Jurnalistlərin qurultayında 140 təşkilat iştirak edəcək
Ölçü:

Azərbaycan jurnalistlərinin sentyabrın 24-də keçiriləcək  VIII qurultayında 140 üzv təşkilat iştirakını təsdiqləyib.

Koordinat.az
xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, sentyabrın 20-də Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası keçirilib. İclasda Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinə namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrin verilməsini başa çatdırdıqları qeyd olunub. Sentyabrın 7-dən başlayaraq icra olunmuş bu fəaliyyət çərçivəsində onlara MŞ-nin presscouncil.az saytında yerləşdirilmiş “Azərbaycan jurnalistlərinin VIII qurultayı” bölməsinə daxil olaraq iki anketlə tanışlıq imkanı yaradılıb.

Üzv təşkilatlar anketlərdən birinə qurultayda iştirak edəcək nümayəndələrinin adlarını yazıblar. Qeyd edək ki, Təşkilat Komitəsinin qərarına əsasən, ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resurları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunacaqlar. Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.

TK üzv təşkilatların qurultayda iştirakının təşviqi üçün bütün müvafiq maarifləndirmə işlərini gerçəkləşdirib. Mövcud xüsusda həm məlumatlar paylaşılıb, həm də fərdi danışıqlar aparılıb. Bununla yanaşı, müəyyənləşdirilib ki, bir sıra üzv təşkilatların MŞ ilə əlaqələri itib, uzun illərdir illik üzvlük haqqı ödəmirlər, bəziləri fəaliyyətlərini dayandırıblar. İclasda belə qurumların, əsaslı səbəb olmadan qurultaya qatılmayanların Mətbuat Şurasından uzaqlaşdırılması qərara alınıb. Eyni zamanda onların ali məclisdə iştirak etməmələrinin yetərsay baxımından qiymətləndirilməməsi məqsədəmüvafiq sayılıb.

Təşkilat Komitəsi onu da müəyyənləşdirib ki, üzv təşkilatlar jurnalistlər və ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 301 şəxsi Şuranın İdarə Heyətinə namizəd kimi göstərərək onların adlarını müvafiq anketə qeyd ediblər. Həmin şəxslərin 152-nin adı anketlərdə bir, 40-nın adı iki, 18-nin adı üç, 6-nın adı dörd, 3-nün adı beş, 5-nin adı altı, 4-nün adı yeddi, 5-nin adı səkkiz, 5-nin adı doqquz dəfə çəkilib. Adları anketlərə 10-20 aralığında yazılmış namizədlərin sayı 18-dir. Namizdələrin verilməsi prosesində anketlərə bir şəxsin adı ən çox 112 dəfə daxil edilib. Eyni təşkilatın namizəd anketinə iki və daha artıq şəxsin adını təkrarən yazması hallarına da rast gəlinib ki, bu zaman yalnız bir səs əsas götürülüb.

Təşkilat Komitəsi Mətbuat Şurasının Nizamnamə tələbini rəhbər tutaraq yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Həmin şəxslərin adları TK-nın növbəti məlumat yayımında açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı saat 10:00-da Beynəlxalq Muğam Mərkəzində öz işinə başlayacaq.

20.09.2022 18:18:00
Oxuma sayı: 210