Siyavuş Novruzovdan Naxçıvanla bağlı deyilənlərə etiraz
Ölçü:

“Naxçıvan bizim üçün həssas bölgədir. Amma ermənilərin və digərlərinin öyrətdikləri gəlib Naxçıvan haqqında danışır".

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında əslən Naxçıvandan olan deputat Siyavuş Novruzov Muxtar Respublika ətrafında cərəyan edən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, digər rayonlarda da əməliyyat işləri aparılır və cinayət törədənlər həbs olunur: "Bunu böyütməyə ehtiyac yoxdur. Naxçıvanla bağlı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq mühafizə orqanları digər rayonlarda da yoxlanışlar edir, Naxçıvanda da nazirliklər yoxlanıldı. Ölkədə korrupsiya harada varsa, orada yoxlanışlar olur. Naxçıvan dövlətin arxasındadır, şəhid olmağa hazırdır. Xaiş edirəm ki, bu mövzuya həssalıqla yanaşılsın”.

Qeyd edək ki, son günlər DTX-nin Naxçıvanda keçirdiyi əməliyyat, aparılan araşdırmalar zamanı külli miqdarda mənimsəmə, yeyinti faktlarının üstünün açılması, həmçinin buna paralel olaraq Muxtar Respublikada bir sıra qurumların ləğvi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.

02.12.2022 13:00:00
Oxuma sayı: 1200