Bəhmən Vətənoğlunun islam dünyası - Nağdəli Keştəkli yazır
Ölçü:


Müstəqil dövlətə sahib olmaq Ulu Tanrının bizlərə töhfəsidir. Müstəqillik təkcə öz ərazisinə, sərvətinə sahib olmaq yox,  hər şeydən öncə azad dil və dinə sahib çıxmaqdır. Bu gün üçrəngli bayrağımızın yaşıl rəngi – İslam rəmzi dini müstəqilliyimizin mühüm əlamətlərindəndir.

Son dövr ədəbiyyatımızda tez-tez rast gəldiyimiz və elə özümüzün də işlətdiyimiz bir ifadə var – “islam şairləri”, “islam yazarları”!

Kimdir islam şairləri – müqəddəs kitabımızın surə və ayələrini şeir dilində, hər xalqa öz ana dilində çatdıran sevgili Allah adamları. Bu sevgili Allah şairlərindən biri də sövetlər dönəmində, senzuranın mətbuat üzərindəki kəshakəs vaxtlarında Uca Allahın, İslam dinimizin təbliği yolunda qələmi ilə cihad eləyən cəsarət mücəssəməsi Bəhmən Vətənoğludur.

Şairin yaradıcılığı ilə tanış olduqca onun İslam dünyasının formalaşmasında Nizami, Füzuli, Aşıq Ələsgər, Aşıq Şəmşir yaradıcılığının izlərini görməmək mümkün deyil.
“Qurani-Kərim”in 31-ci Loğman surəsinin 27-ci ayəsində deyildiyi kimi, “Yer üzərində bitən bütün ağaclar qələmlərə dönsələr, yeddi dəniz də mürəkkəbə, yazılmaqla bitən deyil Allahın kəlamları. Şübhəsiz, güclüdür, müdrikdir Allah”, – Allahın camalının təsvir oluna bilmədiyi halda, hər bir islam şairi azacıq da olsa, öz şeir töhfəsini vermişdir.
Dinimizin dondurulduğu, məscidlərimizin bağlandığı dövrlərdə Vətənoğlu misralarının o qalın buzları  əritmək gücünü indi-indi qavrayir, heyranlığımı dilə gətirməkdə çətinlik çəkirəm.

Fidanı səhrada bitirən Böyük Yaradanın tərərnnümü:
Bir nizam veribdi hər gərdişinə,
Əl atmaq olarmı Onun işinə?!
Zəmin yaradacaq pərvərişinə,
Fidanı səhrada bitirən Allah!

-Quran ayələri ilə necə də uzlaşır. Ənam surəsi, 96-cı ayə: “Dan yerini sökən odur. Gecəni rahatlıq zamanı, günəşlə ayı vaxt olçüsü eləmiş. Bunlar güclü olan, hər şeyi bilən Allahın nizamıdır”.

Vətənoğlu poeziyasında “Allah insanı yer üzünün əşrəfi yaratmışdır” anlamı bir daha gündəmə gəlir:
Mələyə bənzətmə gözəli, Bəhmən,
Əlbəttə, mələkdən incan gözəldi.

Bu məqam Mövlana Cəlaləddin Rumi həzrətlərinin “insan var ki, mələklər ona qibtə edir” fikri ilə üst-üstə düşür. “Qurani-Kərim”in Əraf surəsi (7) 1-ci ayəsində “Sizi xəlq elədik, sonra şəklə saldıq, sonra da mələklərə “Adəmə səcdə eləyin söylədik” kimi ifadəsinə Vətənoğlu misraları necə də uyğun gəlir:
İlahi, nə yaratmısan,
Gösəl insan gözəllikdə?!
Mələklərin həddi nədir,
Ola canan gözəllikdə!

İnsanın meymundan əmələ gəlməsi kimi ağlasığmaz ibarələrlə milyonlarla insanın ruhunun əzildiyi, mənliyinin təhqir olunduğu əzazil bir dövrdə Vətənoğlu odsaçan misraları ilə dinimizin müdafiəsinə qalxır:
Nədən biləcəklər külə dönmüşük,
Torpağa çevrilib gilə dönmüşük,
Çiçəyə dönmüşük, gülə dönmüşük,
Dağlarda bitmişik, nə biləcəklər?!

Bu gün “Qurani-Kərim”in Rum surəsindəki (19) “Ölüdən dirini, diridən ölünü çıxarar, torpğa ölümündən sonra dirilik verər o, Siz də diriləcəksiniz beləcə (20). Sizi torpaqdan yaratmış. Sonra siz insanlar yer üzünə səpələnmisiniz. Bunlar onun qüdrətinin dəlilləridir. Eləcə də Sad (38) surəsindəki “Gildən bir bəşər yaradacam, düzəldəcəm, sonra da ruhumdan ona üfürəcəm, Ona səcdə edərsiniz” ayələri ilə tanış olduqda İslam dünyamızın müdafiəsində Vətənoğlu qeyrətinin, şücaətinin,Vətənoğlu təəssübünün şahidi olur, şairin ruhu qarşısında baş əyirik.

Bəhmən Vətənoğlu lovğalığın və təkəbbürlülüyün Allah tərəfindən sevilmədiyini bilən şairdir. O, həyatda “İsmayıl peyğəmbəri kəsilməkdən”, “İbrahim peyğəmbəri oddan” xilas edən tək Tanrısına bel bağlayan şairdir:
İnanmışam var eyləyən ahunu dardan xilas,
İsmayılı kəsilməkdən, Xəlili nardan xilas.
Kərəmindən zərrə bizi eylər oddan xilas,
Bəhmənəm, bel bağlamışam o ustada, mən kiməm?!

Diqqətlə nəzər saldıqda “Qurani-Kərim”in Həcc surəsinin 8-9-cu ayələrində elə bu şeirin qaynağını, mənbəyini kəşf edirsən: “İnsanlardan eləsi var bir biliyi yox ikən, doğru yolu nişan verən, nurlandıran bir kitabı yox ikən, mübahisə eləyər Allahın barəsində. Təkəbbürlükdür beləsinin qisməti bu dünya həyatında. Qiyamət günündə isə daddırarıq biz ona od əzabını”.

Bəhmən Vətənoğlu yaradıcılığı boyu zalımlara qarşı çıxan, məzlumların haqqını müdafiə edən, “qələmlə aparılan cihad qılıncdan daha kəsərlidir” prinsipinə sadiq qalan şairdir:
Zalıma rəhm eləsən, lənətə min yol gələsən,
Məzluma zülm eləsən, qanına qəltan olasan...
-misralarının qaynağının Umtəhinə surəsinin (60) 9-cu ayəsində tapırıq: “Din yolunda sizinlə savaşan, sizi yurdunuzdan çıxaran kimsələrlə və didərgin eləyən kimsələrlə dost olmağı sizə yasaq yazmış Allah. Onları özlərinə dost tutanlar zalımlardır ki, var”.
Şair “Yenə də insansiz qalmadı dünya” rədifli şeirində bir tərəfdən dünyanı qana çalxalayanlara, digər tərəfdən milli, etnik, dini münaqişələri qızışdıranlara sərrast cavab verir:
Deyirlər Allaha ox atdı Firon,
Göylərdə nə isə qanatdı Firon.
Yerlərdə məhv etdi min-min insanı,
Torpağı bələdi insanın qanı,
Geyindi-kecindi yaşıl donunu,
Saralmaldı dünya, solmadı dünya,
Yenə də insansız qalmadı dünya!

“Qurani-Kərim”in dili ilə bu müharibə qızışdırıcılarının cəzasız qalmayacağı fikri ilə tanış oluruq: “Haqq surəsi (69) 9-cu ayədə deyildiyi kimi, “Firon, ondan öncələr və alt-üst olmuş şəhərinin camaatı da günahlara batmışdılar. Çox şiddətli bir əzaba uğratdı onları Allah. Sular coşub-daşan zaman biz idik üzən gəmidə sizi daşıyan”.

Digər tərəfdən Bəhmən Vətənoğlu bu şeirdə peyğəmbərlər və onların nəsillərinin davam etməsini göstərir:
Bir rəvayət var ki, Nuhun tufanı
Qopanda sarsıtdı bütün dünyanı.
Dağlar dəryaların altında qaldı,
İsrafil surunu bax onda çaldı.
Bu tufan hökm etdi yüz illər boyu,
Bircə yol pərişan olmadı dünya,
Yenə də insansız qalmadı dünya.

Hud (11) surəsinin 40-cı ayəsində oxuyuruq: “nəhayət, gəlib çatdı əmrimiz, qaynadı sular. Nuha dedik: “Dediyimiz o kimsələr bir yana, öz tayı ilə bərabər yerləşdir gəmiyə hər şeyi. Ailəni və imana gələnləri də mindir gəmiyə”. İmana gələnlərinsə sayı çox az idi. 48-ci ayə “ ey Nuh, sağ-salamat en gəmidən. Xeyir-bərəkət  verərik sənə və səninlə olanlardan törəyən ümmətlərə”.

Bəhmən Vətənoğlu iman gücünə söykənən islam şairidir. Bu gün dünyada öz atomu, neytronu hesabına super güc rolunu oynamaq istəyən, dünyanın düzənini necə deyərlər, “öz xeyirlərinə” pozmağa çalışanlara Vətənoğlu iman gücü ilə cavab verməyi, Allaha sığınaraq, ümidlərin üzülməməsinə çağırır:
Titrəyib qorxudan əsməsin heç kəs,
Gərək ümidini kəsməsin heç kəs.
Dünya cahangiri beş yox, on olsa,
Yüz min atom olsa, neytron olsa,
İnsanı dünyadan qopara bilməz.

Vətənoğlu şükranlıq şairdir. Bu şükranlıq onun yaradıcılığını daim müşayiət edir. Allahın biz bəndələrə verdiyi minlərlə adda ruzini, qidanı, neməti, eləcə də mənəvi zövq  və ilham aldığımızı dilə gətirir:
Sənə qida verib min-min neməti,
Yoxsa danirsanmı bu həqiqəti?!
Xəyala dalmısan gözəlliyindən,
Min ilham almısan gözəlliyindən.

Quranın Nəhl (16) surəsinin 10-cu ayəsi elə bil öz əksini yuxarıdakı misralarda tapıb: “Odur sizdən ötrü səmadan su endirən. İçdiyiniz bu sudandır. Heyvanlarınızı yemlədiyimiz bitkilər də bu sudan içib bitir. Və bu suyla sizdən ötrü əkin yerləri, zeytunluqlar, xurmalıqlar, üzümlüklər və hər cür meyvə ağacları yetirər. O, sizdən ötrü dənizi də ram eləmiş ki, təptəzə ət (balıq) yeyəsiniz, bəzək-düzək çıxararaq bəzənib-düzənəsiniz. Allahın lütfündən pay diləyin, Ona şükr eləyin”. Vətənoğlu bəlli olan əcəli qəbul edən şairlərdəndir.
And içmişəm, bundan sonra
Etməyəcəm ah-aman,
Öləndə də gülə-gülə
Köçəcəyəm dünyadan....

Allahın dərgahında olan bəlli əcəli qəbul edən, bu bəlli əcəli təbliğ edən Vətənoğlunun islamımıza xidməti xüsusi qeyd olunmalıdır. Bəlli əcəli qəbul edən mömin müsəlman dünya varından özünü asılı şəklə salmaz:
Ləkəsiz bir vicdan min vara dəyər,
Mülkü-Süleymanın varı bəs hanı?!

Ənam surəsi (6) -nin 2-ci ayəsində bu fikirlər, ilahi, necə də təsvir olunub: “Sizi gildən O Yaratmış. Sonra əcəl təyin etmiş sizə. Bəlli olan əcəlsə Onun dərgahındadır. Siz isə hələ də şübhədəsiniz”.

Bütün bunlara görədir ki, Bəhmən Vətənoğlu ah-aman etməyi özünə sığışdırmır. Mövlana Cəlaləddin Rumi demiş, vaxtı çatanda köçməyi, “yetişmiş meyvə kimi budaqdan qopmağı”  qəbul edir:
Biz ona borcluyuq bir canı bütöv,
Fələk öz borcunu kəm ala çətin!

Son olaraq, Ramazan ayında Vətənoğlunun İslam dünyasına başlayan səyahətiim payızın (sonbaharın) ilk ayında tamamlandı ki, bu da Vətənoğlunun öz əbədi dünyasına  qovuşduğu vaxta təsadüf etdi.

Vətənoğlu dünyasını Azərbaycan oxucusuna, dünyaya çatdırmağın hər bir ziyalımızın şərəf işi olacağına inanır, XX əsrin sonu, XXI əsrin əvvəli Azərbaycan ədəbiyyatının inkişafında öz yeri olan  Bəhmən Vətənoğluya Ulu Tanrıdan rəhmət diləyirəm.

Nağdəli KEŞTƏKLİ,
tibb üzrə fəlsəfə doktoru, AJB-nin üzvü



20.12.2022 12:31:00
Oxuma sayı: 6974