O məzara uzanan cığırları heç vaxt ot basmayacaq - Süleyman Qaradağlı "Tapança Əli"dən yazır
Ölçü:

Süleyman QARADAĞLI

"Ölüm həmişə tezdir", - deyirlər. Hətta lap yüzü haqlasan da...

Lakin bu ailədə ayrılıq gününü gözləyirdilər. Az qala hər gün, hər saat, hər dəqiqə...

Artıq son aylar, illah da son günlər tamam heydən düşmüşdü. Bu dəfə onun qapısını döyən əcəli qovmağa müqaviməti qalmamışdı. Bir də axı indiyəcən onun qabağında axıracan duruş gətirən olubmu?

Haqq üçünə, həyatdan elə bir umacağı da qalmamışdı. Doğma rayonun düşmən işğaldan azad ediləcəyi günü görmək arzusundan başqa...

Pis-yaxşı bu dünyada 90 il ömür sürmüşdü. Oğul böyütmüşdü, nəvə toyunda qol götürüb oynamışdı, hətta qucağına nəticə də götürmüşdü...

Yeganə oğlu, xüsusən gəlini, nəvələri son nəfəsinə qədər onun qulluğunda dayanmışdılar, nazı ilə oynamışdılar...

Sadə, dəbdəbədən uzaq bir həyat yaşamışdı. Adi, adi olduğu qədər sadə, sadə olduğu qədər adi...

Sovet vaxtı belə adamlardan yazmaq yasaq idi...

İndi nə sovetlər var, nə də onun yasaqları. Ona görə yazmaq olar.

...Əli kişi ticarətçi idi, özü də təhsilli. Ötən əsrin altmışıncı illərində Bakıdakı "Sovet Ticarəti Texnikumu"nu bitirmişdi. Amma bu peşənin qara-qorxusu da həmişə canında olmuşdu: bir yandan, "ticarətdə qayda-qanun yaradanların" tələsinə düşmək təhlükəsi, bir yandan da, canını belə tələlərdən qurtardıqdan sonra dükanda yaranan kəm-kəsirin yerini necə doldurmaq həyəcanı... Belə hallarda isə gümanı orta məktəbdə ədəbiyyat müəllimi işləyən həyat yoldaşı Sənubərin halal-hümbət maaşından yaman gün üçün yığıb saxladığı pula çatırdı... Ona görə də sovetdən söz düşəndə Əli kişi həmişə ağzıəyri danışırdı.

Müstəqilliyin ilk illərində sanki ticarətdə bəxti gətirəcəkdi ki, ölkədəki qarışıqlıq və doğma Ağdamın işğalı buna imkan vermədi. O zaman alış-veriş azadlığından yenicə bəhrələnməyə başlamışdı, rayon ticarət idarəsində anbardar işləyir, işi ilə əlaqədar vaxtaşırı Naxçıvana gedib-gəlir, oradan İran, Türkiyə malları gətirib beş-on manat əlavə qazanc əldə edirdi. Hətta 90-cı illərin əvvəllərində Bakıya üz tutan yeganə oğlunun kirayədə qalmaması üçün olan-qalanını verib şəhərdə birotaqlı mənzil almış, ora qeydiyyata düşmək üçün 35 illik ömür-gün yoldaşından "ayrılıb" yaşının ixtiyar çağında bir rus qadınla "evlənməyə" də məcbur qalmışdı. Çünki o vaxtlar hələ mənzil alqı-satqısı indiki kimi sərbəst deyildi və adamlar dolayı yollara əl atmalı olurdular... Həmin hadisədən sonra Əli kişi qohumlar arasında yarızarafat-yarıciddi "arvadla ayrılandan sonra yaman mehribanlaşmışıq", - deyirdi.

Bunlar öz yerində, amma onu Ağdamda məşhur edən tapançası idi. Camaat arasında da "tapança Əli" kimi tanınırdı. Əvvəla, rayonda Əli adı çox geniş yayıldığından ona bu ləqəbi vermişdilər, ikincisi də, atası Mehdi Ağakişi oğlu dəmirçilik etməklə yanaşı, həm də xançalsaz, yəni silah təmirçisi olmuşdu, dədə-babadan bu ocaqdan tüfəng-tapança əskik deyildi...

İş elə gətirdi ki, Bakıya pənah gətirəndən sonra da bu gen və işıqlı dünyada Əli kişi ticarətdən ayrıla bilmədi. Köçkünlüyün ilk illərində bir müddət "Moskva" univermağının qarşısında, sonralar isə "20 Yanvar" metrosunun yaxınlığındakı ticarət mərkəzində xırda alverlə məşğul oldu. Qazandığı pulu daha çox nəvələrinə sərf edirdi. Elə doğma Seyidli kəndində Kötəl çayının sahilindəki ata yurdunu itirəndən sonra onun yeganə təsəllisi iki oğlan və bir qız nəvəsinin qayğıları ilə məşğul olmaq idi.

Əli kişinin bir sevimli məşğuliyyəti də hər axşam evlərindəki ağ-qara televizorun qarşısında oturub "Xəbərlər"i izləmək idi. Onun böyük maraqla və ən çox gözlədiyi Qarabağın azad olunması, Ağdama qayıdış xəbərinin veriləcəyini eşitmək idi. "Xəbərlər" başlayanda balaca kətilini gətirib televizorun lap qənşərinə qoyar, oğul-uşağın səsi gələndə "ay uşaq, sakit olun" deyə onlara acıqlanar, xarici xəbərlər bölümünə keçənədək verilişi izləyərdi. Neçə illər gözləsə də, televizor onun arzuladığı xəbəri vermədi. Ancaq heç vaxt da ümidini kəsmədi, "bəlkə sabah verdilər" deyə gözlədiyi xəbəri eşitmək arzusu ilə hər gün kətilini gətirib ekranın qarşısına qoydu...

Doxsan il yaşadığı bu dünyada tanrı Əli kişiyə cəmi bir övlad vermişdi. O da yaşı otuzu keçəndən sonra... Oğlu Elşən daha çox anasının tərbiyəsi ilə böyümüşdü, çünki Əli kişi tezdən çıxar və evə axşam dönərdi. Anası kimi ədəbiyyata meyl göstərən oğul universitet bitirmişdi, Kommunist Partiyasının qırmızı biletinə sahib olmuşdu, mətbəədə fəhləlik etmiş, rayon qəzetində məsul katib işləmiş, hətta redaksiyada ilk partiya təşkilatının katibi seçilmişdi.

Hər necə olsa da, atasının ticarətçi damarı oğuldan da yan keçməmişdi. Həmin ötən əsrin 90-cı illərinin əvvəllərində o da bir neçə dəfə Türkiyə və İrana üz tutub ticarətlə məşğul olmağa cəhd göstərmişdi. Sonra ticarətdən bir şey qazana bilmədiyini görüb jurnalistikadan bərk yapışmışdı.

İstedadı və erudiyası sayəsində mətbuatda uğurlarını davam etdirməyi bacarmışdı. Uzun illərdi iqtisadiyyat yönümlü iki nəşrdə çalışır, hətta birinə baş redaktorluq edirdi. İndi də başqa bir nəşrə rəhbərlik edir. Özü də bu, heç də naxış gətirmək və təsadüflə yox, onun istedad və bacarığı, xüsusən zəhmətkeşliyi ilə bağlı olan məsələdir. Həmkarlarından biri onun haqqında vaxtilə çox doğru deyib: "Elşən təkcə ədəbiyyatı və jurnalistikanı deyil, iqtisadiyyatı iqtisadçıdan, hüququ hüquqçudan, tərcüməni tərcüməçidən  yaxşı bilir".

İntəhası, Əli kişigilin nəslində bir astagəllik də var: "tələsik işlə aramız yoxdur", - deyirlər. Lakin nə qədər ləng olsalar da, əliaçıqlıqda və səxavətdə heç vaxt gecikən deyillər. Ata-babadan həmişə öz tikəsini ehtiyacı olanla bölüşəndilər. Rəhmətlik Əli kişi də yaşadığı uzun ömründə imkanı çatdığı qədər yaxşılıq eləməyə çalışdı...

Ağdam rayonunun Seyidli kəndində dünyaya göz açan Əli kişi bu dünyadan köçəndə heç bir var-dövlət qoyub getmədi - təmiz addan, xeyirxah əməllərdən, özgənin halına yanmaq kimi canıyanan keyfiyyətlərdən başqa... Elə bu keyfiyyətləri də həmişə onu xatırladacaq, qədirbilən ürəklərdə yaşadacaq.

Məşhur yazıçı Rəsul Həmzətovun bir sözü var: "Kimsə mənim öldüyümü desə inanmayın, kimsə başdaşımı gördüyünü desə, yenə inanmayın, kimsə qəbrimə gedən cığırları ot basdığını desə, onda mənim ölümümə inanın". Bu məntiqdən çıxış edərək deyə bilərik ki, Əli kişinin Bərdə rayonunun Gərənə kəndindəki məzarına uzanan cığırları heç vaxt ot basmayacaq. Öz vəsiyyəti ilə, doğma yurda yaxın olsun deyə dəfn edildiyi bu yerə - son mənzilinə uzanan cığırları yaxşılıqlarını, savab əməllərini unutmayanlar, qohum-qardaş heç vaxt itməyə qoymayacaq...

Həyat təsadüflərlə doludur. Taleyə bax ki, Ağdamın işğal gününün növbəti ildönümündən düz bir ay sonra - avqustun 23-də dünyaya əlvida dedi...

Doğma yurda qayıtmaq ümidini son nəfəsinədək itirməyən Əli kişi, əslində, nigaran deyildi. Sona ana qədər oğul sədaqəti, hər an çağırışıma "can" deyən gəlin vəfası, yastığının yanından ayaq çəkməyən nəvə etibarı görmüşdü.

Ölüm həmişə göynərtili, həmişə ağrılıdır. Hansı yaşda, nə vaxt gəlməyindən asılı olmayaraq...

Hansı arzuna, istəyinə yetişib-yetişməməyindən asılı olmayaraq...

Əli kişinin itkisi ailə üzvləri, doğmalar, qohumlar, tanıyanlar üçün göynərtilidir. Ən çox da yurd həsrəti, Vətən nisgili ilə bu dünyadan köçdüyünə görə...

Doğma Ağdamın işğaldan azad olduğu günü görmədiyinə, bütün varlığı ilə bağlı olduğu Seyidliyə dönmək arzusuna qovuşmadığına görə...

Doğma yerlərə ən yaxın məkanda uyusa da...

Övlad-uşaq sarıdan nisgilli getməsə də, baba arzularının çoxu çin olmasa da...

Lap 90 il ömür sürsə də...

 

17.11.2022 19:26:00
Oxuma sayı: 8096