İkiüzlü Amerika: ABŞ Konqresində alqış, Laçın yolunda dirəniş
Ölçü:

Elxan SALAHOV,
Kəlbəcər rayonundan məcburi köçkün

Zelenskinin ABŞ Konqresində çoşğu ilə qarşılanması möhtəşəmdir. Videonu uzlədikcə ermənilərin Qarabağda törətdiyi qətliamlar, ev-eşiyimizdən zorla çıxarıldığımız günlər, Kəlbəcərin işğalı zamanı Murovun dolaylarında donvurmadan həlak olanlar,  yurdlarımızın  30 il ərzində talan edilməsi, işğaldan azad olunmuş ərazilərdə yandırılmış evlərimizin uçuq divarları, Başlıbeldə kahaların qarşısında qətlə yetirilmiş doğmalarımızın ovuc içi boyda  məzarları gözümün önünə gəlir. Gözüm televizorda, fikrim Kəlbəcərdə, Başlıbeldə, 11 gündür Xankəndi-Şuşa-Laçın yolunda insan və vətəndaş haqqını tələb edən həmvətənlərimin, əlində plakat Xankəndidəki evinə getmək istəyən yurddaşlarımın yanında...

Dekabrın 12-dən bəri yüzlərlə azərbaycanlı ictimai fəalın "Ekoloji terrora yox!" aksiyasına beynəlxalq münasibəti xatırladıqca həyata və dünyaya nifrətim artır. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edənlərin bircə tələbi var: 30 ilə yaxın ermənilərin işğalı altında qalmış həmin ərazilərdə ekoloji monitorinq aparmasına şəraitin yaradılması. Amma heç kəs Azərbaycan xalqının və dövlətinin bu severen haqqını tanımaq istəmir - nə rusiyalı sülhməramlılar, nə amerikalılar, nə fransızlar, nə də insan hüquq və azadlıqlarının müdafiəçisi kimi çıxış edən beynəlxalq təşkilatlar...

Dünya Qarabağdakı erməni vəhşiliyinə açıq-aşkar göz yumur. Azərbaycanın halal haqqını, suveren hüququnu tanımaq istəmirlər. Hələ üstəlik işğalçının tərəfini tutur, ermənilərə yandaşlıq edirlər... 

Yüzlərlə Azərbaycan vətəndaşı isə qışın oğlan çağında qar, şaxta, çovğun demədən bu haqsızlığa, tərəfkeşliyə qarşı gecə-gündüz dirəniş göstərir. Düz 11 gündür!

Amerika və müttəfiqləri də dirəniş göstərir. Amma onların əsas məqsəd təkcə Ukraynanın işğal edilmiş ərazilərini özünə qaytarmaq deyil, həm də Ukraynaya göstərdiyi hərbi-siyasi və milyardlarla ölçülən maliyyə dəstəyi vasitəsilə onunla qarşı-qarşıya gələn Rusiyanı zəiflətmək, gücdən salmaq və çökdürməkdir. Yenə ikiüzlülük!

 ABŞ Konqresindəki coşğulu alqış sədaları bir anın içərisində əriyib nifrətə, hiddətə çevrilir. Sənin gözü kor olan haqq və ədalətinə, şikəst və ikiüzlü hüquq və azadlıqlarına, "tərəfsiz" siyasətinə lənət olsun, Amerika!
22.12.2022 15:44:00
Oxuma sayı: 4328