“Laçın dəhlizi” ətrafında hərbi və siyasi gərginlik artır: antiterror əməliyyatı gündəmdə
Ölçü:

Son həftələrdə Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən mütəmadi olaraq atəş səsləri eşidilməkdədir. Regiondakı qanunsuz erməni hərbi birləşmələri atəşkəsi intensiv sürətdə pozur, müxtəlif təxribatlara əl atırlar.

Koordinat.az xatırladır ki, noyabrın 22-də ermənilər Azərbaycan Ordusunun Şuşa şəhəri və Tərtər rayonu istiqamətlərində yerləşən mövqelərini fasilələrlə atəşə tutublar. Noyabr ayının 21-də isə ordumuz daha bir təxribatın üstünü açıb. Belə ki, Laçın və Şuşa şəhərlərinin sərhədində yerləşən Sarıbaba yüksəkliyinin şimal hissəsində hərbi qulluqçularımız “sürpriz” aşkarlayıb. Sözügedən sürpriz piyada əleyhinə minalardır (350 ədəd PMN-Э) Və ən maraqlısı, bu minalar 2021-ci ildə Ermənistanda istehsal edilib.

Sarıbabada aşkarlanan minalar iki ciddi sualı gündəmə gətirir:
Birincisi, ötən il istehsal olunan bu minalar separatçılara kim tərəfindən və hansı yolla çatdırılıb?
İkincisi, sülhməramlıların nəzarətində olan bir ərazi necə minalanıb? (Bu ilin avqustuna qədər bu yüksəklik sülhməramlıların nəzarətində idi)

Hər iki sualın cavabında eyni dövlətin adı çəkilə bilər: Rusiya
Çünki Laçın dəhlizinə nəzarət edən, buradan minaların, silah-sursatların maneəsiz Qarabağdakı separatçılara çatdırılmasına da, mövqelərin minalanmasına da göz yuman məhz Moskvadır. Bütün bu baş verənlər isə Bakını daha da qıcıqlandırır və onu qısa bir zamanda Laçın dəhlizində nəzarəti ələ keçirməyə məcbur edir.

Beləliklə, son günlər Qarabağda baş verən hadisələr regionda yeni anti-terror əməliyyatlarına start verilməsi mövzusunu aktuallaşdırır. Amma və lakin burada Rusiya sülhməramlılarının mövcudluğu rəsmi Bakının əl-qolunu bağlayır. Bəlkə də məhz bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev son bir həftə ərzində iki dəfə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları aparıb. Bəs Azərbaycan, şimal qonşusunun etirazına rəğmən, dəhlizi ələ keçirmək üçün bir anti-terror əməliyyatına start verə bilərmi?

Hərbi ekspert Tərlan Eyvazov "Pressklub"a açıqlamasında bu amili istisna edir: “Moskva ilə razılaşdırılmamış Laçın dəhlizi istiqamətində hərbi əməliyyat keçirilməsi ehtimalı çox risklidir. Hazırda erməni yaraqlılarının təxribatlarına yalnız müxtəlif istiqamətlərdə lokal hərbi əməliyyatlarla cavab verilə bilər. Amma Laçın dəhlizi kimi strateji bir ərazinin Kremlin “veto”suna rəğmən nəzarətə götürülməsi nəinki Rusiyanın, Fransa və digər xarici dövlətlərin də diqqətini Qarabağa yönəldər ki, bu, ümumi işimizin əleyhinə olar. Həmçinin bu istiqamətdə Rusiya ilə razılaşdırılmamış bir hərbi əməliyyat sülhməramlı kontingentin zərər görməsinə səbəb ola bilər və bu halda, arzuolunmaz problemlər yaranar”.

Hərbi jurnalist Səxavət Məmməd isə "Pressklub.az"a açıqlamasında Qarabağda vəziyyətin kritik həddə çatdığını, lakin rəsmi Bakının təmkinli addımlar atması gərəkdiyini bildirib: “Bu gün aşkar şəkildə görürük ki, Rusiyadan Ermənistana təyyarələrlə silah-sursat daşınır. Bunlar daha sonra Laçın dəhlizi vasitəsilə Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə göndərilir. Hazırda oradakı vəziyyət təhlükəli hal alıb. Qanunsuz dəstələr terrorçu qruplaşmalar formasından “nizami qoşun” formasına keçir. Hər gün onlara təlimlər keçilir. Vəziyyət kritikdir. İş o yerə çatıb ki, separatçılar artıq Tərtərdəki mövqelərimizi vura bilir. Ona görə də rəsmi Bakı öz suveren hüququndan istifadə edib, Laçın dəhlizini nəzarətə götürməyə çalışır. Lakin Rusiya burada ən böyük maneədir. Bizim hərbçilərimiz regionda sülhməramlıları müəyyən problemlər yaşandıqda “başa sala bilir”. Lakin Laçın dəhlizini nəzarətə götürmək kimi strateji bir əməliyyat Kremlin razılığı olmadan həyata keçirilsə, burada sülhməramlıların həyatını itirmə təhlükəsi meydana gələ bilər. Bu isə vəziyyəti tamam fərqli istiqamətə yönəldər. Ona görə təmkinli addımlar atılmalı, beynəlxalq müttəfiqlər bu məsələdə dəstəyə çağırılmalıdır”.

Beləliklə, müsahiblərimizin fikirlərindən belə aydın olur ki, indiki vəziyyətdə Laçın dəhlizini nəzarətə götürmək məqsədilə hansısa bir hərbi əməliyyata başlamaq mümkün görünmür. Buna səbəb, əvvəla, rəsmi Moskvanın Vardanyan kartı ilə 2025-ci ilədək bu regionda möhkəmlənmək üçün yeni bir strateji planı işə salmasıdır. Digər səbəb isə Azərbaycan və Rusiya ilə münasibətlərin xeyli gərginləşməsidir. Ona görə də mövcud vəziyyətdə Kremlin baş tuta biləcək Laçın dəhlizi əməliyyatını veto edəcəyi istisna edilmir. Belə olan halda, Azərbaycan bu dəhlizi ya bağlamaq, ya da oraya öz nəzarətini təmin etmək üçün sülhməramlıların regiondakı fəaliyyətinə yenidən baxmalıdır.

Xatırladaq ki, 2020-ci ilin 10 noyabrında imzalanan birgə bəyanat Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilməyib. Bu, sülhməramlıların mandatına yenidən baxılması üçün imkan yaradır. Təbii ki, Azərbaycan sülhməramlıları regiondan öz gücünə çıxara bilməz. Amma Türkiyə, Britaniya və İsrail kimi müttəfiqlərinin diqqətini bu məsələyə yönəldib, Moskvanın üzərinə daha çox gedə, ən azı sülhməramlı kontingentin milli rəngarəngliyini (yəni sadəcə ruslardan ibarət olmamasını) təmin edə bilər.
24.11.2022 11:40:00
Oxuma sayı: 286