Qazaxıstan və Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropaya - Cavanşir Feyziyevin şərhi
Ölçü:


"Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsi olaraq bu ölkədən Avropaya neft-qaz ixracı kəskin dərəcədə azalıb. Regionun digər böyük qaz istehsalçısı olan İran da artıq uzun müddətdir ki, oxşar sanksiyalar altındadır. Belə bir şəraitdə Türkiyənin Avropa üçün ən yaxın və etibarlı qaz təchizatı rolunu öz üzərinə götürməsi üçün əlverişli iqtisadi fürsət yaranıb".

Koordinat.az
xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev deyib. Onun sözlərinə görə, Türkiyədə keçirilməsi nəzərdə tutulan sammit Avropanın təbii qazla təminatının yaxşılaşdırılması üçün yeni təchizat mənbələrinin araşdırılması və müvafiq infrastruktur layihələrinin müzakirə olunması baxımından çox önəmlidir: "Şübhəsiz ki, Avropanın təbii qazla təminatında Azərbaycanın da rolu kifayət qədər mühümdür. Ona görə də keçən ilin iyulun 18-də Avropa Komissiyası ilə ölkəmiz arasında enerji təminatı sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdı".

Cavanşir Feyziyev deyib ki, Avropanın təbii qaz təchizatı ilə bağlı üzləşdiyi problemin həllində Azərbaycanın tranzit imkanları da çox əhəmiyyətlidir: "Yaxın gələcəkdə Qazaxıstan və Türkmənistan yataqlarında istehsal olunan enerji resurslarının Azərbaycan və Türkiyə üzərindən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması mövcud problemin ən optimal həll yolu kimi görünür. Avropa-Asiya iqtisadi münasibətlərində belə bir transformasiya bütövlükdə Avrasiya və dünya siyasətinə təsirsiz ötüşməyəcək. Bu istiqamətdə atılacaq addımlar uğurlu olarsa, Avrasiya ölkələri arasında siyasi-iqtisadi əməkdaşlığın genişlənməsi sayəsində bütövlükdə Avrasiya miqyasında hərbi-siyasi gərginlik də əhəmiyyətli dərəcədə azala bilər. Belə pozitiv ehtimalların fonunda Türkiyədə keçiriləcək qaz sammiti bir çox ölkələr üçün, o cümlədən Azərbaycan üçün mühüm strateji əhəmiyyətə malik olan beynəlxalq tədbir olacaq".
06.01.2023 15:18:00
Oxuma sayı: 457