan ölkələrdə yaşayır.
-   Dünyanın multimilyonerləri və milyarderlərinin sərvətinə 5 faizədək vergi tətbiq edilməsi ildə 1,7 trilyon dollar gəlir gətirə bilər ki, bu da 2 milyard insanı yoxsulluqdan çıxarmaq və aclığa son qoymaq üçün qlobal planı maliyyələşdirmək üçün kifayətdir.

Kolumbiyanın maliyyə naziri José Antonio Ocampo hesabatın ön sözündə yazıb: “Ən zənginlərdən vergi almaq artıq seçim deyil, zərurətdir. Qlobal bərabərsizlik artıb və bərabərsizliklə mübarizə üçün sərvətin yenidən bölüşdürülməsindən daha yaxşı yol yoxdur”.

Oxfam vurğulayıb ki, həddindən artıq sərvət cəmləşməsi artımı zəiflədir, siyasəti və medianı korlayır, demokratiyanı aşındırır və siyasi qütbləşməyə gətirib çıxarır.

Xeyriyyə təşkilatı qeyd edib ki, super varlılar iqlim böhranının əsas günahkarlarıdır və milyarder adi insandan milyon dəfə çox karbon buraxır, ətraf mühiti çirkləndirən sənayelərə sərmayə yatırmaq ehtimalı orta sərmayədardan iki dəfə çoxdur.

17.01.2023 17:13:00
Oxuma sayı: 240