MTN-nin idarə rəisinin məhkəməsi davam edib
Ölçü:



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərov barəsində birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmişlər və mülki iddiaçılar apelyasiya şikayəti üzrə məhkəmə davam edib.

Koordinat.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə  keçirilən prosesdə zərərçəkmişlərdən Akif Qurbanov apellyasiya şikayətindən imtina edib.

Digər zərərçəkmiş  Hüseyn Səfərov apellyasiya şikayətinin təmin olunmasını və 2 milyon manatın Vüsal Ələkbərovdan alınaraq özünə qaytarılmasını tələb edib.

Proses hazırda davam edir.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndəriləcək.

Hökmdən narazı olan zərərçəkmiş və mülki iddiaçılar – Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Bahəddin Sultanov, Müsənnif Salahov apelyasiya şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.

Vüsal Ələkbərova qarşı Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qaldırıblar.

Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etməyib. Məhkəmə hökmündə bildirib ki, zərərçəkmişlər həmin məbləğlərdə pulu Vüsal Ələkbərova rüşvət qismində veriblər və buna görə də onların mülki iddiaları təmin olunmayıb.

Zərərçəkmişlər apelyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyiblər.

Vüsal Ələkbərovun vəkilləri də hökmdən apellyasiya şikayəti veriblər. Vəkillər hökmün ləğv edilməsini və Vüsal Ələkbərovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
16.11.2017 15:58:00
Oxuma sayı: 1850