Bədən dili ilə ünsiyyət: psixoloq-alim jest və mimikaların mənasını açıqlayır
Ölçü:

Hər gün bədən dilindən ünsiyyət növü kimi istifadə olunur. Qorxu, sevinc, həyəcan. təəccüb, hətta laqeydliyi məhz həmin ünsiyyət vasitəsi ilə ifadə edilir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova Koordinat.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, bədən dili də ünsiyyət  növüdür: "Ünsiyyət verbal və qeyri-verbal olur. Verbal ünsiyyətə nitq, danışıq, qeyri-verbal ünsiyyətə isə jestlər, pozlar,  mimikalar  daxildir. Bu elmdə göz bəbəyinin böyüməsi, kiçilməsi, bədən temparaturu, səsin titrəməsi, udqunmaq və s. çox önəmlidir. Bədən dili və mimikanı ən yaxşı uşaqlarda müşahidə etmək olar, çünki onlar öz mimikalarını gizlədə bilmirlər”.

Psixoloq hesab edir ki, insanlarla razılığa gəlmək, uğurlu münasibətlər qurmaq  üçün bədən dili təməl vasitədir. Diqqət yetirilmədikdə də həmin ünsiyyət növü həyatda təsəvvür ediləndən  daha çox və mühümdür: “Məsələn, qəzəbli olarkən danışarkən  və qarşıdakı insana qəzəb dodağın üst hissəsi bir qədər yuxarı qalxır və alında gərginlik hiss olunur. Kədər və ya hüzn ifadəsi zamanı isə əksinə dodağın alt hissəsi aşağıya doğru enir və dodaqlar bir-birinə sıx olur. Utancaqlıq hissi yaşayanda gözlər aşağıya doğru enir, çiyinlər bir qədər yuxarıya doğru qalxır və gözlərini hədəfdən qaçırmağa çalışır. Yalan danışanların çiyin nahiyəsində bir qədər yuxarıya və ya geriyə doğru çəkilmələr, atmalar  olur, üzünə, bədəninə və yaxud köynəyinin arxasına toxunmağa çalışır”.
14.11.2022 11:59:00
Oxuma sayı: 574