Nazir sərhəddəki son toqquşmalar barədə ATƏT-in Baş katibini məlumatlandırdı
Ölçü:

Sentyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb.

Koordinat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini, bu xüsusda cari post-münaqişə dövründə ölkəmiz ilə ATƏT arasında əməkdaşlıq proqramının həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. Bununla yanaşı, Ermənistanın ATƏT çərçivəsində ənənəvi olaraq bir sıra destruktiv fəaliyyətini qeyd edib.

Ceyhun Bayramov ATƏT-in Baş katibinə Ermənistanın bölgədə həyata keçirdiyi son genişmiqyaslı təxribatlar və cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər barədə ətraflı məlumat verib. Həmçinin sərhədlərin delimitasiyası, ərazilərin minalardan təmizlənməsi kimi məsələlərə diqqət çəkilib. Bildirilib ki, son hərbi toqquşmalara və itkilərimizə baxmayaraq, Azərbaycan sülh müqaviləsi üzrə prosesə vaxt itirmədən başlamağın tərəfdarıdır.

ATƏT Baş katibi Helqa Şmit öz növbəsində son toqquşmalardan narahatlığını bildirərək, itkilərə görə başsağlığı diləklərini çatdırıb. Baş katib ATƏT-in bölgədə uzunmüddətli təcrübələri nəzərə alınaraq, normallaşma prosesinə dəstək verməyə hazır olduqlarını bildirib.

Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


21.09.2022 09:47:00
Oxuma sayı: 201