Mənalı ömrün altı unudulmaz şəkli - Süleyman Qaradağlı yazır
Ölçü:


Bəbir müəllim həmişəki kimi bu gün də evə  yorğun qayıtmışdı. Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə iki tədbirdə iştirak etmiş, gənclərlə görüşdə keçdiyi həyat yolundan, üzləşdiyi çətinliklərdən, öz təcrübəsindən danışmışdı.

Şam yeməyindən sonra istirahət üçün  öz otağına keçdi. Ona qulluq edən nəvəsini çağırıb dedi:

- Qızım, get, şəkil albomunu mənə gətir.

Nəvəsinin getməyi ilə qayıtmağı bir oldu, içi ömrün arxada qalan illərinin yadigarı olan və müxtəlif hadisələri əks etdirən şəkillərlə dolu albomu babasının əyləşdiyi stolun üzərinə qoydu.

Bəbir müəllim albomdakı şəkilləri götürüb baxmağa başladı...

Birinci şəkil: Novruzlu kəndi

Yaşıllıqlara qərq olmuş ata-baba bağları, bol məhsullu, gül-çiçəkli bağçaları uzandıqca uzanan Novruzlu kəndi... Hündür ağaclara dırmaşan tənəklərdə növbənöv üzüm yetişərdi, hətta 1913-cü ildən kənddə fəaliyyət göstərən şərab zavodunda istehsal olunan "Novruzlu" çaxırı beynəlxalq sərginin qızıl medalını almışdı. O, ilk dəfə dünyaya bu kənddə salam verib, ilk dəfə bu kəndin cığırlarında addımlayıb, "Kərbəlayı Abbas", "Hacı bəy", "Hüseyn bəy", "Yusifcanlı" kəhrizlərindən su içib, Qarqar çayının sahillərində at çapıb. Atası Qüdrət kişi uzun illər doğma kənddə hamının üz tutduğu məsləhət yeri olub, ayrı-ayrı kəndlərdə kolxoz sədri, kənd sovetinin sədri işləyib. Ailənin bütün yükünü çəkən anası Sürəyya xanım övladlarının sağlam və savadlı olması üçün əlindən gələni edib. Onun bişirdiyi ətirli təndir çörəyinə nəinki qonum-qonşular, hətta yoldan ötən müsafirlər də qonaq olardı...
Yaddaşında izi olan kənd ağsaqqalları və ağbirçəklərini indi də ehtiramla xatırlayır: ilk müəllimi Elman Süleymanov, tarix müəllimi Xosrov Kərimov, ədəbiyyat müəllimi Talış Xəlilov, sinif yoldaşı Allahverdi, xətrini dünyalar qədər istədiyi Filyar, Bəyim, Güleyşə, Zərziba, Kəklik, Sehran, Sayad, Əzəm, Çiçək xala...

İkinci şəkil: Ağdam, ötən əsrin 70-ci illəri

Bu şəkildə cavandı, şəvə kimi qara saçlarını geriyə darayıb. Ağdam Rayon Partiya Komitəsində işlədiyi vaxtlardır. Bir neçə il Mərzili və Novruzlu kəndlərində, sonra şəhərdəki 8 nömrəli orta məktəbdə müəllim işlədikdən sonra onu irəli çəkiblər. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş gənc müəllim qısa vaxtda rayonda ən fəal pedaqoqlardan biri kimi tanınıb. Məktəb ilk partiya təşkilatının katibi kimi təhsil müəssisəsində təlim-tərbiyə işlərinin yüksəldilməsi, pedaqoji kollektivdə nizam-intizamın möhkəmləndirilməsi, müəllimlərin ideya-siyasi səviyyəsinin artırılması sahəsində də fərqlənib.

Rayon partiya komitəsində əvvəlcə təlimatçı, sonra isə təbliğat və təşviqat şöbəsinə müdir təyin edilib. Bəbir müəllim burada da öz bilik və bacarığı, işə münasibəti, təşkilatçılığı ilə hörmət qazanıb. Eyni vaxtda Könüllü Kitabsevərlər Cəmiyyəti rayon şöbəsinə və rayonun inzibati orqanlarının əlaqələndirmə şurasına  rəhbərlik edib. 1979-cu il avqustun 31-də isə "Lenin yolu" rayon qəzetinə redaktor təyin edilib.

Üçüncü şəkil:
Redaktor

Ötən əsrin 80-ci illərinin ortalarıdır. Bir neçə ildir ki, o, rayon qəzetinin redaktorudur. Redaksiyada növbəti letuçkadır - çapdan çıxmış nömrənin müzakirəsi gedir. Bəbir müəllim şəklə baxa-baxa xatırlayır. Məktublar şöbəsinə vaxtilə "Kommunist" qəzetində zona müxbiri işləmiş İlyas Allahverdiyev, partiya həyatı şöbəsinə uzun illər Beyləqanda "Yüksəliş" qəzetinin redaktoru olmuş Şamil Əkbərov rəhbərlik edirlər. Bir müddət Kəlbəcərin "Yenilik" qəzetinə redaktorluq etmiş Vaqif Məmmədov, respublika radiosunda iş təcrübəsi qazanmış şair Həsən Qəhrəmanov redaksiyanın ədəbi işçiləridir... Əlbəttə, özlərini jurnalistikada peşəkar sayanlardan ibarət bir kollektivə "bu sahənin adamı" olmayan bir şəxsin rəhbərlik etməsi heç də asan deyil. Lakin Bəbir müəllim ideoloji işi dərindən bilməsi, təşkilatçılıq bacarığı, üstəlik, redaktorluq üçün vacib olan dil-üslub məsələlərinə bələdliyi sayəsində bu işin öhdəsindən yüksək səviyyədə gəlir.

Bir müddət sonra redaksiyaya gənc və istedadlı jurnalistlər dəvət edilir, fəhlə-kəndli müxbirlərlə əlaqələr genişləndirilir, rayonda istedadlı qələm sahibləri redaksiya ilə əməkdaşlığa cəlb olunur. Vaxtaşırı oxucu konfransları və əmək kollektivləri ilə görüşlər keçirilir. Qəzetin məzmunu, oxunaqlılığı, operativliyi və təsirliliyi gücləndirilir. Təhlili məqalələr, qabaqcıl iş təcrübəsini, zəhmət adamlarının gündəlik qayğılarını əks etdirən oxunaqlı materiallarla yanaşı, felyeton və pamfletlər, satirik məqalələr, replika xarakterli yazılar oxucuların böyük rəğbətini qazanır.

Redaktor rastına çıxan növbəti şəklə baxaraq fərəh hissi keçirir. Maşallah olsun, gör, indi bu qəzetin şinelindən çıxan neçə nəfər fəxri ad alıb. Vaxtilə onun rəhbərliyi altında çalışmış Möhtərəm Rəcəbova Əməkdar mədəniyyət işçisi, Amil Novruzov, Elşən Əliyev,  Baxşeyiş Abbasoğlu, "Lenin yolu"nda təcrübə keçmiş Tahir Aydınoğlu, Yusif Rzayev, Firuzə Nadir Əməkdar jurnalist adına layiq görülüblər.

Dördüncü şəkil:
1986-cı il mayın 5-i

Bakıda Fəvvarələr meydanında Mətbuat günü böyük coşqu ilə qeyd edilir. Müxtəlif vitrinlərdə qəzet və jurnallar, yeni çap məhsulları nümayiş olunur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi "Lenin yolu" qəzetinin stendi qarşısında ayaq saxlayır. Ağdam Rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayev də onun yanında dayanıb.  Həmin gün baş verənlər Bəbir müəllimin gözləri qarşısına gəlir. Mərkəzi Komitənin birinci katibi qəzetin təzə çapdan çıxmış nömrəsini vərəqləyir və respublika qəzetlərindən birinin yaxınlıqdakı redaktoruna xitabən deyir: "Baxın, paytaxtda nəşr edilən qəzetlərdən daha yaxşı çıxır". Əlbəttə, respublikada dərc olunan çoxsaylı mətbuat orqanları içərisində onun rəhbərlik etdiyi qəzetə belə yüksək dəyər verilməsi, şübhəsiz ki, Bəbir müəllimin çəkdiyi böyük zəhmətin, yüksək təşkilatçılığının və redaktorluq bacarığının nəticəsi idi.  

Həmin hadisədən az sonra o vaxt mövcud olan Dövlət Mətbuat Komitəsi redaksiyanı  təzə minik avtomobili, mebel və bir sıra zəruri avadanlıqlarla təchiz edir. Bəbir müəllim özü isə Əməkdar jurnalist fəxri adına layiq görülür.

...Şəklə baxa-baxa Ümumittifaq Jurnalistlərinin Moskvada keçirilən V, VI və VII qurultaylarında nümayəndə olmağını,  Sankt-Peterburqda, İrəvanda keçirilən yığıncaqlarında Jurnalistlər Birliyinin məclislərində iştirakını da xatırlayır. Moskvada yaradıcılıq seminarında, Sankt-Peterburqda ənənəvi mətbuat konfransında çıxışı, Jurnalistlərin VII Qurultayında televiziya üçün verdiyi müsahibə yaddaşında unudulmaz iz buraxıb.

Beşinci şəkil: Hüseynovlar ailəsi

Ailə şəklidir. Yəqin ki, qohumlardan kiminsə toy məclisində, ya da ad günündə çəkilib. Yanındakılar iki il əvvəl haqq dünyasına qovuşmuş həyat yoldaşı, Ağdamda doğum evinin uzun müddət baş həkimi olmuş Şükufə xanım, uzun illər oftalmoloq işləmiş böyük qızı Flora, özəl sektorda fəaliyyət göstərən oğlu Vaqif, hazırda Bakıdakı Elitar gimnaziyada musiqi dərsi deyən kiçik qızı Elnarədir... Gəlinləri - məhrum böyük oğlu Gündüzün həyat yoldaşı, ixtisasca uşaq həkimi Gülnar, Vaqifin həyat yoldaşı, ixtisasca filoloq olan Hüsniyyə, Flora və Elnarənin həyat yoldaşları - hər ikisi ixtisasca hüquqşünas olan Vaqif və Namiq, 10 nəvə, 8 nəticə də burdadırlar.

Ailənin böyüyü, ağsaqqalı kimi Bəbir müəllim onların hər birinin qayğıkeşi olub. Unudulmaz anlar, xatirələr göz önündən gəlib-keçir...

Altıncı şəkil: Ömrün ixtiyar çağları

Şəhid ailələri ilə birlikdədir, mötəbər bir məclisin tribunasında çıxış edir. Tədbir iştirakçıları diqqətlə onun çıxışını dinləyirlər.

Axı, Bəbir müəllim 2014-cü ildən Nərimanov rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvüdür, rayonda keçirilən mədəni-kütləvi tədbirlərin, iməciliklərin fəal iştirakçısıdr. Yeni Azərbaycan Partiyası Nərimanov rayon şöbəsinin keçirdiyi yığıncaq və tədbirlərdə onun yeri həmişə ön sıradadır. O, şuranın üzvləri ilə tez-tez şəhid ailələrinə baş çəkir, təhsil müəssisələrində hərbi-vətənpərvərlik tədbirlərində çıxış edir, yol göstərir, məsləhət verir. Bu yaxınlarda isə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rayon Ağsaqqallar Şurası ilə birgə keçirdiyi şahmat turnirinin qalibi olub.

Bəbir müəllim ictimai işlərlə yanaşı, yaradıcılıq fəaliyyətini də davam etdirir. "Ömürdən qalan izlər" və "Həyat illərin aynasında" kitablarından sonra "Qarabağ tarixindən səhifələr" kitabını dərc etdirib.

...Şəkil albomunu təzəcə qatlayıb, yerinə qoymaq istəyəndə telefon zəng çalır. Nərimanov rayon İcra Hakimiyyəti aparatındadır: veteran jurnalisti ad günü münasibətilə təbrik edir və yubiley tədbirinin vaxtını bildirirlər. "Dekabrın 26-da 90 illik yubileyiniz münasibətilə təşkil edilən məclisdə görüşüb, təbriklərimizi  çatdıracağıq" - deyirlər.

Bəbir müəllim məmnunluqla gülümsəyir. Xəyal yenə onu uzaqlara aparır...
26.12.2022 18:44:00
Oxuma sayı: 7176