Murov dağından Laçın şəhərinədək 12 tunel tikilir
Ölçü:


Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü – Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək - iki ilə, maksimum iki il yarıma çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada yaşayacaqlar.

Koordinat.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib. Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdır”.

Prezident qeyd edib ki, elektrik enerjisi ilə bağlı Laçına dərhal mütəxəssislər ezam olundu, elektrik təsərrüfatına baxış keçirildi, lazımi tədbirlər görüldü, generatorlar gətirildi. Güləbird Su Elektrik Stansiyasından buraya xətlər çəkiləcək və beləliklə, elektrik enerjisi ilə burada heç bir problem olmayacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yeni inşa olunan tunel barədə məlumat verərkən deyib ki, Kəlbəcər-Laçın avtomobil yolu boyunca tikiləcək 12 tuneldən 5-nin (T1, T2, T5, T6 və T7 tunelləri) inşası uğurla davam etdirilir.

Məlumat verilib ki, dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bundan başqa, qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb. Tunellər bir istiqamət üzrə bir hərəkət zolaqlı və 11,60 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 7596,5 metr təşkil edəcək.

Qeyd edilib ki, Kəlbəcər-Laçın yolunda inşa olunan birinci tunelin (T1) uzunluğu 187 metrdir. Hazırda T1 tunelinin giriş portalının tikintisi həyata keçirilir. T2 tuneli 354,4 metr uzunluğunda olmaqla inşa edilir. Bu tuneldə giriş istiqaməti üzrə 115,8 metr qazma işləri aparılıb.
T5 tuneli 448,7 metr uzunluğundadır. Tuneldə çıxış istiqaməti üzrə 331 metr qazma işləri görülüb.
T6 tunelinin uzunluğu 612,4 metrdir. Tuneldə hər bir istiqamət üzrə ümumilikdə 537,4 metr qazma işləri aparılıb.
T7 tuneli 2420,1 metr uzunluğunda olmaqla inşa edilir. Tunelin hər bir istiqaməti üzrə ümumilikdə 532 metr qazma işləri görülüb.

Bu tunellərdə giriş və çıxış olmaqla hər iki istiqamətdə qazma, partlatma və qırıcı üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.

Bildirilib ki, layihədə nəzərdə tutulan digər tunellərdə isə işlərə mərhələlərlə başlanılması nəzərdə tutulur. T3 tuneli 900,2 metr, T4 tuneli 853,7 metr, T8 tuneli 230 metr, T9 tuneli 700 metr, T10 tuneli 200 metr, T11 tuneli 320 metr və T12 tuneli 370 metr uzunluğunda olacaq.

Diqqətə çatdırılıb ki, Kəlbəcər-Laçın avtomobil yolunun oxu boyu torpaq yatağı üçün təməlin hazırlanması, qazmalarda yamacların formaya salınması və 12 düzbucaqlı və 4 ədəd 1500 millimetrlik dairəvi boruda inşa işləri davam etdirilir. Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla, I, II və III texniki dərəcələrinə uyğun olaraq inşa edilir. Yeni inşa edilən yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 yeni avtomobil körpüsünün inşası nəzərdə tutulur.

Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Bu səbəbdən yeni yol sözügedən rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın hava limanına qədər rahat gediş-gəlişi təmin edəcək.
21.09.2022 19:21:00
Oxuma sayı: 200